|
“Ermənistan AŞ PA-dan növbəti zərbəni ala bilər”
AŞ PA-nın Siyasi Məsələlər Komitəsində məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı 18 maddəlik məruzə qurumun yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Ermənistan çox cəhd göstərsə də, 28 oktyabrda məruzənin qəbulunun qarşısını ala bilmədi. Odur ki, yanvar sessiyasında  qətnamənin qəbul olunmaması üçün cidd-cəhdlə mübarizə aparacaqları şübhə doğurmur. 
Ancaq “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla məruzə qəbul olunacaq: “AŞ PA insan haqları və demokratiya mövzularında Azərbaycan hakimiyyətini tənqid etsə də, Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Bunun özü göstərir ki, rəsmi Bakı AŞ PA ilə əməkdaşlığını genişləndirməli, ayrı-ayrı deputat və fraksiyalarla təmaslarını yoğunlaşdırmalıdır. Məsələn, avropalı deputatlarla təmasda olan Elxan Süleymanovun sözlərindən belə aydın olur ki, məruzənin hazırlanması mərhələsində avropalı həmkarlarının bir qismi Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumata malik deyilmişlər, yalnız onlarla aparılan çoxsaylı müzakirələrin nəticəsində Azərbaycan torpaqlarının işğalı faktını təsdiq etmişlər. Və ya əgər AŞ PA Rusiyada həbsdə saxlanılan Ukrayna vətəndaşı Nadejda Savçenkonun dərhal azadlığa buraxılmasını tələb edirsə, eyni münasibəti Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı da sərgiləməli idi”. 
 
E.Şahinoğlu bir mühüm məqamı da xatırladaraq qeyd etdi ki, noyabrın 23-də AŞ PA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə digər məruzəçinin də ilkin hesabat layihəsi dinləniləcək. Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç tədbirdə “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda çıxış edəcək: “Militsa Markoviç hesabatla əlaqədar 24-27 avqust tarixlərində Azərbaycana səfər edib. Markoviç də Volter kimi Ermənistan və işğal altındakı torpaqlara buraxılmayıb. Yeni məruzədə Sərsəng su anbarının işğal altında saxlanılmasının Azərbaycan rayonlarının su imkanlarından məhrum olmasına yol açdığı faktı vurğulanıb. Ermənistan ikinci məruzə ilə də AŞ PA-dan növbəti zərbəni ala bilər. Bundan sonrakı hədəf qəbul olunan və olunacaq bu məruzələrin beynəlxalq vasitəçilərin işində əsas götürülməsinə nail olmaqdır. Doğrudur, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik AŞ PA Komitəsində qəbul olunan məruzədən narazı qaldığını belə əsaslandırıb ki, onlarla məsləhətləşmə aparılmayıb. Halbuki qətnamə haqqında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumatlı idi. Uorlikin açıqlaması o deməkdir ki, Minsk Qrupu üçün AŞ PA-nın qətnamələri və məruzələri əsas deyil. Demək, bunun əksi olaraq Azərbaycan diplomatiyasının başlıca vəzifəsi həmsədrləri AŞ PA qətnamələrinə nəzərə almağa məcbur etməkdir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Qarabağla bağlı üzərinə düşəni etdi, etafeti Azərbaycan XİN götürməlidir. Əlbəttə, qəbul edilən qətnamə və məruzələrin Ermənistan hakimiyyətinin mövqeyinə təsir edəcəyini söyləmək çətindir. Rəsmi İrəvan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməyəcək. Buna baxmayaraq, BMT-nin 4 qətnaməsi, üstəgəl bu il Avropa İnsan Haqları Məhkəməsinin Çıraqovlarla bağlı qəbul etdiyi qərar və AŞ PA-da qəbul olunan qətnamələr Azərbaycana danışıqlarda manevr imkanlarını genişləndirməyə imkan verir. Digər tərəfdən, Azərbaycan öz torpaqlarını güc yoluyla azad etmək yolunu tutarsa, qəbul olunan qətnamələrdəki əsas maddələrə söykənəcək”.
 
“Atlas” rəhbəri xatırlatdı ki, 2015-ci ilin yekunlaşmasına ay yarım qalıb. Bu il ərzində də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı. Əksinə, cəbhə bölgəsində gərginlik azalmayıb, atəşkəsin pozulması halları intensivləşib, ağır artilleriyadan istifadə halları artıb. ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həllində acizlik nümayiş etdirirlər.
 
Həmsədrlərin builki fəaliyyətlərinin əsas qayəsini Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək təşkil edir. Ancaq heç bu məqsədə də hələ ki nail olmayıblar. Həmsədrlərin “durğunluq” dövrü yaşadıqları bir vaxtda AŞ PA-nın təşəbbüsü ələ alaraq faktiki həmsədrlərə dərs keçdi. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurası daha ədalətli mövqedən çıxış edir: “Bu illər ərzində Dağlıq Qarabağla bağlı qəbul olunan heç bir beynəlxalq hesabat və ya məruzədə işğal və onun doğurduğu nəticələr Volterin hesabatındakı qədər çılpaqlığı ilə göstərilməyib. Hesabatın üstünlükləri bunlardır: Birincisi, hesabatda ”münaqişə" ifadəsinin yerinə “işğal altındakı ərazilər” ifadəsi işlədilib. Halbuki ilkin mətndə “münaqişə” ifadəsindən istifadə olunurdu; ikincisi, “işğal edilmiş ərazilər” Dağlıq Qarabağla yanaşı, ətraf ərazilərin də işğalını ehtiva edir; üçüncüsü, məruzədə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğal altında olması faktı vurğulanır; dördüncüsü, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ilin iyun ayında qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı yer alıb. 
 
Bu qərara görə, Dağlıq Qarabağdan qovulan azərbaycanlıların geri qayıtması hüququ tanınır ki, Ermənistan bu qərara riayət etməlidir; beşincisi, məruzədə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilib; altıncısı, məruzədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğal azad edilməsini tələb edən qətnamələr xatırladılır; yeddincisi, sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizlə yanaşı Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması vacibliyi də yer alıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edildi. Birinci düzəlişə görə, “... Dağlıq Qarabağ bölgəsinə dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin əvəzinə “... Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi yazılıb. İkinci düzəlişdə “Dilqəm Əsgərovla Şahbaz Quliyev qeyd-şərtsiz azadlığa buraxılmalıdır” ifadəsi yer alıb. Üçüncü düzəlişdə isə “Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə ”təəssüflənir" ifadəsi “qətiyyətlə pislənilir” ifadəsi ilə əvəz edilib".
Cia.az