Azərbaycanın siyasi gündəmi son günlər qalmaqallı işdən çıxarılma hekayələri ilə zəngindir. Az qala 10 gündən bir hansısa nazir işdən çıxarılır, nazirliyin böyük fiqurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olur.
Azərbaycanda nəyə görəsə böyük vəzifələrdən istefa mədəniyyəti formalaşmayıb. Amma “Yeni Müsavat” son illərdə dünya miqyasındakı səs-küylü istefa hekayələrinin özətini hazırlayıb. Məlum olub ki, nazir, nazir müavini... səviyyəsində insanlar üçün istefa olduqca adi bir addımdır. Onlar adlarının hansısa qalmaqalda hallandırılmasına etiraz əlaməti olaraq da belə bir qərar verə bilərlər.
Rüşvətxor nazirlər necə istefa verirlər...
Bir neçə il bundan əvvəl Cənubi Koreyanın baş naziri Lee Wan-Koonun istefa ərizəsi qəbul edilib. İqtidarda olan Saenuri Partiyasından verilən məlumata görə, ölkəyə qayıdan dövlət başçısı Park Geun-hye istefa ərizəsini nəzərdən keçirib. Ərizəni qəbul edən dövlət başçısı hakimiyyətdə olduğu iki il müddətində 3-cü baş nazir olacaq şəxsi axtarıb. Lee Wan-koo dövlət layihələrini həyata keçirən Keangnam Enterprises şirkətinin rəhbəri Sung Wan-jongdan 30 milyon von (27 min dollar) dəyərində rüşvət aldığı iddia edilirdi. Şirkət rəhbəri ötən həftə intihar etmiş, evində axtarış zamanı baş nazirin rüşvət aldığı sənəd ortaya çıxmışdı.
2012-ci ildə müdafiə naziri Anatoli Serdyukov istefa verib. Həmin ərəfədə Rusiya Müdafiə Nazirliyi filmləri kölgədə qoyan qalmaqalla çalxalanırdı. Məsələ ondadır ki, 2000-ci ildə Rusiyada vergi idarəsində sadə işçi olan Anatoli Serdyukovun taleyi iş yerində dünyanın ən böyük şirkətlərindən biri olan “Qazprom”un rəhbəri Viktor Zubkovun yeganə qızı Yulia ilə tanış olandan sonra dəyişib. Anatoli Serdyukov Yulia ilə evləndikdən qısa müddət sonra vergi idarəsinin rəhbəri postuna keçib. Milyarder Mixail Xodorkovskini həbsə atdırmaq üçün məhkəməyə çox önəmli dəlillər təqdim edən Anatoli Serdyukov bununla ölkə rəhbərliyinin rəğbətini qazanır və 2007-ci ildə müdafiə naziri postuna gətirilir. O, prezident Vladimir Putinin ən sadiq adamlarından biri kimi tanınıb. Lakin Vladimir Putinin ordunu modernləşdirməklə bağlı böyük ümid bəslədiyi Anatoli Serdyukov bu vəzifəyə yüksələndən sonra həyatının dəyişməsində çox böyük rol oynamış Yulia ilə evliliyinə son qoyub və Müdafiə Nazirliyində çalışan, nazirlikdə ərazilərin satışına məsuliyyət daşıyan 32 yaşlı Yelena Vasilyeva ilə eşq yaşamağa başlayıb.
Rusiya polisi Vasilyevanın 12 otaqlı lüks villasında axtarış aparıb. Bu axtarış zamanı Anatoli Serdyukov da evdə yaxalanıb. Müdafiə Nazirliyindəki işindən keçən il ayrılan Yelena Vasilevanın villasında 3 milyon rus rublu və 5 çantada saxlanan milyonlarla dəyəri olan 1500 qiymətli daş-qaş tapılıb. Rusiya mətbuatı Anatoli Serdyukovun başı üzərində qara buludların dolaşmasını keçmiş qayınatası Viktor Zubkovla əlaqələndirir. Rusiya KİV-lərindən biri yazıb ki, “müdafiə naziri olsan belə, gərək heç vaxt Viktor Zubkov kimi qayınata ilə mübarizə aparmayasan...”
Məsuliyyət hiss etdiyi üçün istefa verən nazir
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze də istefa ərizəsi yazanlar arasında olub. O, Zurab Vazaqaşvilinin ölümündə əli olan məmurları himayə etməkdə təqsirləndirildyinə görə belə qərar qəbul edib. A.Çikaidze bəyanatında deyir: “2006-cı ildə Zurab Vazaqaşvilini öldürməkdə əli olan polisləri himayə etməyim və sonradan onların guya istintaqa mane olmaları barədə bəyanatlar həqiqətəuyğun deyil. Lakin mən oğlu Zurabın məzarında partlayış nəticəsində Yuri Vazaqaşvilinin ölümünə görə müəyyən məsuliyyət hiss edirəm və istefa verirəm”.
2015-ci ilin avqustunda Yunanıstanın baş naziri Aleksis Çipras istefa verib. Çipras bunu ölkədə keçiriləcək erkən seçki yolunu açmaq üçün etdiyini bildirib. Qeyd edək ki, Yunanıstanda SYRIZA-ANEL hökumətinin kreditorlara təklif etdiyi yeni müqavilə Çipras hakimiyyətinin sarsılmasına səbəb olmuşdu. Bundan sonra ölkədə erkən seçki ehtimalı artmışdı. Baş nazir Aleksis Çipras axşam saatlarında bir açıqlama etdi və istefa etdiyini bildirib.
Bu ayın 12-də Polşa hökuməti başda baş nazir Yeva Kopaç olmaqla istefa verib. Müvafiq qərar “Vətəndaş platforması” partiyasının 25 oktyabr parlament seçkilərində uduzmasından sonra qəbul edilib. Polşa prezidenti Ancey Duda prezident sarayında baş nazir Yeva Kopaçı ilə görüşüb. Görüş zamanı Duda hökumətin rəsmi istefasını qəbul edib.
Kanslerin dostu olsa da istefa verib...
2013-cü ilin 10 fevralında Qalmaqallı dissertasiya plagiatlığında ittiham olunan Almaniyanın təhsil naziri, kansler Angela Merkelin yaxın silahdaşı sayılan Anetta Şavan tutduğu vəzifədən istefa verib. Bu barədə “Euronews” kanalı məlumat yayıb. İstefa verməsi haqda məlumatı Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında elə nazirin özü verib. Nazir hökümətlə yollarını ayırsa belə, plagiat ittihamını rədd edib və 5 gün əvvəl onu elmi dərəcədən məhrum etmiş Düseldorf Universitetini məhkəməyə verməyi planlaşdırdığını diqqətə çatdırıb. İstefasını isə hökumətin nüfuzuna zərbə vurmamaq məqsədilə əsaslandırıb.
Xatırladaq ki, Düseldorf Universitetinin səlahiyyətli nümayəndələri, Anetta Şavanın 30 il əvvəl “Şəxsiyyət və vicdan” adlı dissertasiyanı yazarkən başqa elmi işlərdən müəyyən hissələri sistematik olaraq və məqsədli şəkildə köçürdüyünü iddia edir. Maraqlıdır ki, qalmaqal Almaniyada parlament seçkilərinə 8 ay qaldığı bir vaxtda meydana çıxıb. Şavan siyasi baxımdan alman hökumətində o qədər də vacib vəzifə tutmasa da, Angela Merkelin ən sadiq silahdaşlarından sayılıb.
“Naziriniz olmaqla fəxr edirəm, amma...”
2015-ci ilin iyulunda Yunanıstanın energetika naziri istefa verdi. O, islahatlar haqqında qanun layihəsinin əleyhinə səs vermişdi. Yunanıstanın energetika naziri Panayotis Lafazanis hökumətdə yerdəyişmə nəticəsində öz postunu tərk edib. Lafazanis hakim partiyada sollar platformasına başçılıq edir və partiyanın daha 30 deputatı ilə birgə çərşənbə günü Yunanıstanın beynəlxalq kreditorlarla danışıqlara yol açan islahatlar haqqında qanun layihəsinin əleyhinə səs verib.
Bu ilin oktyabrında Kanadanın baş naziri Stiven Harper vəzifəsini tərk edib. Harper oktyabrın 19-da keçirilən parlament seçkilərində rəhbəri olduğu Mühafizəkarlar Partiyasının Liberal Partiyasına məğlub olmasından sonra bu addımı atıb. “Son 9 ildə sizin baş naziriniz olmağımla fəxr edirəm. Bu, əla təcrübə idi. Seçkilərin nəticəsi bizi qane etməsə də, xalqın heç zaman yanılmadığını deməliyəm” - Harper deyib.
Liberal Partiyası 2006-cı ildən sonra ilk dəfə parlament seçkilərində qələbə qazanıb. Beləliklə, partiyanın lideri Castin Trüdo Stiven Harperi əvəzləyərək Kanadanın 23-cü baş naziri olacaq.
Bara gedib, sonra isə istefa verib...
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yeiçi Miyazava istefa ilə nəticələnə biləcək növbəti qalmaqalla qarşılaşıb. Y.Miyazavanın özünün etirafına görə, hakim Liberal Demokratik Partiyanın onun rəhbərlik etdiyi yerli şöbəsi səhmlərinin 50 faizdən çoxu əcnəbi vətəndaşa məxsus olan yapon şirkətindən siyasi ianə alıb. Bu, yapon qanunvericiliyinə əsasən qadağandır.
2011-ci ildə Yaponiyanın xarici işlər naziri xarici vətəndaşdan alınmış ianəyə görə parlamentdə aparılmış kəskin debatlardan sonra istefa verməli olmuşdu. Onu bu addımı atmağa həmin vaxt müxalifətdə olan Liberal Demokratik Partiyası məcbur etmişdi.
Nazir jurnalistlərə bildirib ki, onun əməkdaşları ianənin yapon şirkəti tərəfindən ödənildiyini güman ediblər. Lakin yoxlamadan sonra 400 min yen (3,7 min ABŞ dolları) məbləğində ianə bütünlüklə geri qaytarılıb.
Bu, nazirin qarşılaşdığı yeganə qalmaqal deyildi. Ötən həftə məlum olmuşdu ki, onu dəstəkləyən fondlardan birinin əməkdaşları sadomozaxist istiqamətli bara gediş təşkil ediblər. Y.Mizava bildirib ki, bu məsələyə onun heç bir aidiyyəti yoxdur və şəxsən özü heç zaman belə yerlərə getməyib.
Cia.az
