Son zamanlar “Məktəbli məktəblini güllələdi”, “Bakıda transseksualın boğazı kəsildi”, “Oğlan sevdiyi qızı döydü” və ya öldürdü kimi xəbərlər hədindən artıq çoxalıb. Xüsusən də bu cinayət əməllərini törədənlərin və zorakılığa məruz qalanların gənclər və yetkinlik yaşına çatmayan uşaqlar olması diqqət çəkir.
Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində yetkinlik yaşına çatmayanlara qarşı ümumilikdə 470 cinayət törədilib. Onların 244-ü yetkinlik yaşına çatmayan qızlara qarşı, 134-ü 14 yaşa qədər olan şəxslərə qarşı, 336 fakt isə 14-17 yaş arası şəxslərə qarşı törədilib. Bu ilin 9 ayında yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıqlarla bağlı cinayətlərin sayı 133 olub. Ailə münaqişəsi və digər sosial məişət problemləri zəminində yetkinlik yaşına çatmayanlara qarşı 7 cinayət törədilib. Yetkinlik yaşına çatmayanlara qarşı cinayət törətməsi müəyyən edilmiş şəxslərin sayı 437 olub.
Bəs cinayət əməllərinin günü-gündən artmasına səbəb nədir?
Psixoloq Dəyanət Rzayev cinayətlərin başvermə səbəbinin kökünün tərbiyədən başlandığını və bunda məktəblərin günahkar olduğunu dedi: “Cinayət törədən insanların 99,9 faizi sağlam insanlardı. Sadəcə olaraq, onlar psixopatiyaya meyllidirlər. Psixopatiyada bu diaqnozdur. Amma o, anlamlı diaqnoz sayılır. Bu şəxsiyyətin patologiyasıdır. Ümumiyyətlə, cinayət baş verməmişdən əvvəl onun qarşısını almaq, profilaktikası anlayışı var. Bu profilaktika ilə isə valideynlər, uşaq bağçaları, məktəblər məşğul olmalıdır. Əgər bu gün ikinci sinif şagirdinin valideyninə məktəb müdiri kobud şəkildə ”Get burdan" deyib onu dinləmirsə, bu insanın uşaqlarımıza hansı təlim-tərbiyə verməsini gözləmək olar?! Biz o dəqiqə psixoloqla əlaqələndiririk bu vəziyyəti. Psixoloq neyləsin? Ümumiyyətlə, Azərbaycanda normal psixoloq yoxdur.
Biz 10 ildən sonra tamamilə cinayətkar olacağıq. Yolda getmək belə təhlükəli olacaq. Əgər bu gün məmur övladı gedib kiminsə balasını bıçaqlayıb cəzasız qalırsa, bu cəmiyyətdən nə gözləmək olar? Bu gün polis insana pul mənbəyi kimi baxırsa, bu təbii ki, belə olmalıdır. Polis hadisənin qarşısını almaq əvəzinə, hadisənin baş verməsini gözləyir ki, gedib 5-10 manat alsın. Mən yalnızca polisləri hədəf almıram. Bu sözlər digər peşə sahiblərinə də aiddir. Məsələn, müəllimlər də şagirdə pul mənbəyi kimi baxırlar.
Məktəblərdəki vəziyyəti görəndə insan öz övladını onlara necə əmanət etsin deyə düşünür. Hər şey bağçadan, məktəbdən, tərbiyədən başlayır. Heç kim qatil, cinayətkar olaraq doğulmur. Bu gün məhkəmələr də bərbad vəziyyətdədir. Hər şey rüşvətin, korrupsiyanın üzərində qurulub. Məsələn, bina yandı, müharibə veteranı özünü yandırdı, kim cəzalandırıldı? Heç kim. Hər şeyi batırırlar. Sabah mənim uşağıma hansısa məmur balası nəsə etsə, mən ona heç nə edə bilmərəm. Haqqın yerini tapması üçün yalnız bir əlacım qala bilər ki, gedim özümü öldürüm. Bu gün insanlar insanlıq simasından çıxıblar. İnsanlar daxilində qorxu ilə yaşayırlar".
Cia.az
