|
Dünya liderləri Antalyaya toplaşdı –
Noyabrın 15-də Türkiyənin kurort bölgəsi Antalyada (Bələk) “Böyük iyirmiliy”ə (G 20) daxil olan dövlətlərin sayca 10-cu sammiti öz işinə başlayıb. Dünyanın iqtisadi cəhətdən inkişaf eləmiş 19 ölkəsini və Avropa Birliyini birləşdirən G20 formatında zirvə toplantısına qardaş ölkə ilk dəfədir ki, ev sahibliyi edir.
11 dövlət başçısı, 11 baş nazir və Avropa Birliyinin 2 liderinin iştirak elədiyi zirvəyə 500-ə yaxın iş adamı da daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılıb. Fransa prezidenti şənbə günü Parisdə törədilən terror aktları, Argentina prezidenti isə seçkilər səbəbindən Türkiyəyə gəlməyib. 
 
Toplantını 3 500 KİV nümayəndəsi izləyir. Sammitlə əlaqədar misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Bələk bölgəsi “təhlükəsiz ərazi” elan edilib. Liderlərin təhlükəsizliyini 11 mini polis olmaqla, 12 min nəfərlik heyət və jandarma qüvvələri qoruyur. Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub. Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 milyon dollardan çox vəsait sərf edilib.   
***
G20-yə Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya, Yaponiya və Avropa Birliyi daxildir. Dünya sənayesinin 85, ümumi milli məhsulun 90, dünya ticarətinin 80, dünya əhalisinin isə 65 faizi G2O ölkələrinin payına düşür. BMT baş katibi Pan Gi Munun, Dünya Bankı, ÜTT, BVF kimi digər beynəlxalq təşkilatların nümayəndələrinin də qatıldığı zirvə çərçivəsində 7 böyük toplantı keçiriləcək. Dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələrinin, aparıcı maliyyə qurumlarının rəhbərləri bir araya gələrək qlobal proseslərin və problemlərin müzakirəsinə başlayıblar.
 
 
Əsas diqqət iqtisadiyyatın mövcud durumu, beynəlxalq maliyyə sistemi, böhran tendensiyası və onun qarşısının alınması, enerji təhlükəsizliyi, işsizlik kimi sosial-iqtisadi mövzulara yönələcək. Eyni zamanda dünya liderləri digər qlobal problemlərin - qanlı münaqişə ocaqları, xüsusən Yaxın Şərqdə yaranmış vəziyyət, miqrasiya problemi, beynəlxalq terror (İŞİD) təhlükəsi və onunla mübarizə yollarını müzakirə edəcəklər. 
 
Toplantıda 5 çərçivə sazişinin də imzalanması gözlənilir. Ali toplantının sonunda “Antalya bəyannaməsi” qəbul ediləcək. Onu da qeyd edək ki, Parisdəki terror hücumları ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.
 
 
***
Türkiyə tədbirə ev sahibliyi eləməklə yanaşı, yaxın bir ildə G20-yə koordinatorluq edəcək. Qaydaya görə, sammitə təşkilatçılıq edən ölkə dost bildiyi istənilən 4 ölkəni ali toplantıya xüsusi qonaq statusunda dəvət edə bilər. Türkiyə prezidenti bu xüsusda azərbaycanlı həmkarı İlham Əliyevi və Sinqapur prezidentini Antalyaya dəvət edib. Üstəlik, sammitdən qabaq o da bəlli olub ki, qardaş ölkə Azərbaycanın iştirakına xüsusi önəm verir.  
 
“Azərbaycanın G20 sammitində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir”. Bunu Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib. Mənbə bildirib ki, Azərbaycan G20-yə böyük töhfə verə bilər: “Azərbaycan hazırda regionun ən inkişaf etmiş ölkələrindən biridir”.
 
Məlumata əsasən, Ankara G20-də sədrliyi dövründə iştirakçı ölkələrin diqqətini bu təşkilata daxil olmayan dövlətlərə cəlb etmək niyyətindədir: “Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı da müzakirə ediləcək” - qaynaq qeyd edib.
 
Təbii ki, Azərbaycanın qonaq statusunda inkişafı ona öz əsas problemlərini bu mötəbər təşkilat çərçivəsində bir daha diqqət mərkəzinə gətirmək üçün unikal fürsət yaradır. Dünya siyasətini müəyyən edən liderlərlə iki və çoxtərəfli görüşlər belə imkanları açır. Müşahidəçilərə görə də xüsusilə də indiki həssas dönəmdə, Azərbaycanın Qərblə münasibətlərində konfrontasiyanın davam etdiyi dövrdə Bakının G 20 zirvəsində iştirakı mühüm önəm kəsb edir. 
 
 
Bu xüsusda prezident İlham Əliyevin Antalyaya nə ilə getdiyi də az önəm daşımır. Səfər ərəfəsi Qərbdə adı siyasi məhbuslar siyahısının ön sırasında hallanan Arif Yunusun azad edilməsi Azərbaycanla bağlı gözləntilərə pozitiv rəng qata bilər. Üstəlik, Rusiya ilə Qərbin gərgin münasibətləri fonunda Azərbaycan prezidentinin tədbirdə iştirakının nələr vəd etdiyi də maraqlı suallardan sayılır. 
 
Sammitin işində ekspert kimi iştirak dəvəti alan iqtisadçı Vüqar Bayramova görə isə, hazırkı məqamda regional məsələlərin müzakirəsində Azərbaycanın mövqeyinin öyrənilməsi və təqdim edilməsi çox vacibdir. “Prezident İlham Əliyev Azərbaycanın mövcud potensialı, rəqabət qabiliyyətliliyi ilə yanaşı, Qarabağ problemi ilə bağlı mühüm həqiqətləri dünya gündəminə daşımaq imkanı əldə edəcək. Bu baxımından sammitin Azərbaycan üçün əhəmiyyətini xüsusilə qeyd etmək olar” - deyib o.
***
Türkiyəyə ezam edilmiş əməkdaşımızın verdiyi məlumata görə, Türkiyə prezidenti Ərdoğan ölkə liderlərini bir-bir qəbul edib və salamlayıb. Sammitin açılış günü onun və xanımı Əminə Ərdoğanın adından dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib. İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər. 
 
Bir qədər sonra Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb. Görüş bir saat çəkib və ona gözləniləndən də artıq rəsmilər qatılıb. CNN Türkün xəbərinə görə, G20 zirvəsində bu cür görüşlərdə xarici işlər naziri kimi bir və ya iki rəsmi şəxs iştirak edir. Obama-Ərdoğan görüşünə isə Milli İstihbarat Təşkilatının məsləhətçisi və bəzi millət vəkilləri də daxil olmaqla, böyük bir heyət qatılıb. Türkiyə ilə ABŞ arasında belə geniş tərkibdə görüş üç il əvvəl Ağ Evdə baş tutub.
 
“G20 zirvəsində beynəlxalq terrorizmə qarşı mövqeyimizi çox kəskin və dəqiq ifadə edəcəyimizə inanıram”. Bunu görüşündən sonra mətbuata birgə bəyanatla çıxış edən Ərdoğan deyib. O, Obama ilə Suriya məsələsini müzakirə etdiklərini söyləyib: “Suriyada İŞİD-lə mübarizə ilə bağlı müzakirələrimiz oldu. Koalisiya güclərinin bundan sonra atacağı addımları da dəyərləndirdik. Strateji tərəfdaş olaraq bundan sonra da dünyada sülhün bərqərar olması üçün əməkdaşlığımızı davam etdirməyə qərarlıyıq”.
 
Ərdoğanın sözlərinə görə, Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir: “Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik”. Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilir.
 
Obama isə bildirib ki, Ankaradakı terror hadisəsində olduğu kimi, Fransadakı terror da günahsız insanları hədəf alıb: “Bu, bütün insanlığa qarşı hücumdur”. Onun sözlərinə görə, Türkiyə həm İraq, həm də Suriyada İŞİD-lə mübarizədə əhəmiyyətli tərəfdaş olub: “Hazırda da Suriyadakı fəlakətli mənzərəni aradan qaldırmaq üçün əməkdaşlığa davam edir”. Amerika lideri əlavə edib ki, Ərdoğanla Türkiyə Suriya sərhədində İŞİD təhlükəsi ilə necə mübarizə aparılacağını da müzakirə ediblər. O, Türkiyənin 2 milyon qaçqına sahib çıxdığını da diqqətə çatdırıb: “ABŞ da suriyalılara insani yardım göndərməyə öncüllük edən ölkələrdən biridir. Digər ölkələrin də bu yöndə nələr edə biləcəyini danışdıq”.
 
***
 
“Bütün dünyanın səylərini birləşdirməklə terror təhlükəsinin öhdəsindən gəlmək və qaçqınlara kömək etmək olar”. Bunu isə Antalyada BRİKS ölkələri liderlərinin qeyri-formal görüşündə Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Əlbəttə ki, bu, BMT-nin nizamnaməsi ilə uyğun olmalıdır. Biz beynəlxalq normalara söykənərək, suveren hüquqlara və hər bir dövlətin qanuni maraqlarına hörmət edərək, bu mübarizəni aparmalıyıq”, - deyə o əlavə edib. Putin sammit çərçivəsində Barak Obama ilə ayaqüstü görüşüb. İki lider rəsmi şəkilçəkdirmə mərasimindən əvvəl bir neçə kəlmə kəsiblər.

Konfrans zalında çıxış edən BMT-nin Baş katibi Pan Gi Munun çıxışı da əsasən Suriya ətrafındakı vəziyyət, dünyanın qaynar nöqtələrindəki durum, terror hadisələri və s.-lə bağlı olub. O, Fransadakı terror hadisələrini pisləyib. Lakin əfsus ki, “dünyanın qaynar nöqtələri”ndən biri kimi Dağlıq Qarabağ və erməni işğalından söz açmayıb.  
Daha sonra liderlərin zirvə toplantısı öz işinə başlayıb.  
 
Bu gün Ərdoğan sammitin yekununa həsr edilən mətbuat konfransı keçirəcək. Nahardan sonra sammitin bəyannaməsi açıqlanacaq.
Cia.az