|
Dollar 1,50 manata qədər bahalaşa bilər
Milli valyuta olan manatın yenidən ucuzlaşacağı ehtimalları güclənir. Əksər ekspertlər ilin sonuna qədər növbəti devalvasiyanın olacağını bildirirlər. Bildirilir ki, yaxın aylarda dolların bahalaşması digər valyutaları, o cümlədən manatı təzyiq altında saxlayacaq. Ekspertlərin fikrincə, hökumət hazırda devalvasiyaya getməyin yollarını axtarır.
 Ekspert Samir Əliyev açıqlamasında bildirib ki, hökumət ehtiyatları qorumaq məcburiyyətində qalaraq manata dəstəyi azaldacaq: “ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlarla eyni vaxtda Avropa Mərkəzi Bankının avro çapını artıq niyyəti dollara bahalaşdırıcı, avroya isə ucuzlaşdırıcı təsir göstərdi. FED-in dekabr görüşündə uçot dərəcəsini qaldırması ehtimalı artıb. Əgər bu, baş verərsə, təbii ki, dollar bahalaşmağa başlayacaq. Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını, ayda 60 milyard avro miqdarında pul çapını artırmaq niyyəti də dolların möhkəmlənməsini stimullaşdırır. Deməli, yaxın aylarda dolların bahalaşması digər valyutaları, o cümlədən manatı təzyiq altında saxlayacaq. Dolların dünya bazarlarında möhkəmlənməsi Azərbaycanın maliyyə bazarına da təsirsiz ötüşməyib. Təkcə ötən həftə Mərkəzi Bankın dollar satışı 300 milyon dollardan çox olub. Bu, Mərkəzi Bankın sürətlə azalan valyuta ehtiyatları üçün arzuolunan deyil. Hazırda Mərkəzi Bankın ehtiyatlarının həcmi 6,8 milyard dollardır. Ötən ay, yəni oktyabrda azalma 180 milyon dollar olub. Son bir ildə isə 2 dəfədən çox itki olub. Yəqin ki, hökumət müəyyən həddə qədər ehtiyatların ”əriməsinə" imkan verəcək. Düşünürəm ki, bu hədd uzağı 5-6 milyard dollar civarında olacaq. Ondan sonra manatı saxlamağa maraq göstərməyəcək. Təsəvvür edin ki, bir il ərzində, 2014-cü ilin sentyabrından 2015-ci ilin sentyabrına qədər olan müddətdə ölkənin strateji valyuta ehtiyatları 20 faiz azalıb. Bu müddətdə ehtiyatlar 10,6 milyard dollar “əriyərək” 52,3 milyarddan 41,7 milyarda düşüb". 
 
 
Ekspertin sözlərinə görə, əgər neftin qiyməti indiki səviyyədə qalarsa, bazarın liberallaşdırılması və islahatların aparılması sahəsində hökumət zəruri addımlar atmazsa, strateji valyuta ehtiyatımız ən yaxşı halda 4 il bəs edər: “Ona görə də hökumət ehtiyatları qorumaq məcburiyyətində qalaraq manata dəstəyi azaldacaq. Bunu devalvasiya da adlandıra bilərik. Hökumət hazırda devalvasiyaya getməyin yollarını axtarır. Bu, yumşaq da ola bilər, fevral ayında olduğu kimi, kəskin də. Təsadüfi deyil ki, hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Fikrimcə, Azərbaycanda yaxın dövrlərdə bu, mümkünsüzdür və hətta deyərdim ki, məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. İqtisadiyyatı diversifikasiya olunmayan ölkələrdə üzən məzənnəyə keçid əlverişli deyil və bazar məzənnə oynamasından qısa müddətdə çökə bilər. İxracımızın 90 faizdən çoxunun neft-qaz olması alternativ mənbələrdən ölkəyə dollar daxil olması imkanlarını məhdudlaşdırır. Uzaqbaşı idarəolunan üzən məzənnə siyasətindən danışmaq olar. Onun özü də çətinliklər yarada bilər və indiki fiksə edilmiş məzənnə siyasətindən ciddi fərqlənmir. Tədiyyə balansının 6 aylıq vəziyyəti optimist xəbər vermir. Bir il ərzində cari əməliyyatlar balansı 100 dəfə azalaraq 6,4 milyard dollardan 63 milyona düşüb. Buna səbəb əsasən ixracın azalması, idxalın isə artması olub. Tədiyyə balansı həm də onu göstərir ki, ölkədən kapital axını kəskin artıb. 6 ayda depozit və nağd pul şəklində vəsaitin çıxarılması 4,5 milyard dollardan çox olub. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 2,6 milyard dollar olub. İdxalın artması onun bir hissəsinin rəsmiləşdirilməsi ilə bağlıdır. Ancaq nəzərə alaq ki, idxal tam rəsmləşdirilmir. Deməli, kapital axını rəsmi göstəriləndən daha çoxdur. Elə bunun nəticəsidir ki, Mərkəzi Bankın ehtiyatları hətta panika olmadan belə əriməkdə davam edir. Avqust ayı istisnadır. Neft Fondunun bazarda dollar satışı kifayət qədər dəstək olsa da, tələbatı tam ödəməyə kifayət etmir. Ona görə də, fikrimcə, artıq devalvasiyanın olacağı sual doğurmur. Onun forması və vaxtı müzakirə mövzusudur. Devalvasiya arzuolunan yol deyil. Ancaq yaradılan iqtisadi vəziyyət bunu diktə edir. Əvvəlki fikrimdə qalaraq qeyd etmək istəyirəm ki, devalvasiyanın baş verməsi zaman məsələsidir və bunun qarşısını ancaq neftin bahalaşması ala bilər. Hər bir halda, bahalı manat dövrü bitdi və bundan sonra ancaq ucuzlaşmasını müşahidə edəcəyik”.
 
 
 
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, bu ilin dekabrında 1 dollar 1,40-1,50 manata kimi bahalaşacaq. AzNews.az-a açıqlamasında ekspert qeyd edib ki, dolların dünya bazarlarında bahalaşmasının əsas səbəbi Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılma ehtimalından irəli gəlir:“Əvvəlki dövrlərdə, xüsusilə sentyabr toplantısından sonra dünya bazarlarında, o cümlədən maliyyə mərkəzlərində belə bir fikir formalaşdı ki, Federal Ehtiyat Fondu böyük ehtimalla 2015-ci ildə uçot dərəcəsini artırmayacaq. Bunun qarşılığında dolların sürətli ucuzlaşması müşahidə edildi. Bu proses oktyabr ayına kimi davam etdi. Noyabrın əvvəlində isə ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalar göstərdi ki, bir çox sahələrdə artımlar müşahidə olunub. Federal Ehtiyat Fondunun açıqlamasından da məlum oldu ki, əgər proseslər bu istiqamətdə davam edərsə, dekabr toplantısında böyük ehtimalla uçot dərəcələrinin artırılması ilə bağlı qərar verilə bilər”.
Ekspertin sözlərinə görə, Federal Ehtiyat Fondu artıq 2014-cü ilin sonundan açıqlama verib ki, 2015-ci ilə uçot dərəcəsini artıracaq: “Enerji bazarında və dünya iqtisadiyyatında baş verənlərin fonunda Ehtiyat Fondu bu qərarı qəbul etməkdə çətinlik çəkirdi. Bundan 10 ay keçməsinə baxmayaraq, hələ bu qərar qəbul edilməyib. Federal Ehtiyat Fondu öz siyası nüfuzunu qorumaq üçün mütləqdir ki, uçot dərəcələrinin artılması haqqında qərar versin. Ümumiyyətlə, bu kimi təhlillərin fonunda hazırkı investorlar gözləyir ki, dekabrda uçot dərəcələrinin artırılması haqda qərar veriləcək və dollar sürətlə bahalaşacaq. Bunun nəticəsində bu gün dollara olan tələbat sürətlə artıb”.

R.Həsənov hesab edir ki, bütün bunlar təbii ki, Azərbaycana da öz təsirini göstərir: “Dekabrın 18-nə kimi dolların qalxması daha böyük sürətlə davam edəcək. Ondan sonra Federal Ehtiyat Fondunun qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın. Fond uçot dərəcəsini artıracaqsa bir çox maliyyə qurumları, o cümlədən dolların bahalaşması davam edə bilər. Bu, Azərbaycan üçün təhlükə formalaşdıracaq”. Ekspertin fikrincə, neftin qiymətində də bahalaşma müşahidə edilməzsə, o zaman böyük ehtimalla Mərkəzi Bank 2016-cı ilin əvvəlində sərt qərarlar qəbul etməyə, yaxud da 2015-ci ilin fevral ayında baş verən devalvasiyaya bənzər bir prosesin olacağı ilə bağlı qərar verə bilər: “Manatın məzənnə siyasəti tətbiq olunarsa, bu zaman ilkin dövrlərdə 1 dollar 1,40-1.50-yə kimi bahalaşacaq. Sonrakı dövrlərdə isə 1,35 arasında stabilləşə bilər”.
Cia.az