|
XİN-dən ABŞ-a sərt cavab

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanla bağlı verdiyi son açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat katibi Azərbaycan hökumətini fundamental insan haqlarına əməl etməyə çağıran Cen Psakinin fikirlərinin obyektiv realliğı əks etdirmədiyini bildirib:

“ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi,fundamental hüquq və azadlıqların qorunması təmin olunmuşdur. Azərbaycan Respublikası demokratik inkişafını ardıcıl surətdə davam etdirir və bu məsələdə kənar müdaxilə və “tövsiyələrə” ehtiyac yoxdur.

ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Ferqyuson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir.

Hesab edirik ki, ABŞ Dövlət departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən öncə bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir.

ABŞ isə beynəlxalq səviyyədə insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir”.

Xatırladaq ki, Cen Psaki Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmasına münasibət bildirərkən rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırmışdı.