Bir ara Rusiya rəsmilərinin Bakıya intensiv xarakterli səfərlərini müşahidə edirdiksə, son vaxtlar Azərbaycan rəsmilərinin Rusiyaya səfərləri çoxalıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş məsələni yenidən aktuallaşdırıb.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, son görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olunub. Bundan əlavə, Ramiz Mehdiyev və Nikolay Patruşev arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası təhlükəsizlik şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planının imzalandığı da qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl baş nazirin 1-ci müavini Eyyub Yaqubovun Moskvada görüşləri olmuşdu. Oktyabrın 28-də isə MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmətləri rəhbərləri Şurasının 39-cu iclası keçirilmişdi. Novo-Oqarevoda MDB xüsusi xidmətlərinin rəhbərləri RF prezidenti Vladimir Putin tərəfindən qəbul olunmuşdu. Azərbaycanı müşavirədə milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov təmsil etmişdi.
Qeyd edək ki, Moskva vaxtaşırı Azərbaycanı İŞİD-lə hədələyən mesajlar verir. Rusiya Təhlükəsizlik Bürosu rəhbəri Aleksandr Bortnikov MDB ölkələri sərhədlərinin terrorçuların işğalı təhlükəsi ilə üz-üzə olduğunu vurğulamışdı və Azərbaycan da daxil olmaqla, həmin ölkələri sərhədlərini möhkəmləndirməyə çağırmışdı. Bu mənada Azərbaycan Prezident Administrasiyası rəhbərinin Moskvada keçirdiyi görüşdə İŞİD təhlükəsinə qarşı birgə mübarizənin də müzakirə predmeti olduğu güman edilir.
“Turan” agentliyinin direktoru Mehman Əliyev isə digər arqumentlər söylədi. O, bu səfərin gözlənilən olduğunu bildirdi: “Patruşev MDB dövlətlərinin Qazaxıstan görüşündən sonra bəyan etdi ki, bir sıra ölkələrin əraziləri ABŞ tərəfindən bioloji silahın istehsalı üçün istifadə olunur. Vaxtilə Putin də bu barədə demişdi”. M.Əliyev rabitə sistemindəki sonuncu həbslərlə bu məsələlər arasında əlaqə görür: “Beynəlxalq danışıqlara qulaq asılıbsa, deməli, hansısa vacib adamların danışıqlarına qulaq asılıb. Ona görə də, məncə, bu məsələlərdə Rusiya ilə bunların arasında problem var. Yəni Azərbaycanın Rusiyaya qarşı hansısa layihələrdə iştirakından söhbət gedir. Belə demək mümkünsə, Moskvada Azərbaycanın Rusiyaya qarşı ”düşmən" mövqeyi barədə iddialar var. Əgər Rusiya bunu elan edibsə, deməli, Azərbaycanın qeyri-dostluq münasibətlərindən söhbət gedir. Əgər sən ona qarşı nəsə edirsənsə, deməli, “düşmən” elan olunursan. Ona görə də şübhəsiz ki, görüşdə mövcud münasibətlər müzakirə olunub".
Ekspert Bakı-Moskva münasibətlərinin perspektivləri barədə də danışdı: “Hakimiyyətin vəziyyəti çox pisdir. Hakimiyyət başa düşmür ki, ABŞ və Rusiyanın birbaşa dövlət maraqları var. İkinci tərəfdən, regional və təhlükəsizlik maraqları var ki, onların maraqları üst-üstə düşür. Məsələn, Suriya məsələsini götürsək, sanki Rusiya təkbaşına hərbi əməliyyatlar həyata keçirir, ancaq biz bilirik ki, orada əməkdaşlıq var. Əməkdaşlıq məsələləri ilə bağlı konturlar da var. Məsələn, keçmiş prezident Karterin Rusiyaya İŞİD-in yerləşdiyi mövqelərin xəritəsini verməsi buna sübutdur. Ya da orada Rusiya ilə informasiya mübadiləsi gedir. ABŞ-Rusiya razılığı olmasaydı, Putin orada heç vaxt bu əməliyyatlar başlaya bilməzdi”.
M.Əliyevin fikrincə, bu fakt o deməkdir ki, Azərbaycanla bağlı da eyni vəziyyət var: “Əgər hesab ediriksə ki, biz Rusiya ilə Amerikanın arasında oynayacağıq, onların maraqlarını təmin edib özümüzü sığortalayacağıq, bu, çox böyük səhvdir. Ən təhlükəli məsələ odur ki, Azərbaycanla bağlı o tərəflərin bir araya gəlməsi baş versə, onda vay bu hakimiyyətin halına. O halda manevr üçün yer qalmayacaq. Azərbaycanı hər iki tərəfdən vururlar və o, çox zəif mövqedə qalıb. Ona görə də rəsmilər bu kimi səfərlərlə vəziyyəti normallaşdırmağa çalışırlar. Üstəlik, iqtisadi cəhətdən vəziyyət kifayət qədər ağırdır. Yunan mifalogiyasında ”Axilles dabanı" ki deyirdilər, indi Azərbaycanın “Axilles dabanı” neftdir. Neftin azalması ölkəni çox zəif vəziyyətə gətirib çıxarır".
Cia.az
