Gürcüstanda yaşayan soydaşlarımızın çəkdikləri fotolar müsabiqədə qalib olub.
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyi Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkədə “Ən yaxşı foto” fotomüsabiqəsi keçirib. Müsabiqənin şərtlərinə əsasən tolerantlığı ən yaxşı tərənnüm edən fotolar seçilərək tolerantlıq həftəsi çərçivəsində təşkil olunan sərgidə nümayiş olunub. Gürcüstanda yaşayan iki soydaşımızın – Ceyhun Narzalov və Dursun Alagözovun təqdim etdikləri fotoşəkillər müsabiqədə qalib gələn ilk onluğa düşüb. C.Narzalovun çəkdiyi fotoşəkil böyük marağa səbəb olub. Fotoşəkildə müsəlman qızların Marimoba bayramı münasibətilə xristian qadına çiçək təqdim etmələri daha çox diqqət çəkib və soydaşımız bu fotosu ilə qaliblər sırasında yer alıb.
Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi C.Narzalovun fotoları bundan əvvəl də bir neçə müsabiqədə qalib gəlib.
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili qalibləri təbrik edib.
Cia.az
