|
Biznesə qurşanan, xaricə üz tutan məmurlar...
Məmur-oliqarxların, yüksək vəzifəli şəxslərin övladlarının xarici ölkələrdə təhsil almaları, ticarət qurmaları, eyni zamanda əyləncələrinə külli miqdarda pul sərf etdikləri xəbərlərinə rast gəlirik. Hətta bir sıra məmurların ailələri xaricdə yaşayır. Belə təsəvvür yaranır ki, onların bir ayağı qaçaraqdadır, özlərini sığortalamağa çalışırlar. 

Bunun səbəbi nədir? Niyə məmurlar belə təlaşlıdırlar?
 
Deputat Zahid Oruc statistika olmadığı üçün bütün məmurların bu cür damğalanmasının yanlış olduğunu dedi: “Burada ümumiləşdirmə aparmaq olmaz. Mən hesab etmirəm ki, ölkədə mövcud olan on minlərlə məmurun hər biri öz ailə üzvlərinin xaricdə yaşamasını təmin edir, orada iş qurur, xüsusi bir mülkiyyət, əmlak alır və sairə. Əslində bu məsələ dünya çapında gerçəkləşən bir praktikadır ki, əksər ölkələrdə böyük imkanlara sahib olan şəxslər dünyanın digər ərazilərinə də maraq göstərirlər. Orada fəaliyyət sahəsinə uyğun dayaq nöqtələri tapırlar, iş qurur, böyük ticari dövriyyə həyata keçirirlər. Elə olmasaydı Azərbaycanın özündə ”McDonalds"dan tutmuş “Coca cola”ya qədər böyük bir arialda müxtəlif brendlərin gəldiyini görməzdik. Bunun arxasında dayanan ancaq xarici iş adamlarıdırmı?! Xeyr. Bəzən dövlət adamlarının da bu işdə iştirak etdiklərini görürük. Bəlkə də çoxlarına bu paralellər qüsurlu görünə bilər. Azərbaycanda da ola bilər ki, müəyyən şəxslərin həm ailə üzvlərinin xaricdə olduğunun məlumatları yayılsın. Eləcə də onların böyük vəsaitlər hesabına əldə olunmuş böyük obyektlərindən, ticari şəbəkələrdən də bəhs edilir. Bunun araşdırılması qanunvericilik çərçivəsində aparılmalıdır. Əgər bu gün hökumət üzvləri hədəf seçilirsə, bu aydınlaşmalıdır. Nazir və ya nazir müavinləri də daxil, digər şəxslərin - hakimiyyətin başqa bir qolu-parlament üzvlərinin, eləcə də məhkəmə hakimiyyəti üzvlərinin xaricdə bu cür obyektlərin sahibliyi mövcuddurmu, onlar doğrudanmı ailə üzvləri ilə belə məsafədən davranırlar?! Bu da guya onların həm də bir sığorta vasitəsi, gələcək üçün güvənidir. Maraqlıdır, bu doğrudanmı belədir, yoxsa sadəcə, media təhlilləridir? Bəzən bunlar siyasi mübarizənin bir elementi kimi meydana çıxan informasiyalardır. Düşünürəm ki, burada ayrı-ayrı faktlar da mövcuddur. Əlbəttə ki, onu gizlətmək olmaz". 
 
 
Deputat dedi ki, Rusiyanın praktikasında məmur sisteminin vəsaitlərini ölkədən kənara çıxarması, o cümlədən qeyd olunan mülklərin alınması və sairə məsələlər qadağan olunub: “Amma bu da sona qədər effektli bir mübarizə üsulu deyil. Ona görə ki, bir tərəfdən müxtəlif beynəlxalq banklar bank sirrinin qorunması şəklində Azərbaycandan hər hansısa bir məmurun vəsaitlərini gizli saxlamış olur. Beləliklə də onun ölkə içərisində hər hansısa bir qadağa rejimi tətbiq olunanda faktiki olaraq onu həyata keçirmək mümkün olmur. Digər yandan da müxtəlif adamların adı ilə bu işləri həyata keçirmək praktikası da geniş yayılıb. Ona görə də mən hesab edirəm ki, bizim üçün ən başlıca məsələ ondan ibarət olmalıdır ki, Azərbaycanda 2000-ci ildən bu yana gəlirlərin deklarasiyası ilə bağlı qanunvericiliyin tətbiqi mexanizmini biz tapmalıyıq ki, adamlar öz imkanlarını, öz şəraitlərini, mülk dövriyyəsini rahat bir şəkildə qarant edə bilsinlər. Biz bolşevizm dövründə yaşamırıq. Qoy bu ölkələrin villaları, partiyalılıq fəaliyyəti çoxalsın, məmurların digər yaradıcılıq imkanları hesabına şəraiti genişlənsin. Buna heç kim qadağa qoymur. Siyahı tərtib edin, nə qədər məmur ailəsinin xaricdə olmasından danışmaq olar? Düşünürəm ki, bu barmaqla sayılacaq qədər azdır”.

Z.Oruc məmur övladlarının xaricdə təhsil məsələsini isə ayırmağın vacibliyini vurğuladı: “Azərbaycan dövləti xaricdə təhsil proqramlarını maliyyələşdirir və çox düzgün bir addım atır. 2007-2015-ci illər ərzində minlərlə şəxs bu proqramdan yararlanıb. Təhsil almaq heç bir halda kriminal bir əməl kimi təsnif edilə bilməz. Biz bunu bu cür sanksiyalaşdırmalı deyilik. Xaricdə təhsil alan insanlar sonradan ölkəyə dönürlər. Bunun içərisində məmur balalarının da, sadə vətəndaşların da olması mümkündür. Məmur övladı, məmur ailəsi etiketini mənfi bir hal kimi ortaya qoymaq, bunu siyasi bir mübarizənin hədəfinə gətirmək, onlara bolşevik yanaşmasını tətbiq etmək, villa sahibidirsə, var-dövləti varsa, ”bu insan mütləq cinayətkardır" hökmünü çıxarmaq çox yanlış olar".
Cia.az