Parisdə baş verən məlum terror aktı dünyanın gündəmini zəbt edib. Dünya mediası terror aktı sonrası baş verənləri anbaan izləyir və gəlişmələri oxucularla paylaşır. Musavat.com isə Fransada yaşayan həmvətənlərimizdən bu olayla bağlı sorğu keçirib. Hisləri, yaşadıqları və baş vermiş olayın onların Fransadakı həyatlarına təsirini soruşub.
Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev musavat.com-a açıqlamasında bildirdi ki, Parisin mərkəzində yaşayır və indi hər şey normaldır: “Hüquq-mühafizə orqanları hadisə yerinə nəzarət edir. Parisdə normal həyat davam edir, Qaldı mənə, öz işimlə məşğulam, 2 illik vəkillik kursunda dərsdəyəm, dil kurslarına hazırlaşıram. Doktorluq işimi hazırlayıram, gələn ili doktorluq işimi müdafiəyə çıxaracağam. Avropanınsəsi.com internet onlayn qəzetimizi yaratmışıq, müntəzəm olaraq Azərbaycan və Avropada baş verən hadisələr haqqında yazılarla çıxış edirik”.
Jurnalist Aqil Xəlil də baş vermiş terror aktının faciəvi miqyasda olduğunu dedi. Müsahibimiz səhhətlərində və həyatlarında hər hansı itki olmadığını bildirdi.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid terror aktının onların yaşadığı yerdən xeyli uzaqda baş verdiyini dedi: “Bu, olay deyil, vəhşilikdir. O ki qaldı bu hadisədən sonra Fransada yaşamağın bizim üçün təhlükəli olub-olmamasına, təhlükəli görünmür. Terror Fransa və Avropaya dəxli olmayan yerlərdə daha iri miqyaslıdır. Burda epizodlar, oralarda isə prosesdir. Hislər coğrafiya ilə müəyyən olunmur ki... Bu, terrorun yaratdığı hissdir və insanın harada yerləşməyindən asılı olmayaraq eynidir”.
Amma bu olayda diqqəti çəkən başqa nüanslar da var. Belə ki, məlum teraktdan sonra Avropadakı müsəlmanlara münasibət pisləşib. Mühacir çadırlarının yandırılması, məscidlərə hücumlar bu örnəklərdən sadəcə bir neçəsidir. Maraqlıdır, bu olaydan sonra Avropa müsəlmanlara cəhənnəm ola bilərmi?

İsveçrədə yaşayan mühacir Elbəyi Həsənli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, zorakılığın bütün növlərini, xüsusən də terroru şiddətlə qınayır: “Parisdə yüzdən çox insanın qətli ilə nəticələnmiş son terror aksiyası öz miqyasına görə Avropada indiyə qədər baş verən terror olaylarını arxada qoydu. Fransa sarsıldı. Və hazırda bu ölkədə İslama və müsəlmanlarsa qarşı yönəlmiş aqressiv hərəkətlər həmin sarsıntının nümayişidir. Təbii ki, bu, yolverilməzdir. Zorakılığa zorakılıqla cavab vermək olmaz. Zatən İŞİD-in əsas məqsədi sivilizasiyalar arasında Çin səddi çəkməkdən ibarətdir. Əminəm ki, qoca Avropa bu təxribata uymayacaq. Tezliklə hər şey əvvəlki axarına dönəcək”.
E.Həsənli bildirdi ki, Parisdə törədilən vəhşilik bir daha dünyanın hər yerində terrorçuların öz çirkin əməllərini həyata keçirə biləcəyini sübut etdi: “Ona görə də terrora qarşı mübarizə, daha doğrusu, müharibə Qərbin və İslam dünyasının müştərək hədəfi olmalıdır. Xüsusən müsəlmanlar terrora qarşı mövqe ortaya qoymalıdır. Ümid edirəm ki, terrorla bağlı məsuliyyətdən doğan ciddi qərarlar qəbul olunacaq”.

Belçikada yaşayan mühacir satirik Mirzə Sakit isə hesab edir ki, bu, ərəblərin Avropada özlərini xozeyn kimi aparmasına bir cavabdır. Müsahibimizin fikrincə, ərəblər gerçəkdən də Avropada çox eybəcərliklər törədirlər: “Mən də elə düşünürəm ki, bu terrorun bir versiyası müsəlmanlara təzyiqlər göstərilməsi üçün törədilib”. (Musavat)
Cia.az
