Xətai rayonunda bir sıra ticarət obyektləri elektrik enerjisi təchizatından məhrum edilib.
Bu barədə musavat.com-a general Mehmandarov küçəsi boyunca yerləşən obyekt sahibləri məlumat verib. Lampa və şam işığında alıcılara xidmət göstərməyə vadar olan ticarətçilər deyir ki, 2 noyabrda ərazidə reyd keçirən “Bakıelektrikşəbəkə”ASC -nin əməkdaşları onlara elektrik enerjisi ilə təchizatın normalara uyğun həyata keçirilmədiyini deyərək şəbəkəni ayırıblar.
“Deyirlər ki, elektrik xətləri kabellə yerin altı ilə çəkilməli idi. Ancaq bizə hər hansı xəbərdarlıq edilməyib. Soyuducularda tez xarab olan ərzaqlar qalıb. Belə getsə, xeyli ziyana düşəcəyik. Onsuz da alver xeyli zəifləmişdi, indi də bu problemlə üz-üzə qalmışıq. Heç olmasa 10 gün vaxt verəydilər, biz də başımıza çarə qılardıq”.
Ticarətçilərin dediyinə görə, hətta bəzi dükan və market sahibləri yerüstü xətləri yeraltı kabellərlə əvəzləsə də, xəttin qoşulması və istismara verilməsinə izn ala bilmirlər.
Məsələ ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin mövqeyini öyrəndikdə bildirdi ki, əslində ticarətçilərə xəbərdarlıq yay aylarından edilib: “Paytaxtda yenidənqurma işləri aparılır. Bu mənada hər kəs öz obyektindəki elektrik xətlərini yeniləməlidir. Ən azından dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün. Digər tərəfdən həmin ərazidə hava xətləri pis gündə idi. Onları yerin altına salıblar. Noyabrın 2-nə catdırmayıblar, yəqin ki, sabah (3 notabr-E.) yekunlaşacaq”.
Standartlara uyğun şəkildə elektrik xətti çəkən sahibkarların isə son mərhələdə problemlə üzləşməsinə gəldikdə, T.Mustafayev dedi ki, yəqin onların texniki şərtləri yoxdur: “Bu mənada araşdırmaq lazımdır. Problemlə əlaqədar məsləhət görürük ki, obyekt sahibləri Kazımzadə küçəsi 20 ünvanındakı texniki şərt şöbəsinə gəlsinlər”.
