Azərbaycanın işğal altındakı ərazilərinin azad olunacağı ilə bağlı xəbərlər rəsmən təkzib olunub. Yayılan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması kontekstində Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda ərazi güzəştləri məsələsi müzakirə olunmayıb. Modern.az saytının news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, bundan öncə Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun Yerevan səfəri ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayıb. Məlumata görə, Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını arzuladığından Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir.
Diqqətçəkən odur ki, oxşar xəbərlər Rusiya və Ermənistan arasında hərbi əlaqələrin gücləndiyi, Moskvanın Ermənistan səmasına nəzarəti tam ələ keçirdiyini təsbitləyən hüquqi müqavilənin imzalandığı ərəfədə yayıldı. Bütün bunlar isə onu deməyə əsas verir ki, İrəvan və onu dəstəkləyən çevrələr əslində “Rusiya Qarabağı Azərbaycana qaytarır” tipli xəbərləri məqsədli şəkildə yayırmış, əslində isə Rusiyanın “təhlükə ilə üzləşən” Ermənistanı daha çox müdafiə etməsi üçün ideoloji baza yaradılırmış.
Rusiyanın himayəsinə sığınan işğalçı ilə döyüşməyin çətin olduğunu təkcə Azərbaycanda deyil, Qərbdə də yaxşı anlayırlar. Odur ki, Cənubi Qafqazın yenidən tam şəkildə Rusiyanın koloniyasına çevrilməməsi üçün Qarabağ münaqişəsinin alovlanmasını istəməyən beynəlxalq qüvvələr sülh danışıqlarının alternativini görmədiklərini deyirlər.
2016-cı ilin yanvarından etibarən Serbiyanın ATƏT-ə sədrlik müddəti başa çatır və onu Almaniya əvəzləyəcək ki, bu da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətində dönüşün yarana biləcəyi ehtimalını gündəmə gətirir. Düzdür, illərdir təşəbbüslər olsa da, hələlik Avropa Birliyinin ən böyük və önəmli dövləti olan Almaniyanın həmsədrliyə gətirilməsi məsələsi həllini tapmayıb. Almaniya rəhbərliyinin Qarabağın işğal altında olmasını birmənalı şəkildə bəyan etməsi, üstəlik, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı işğalın arxasında Rusiyanın dayandığı barədə kansler A.Merkelin dedikləri Berlinin münaqişənin həllində ədalətli mövqe tutacağına şübhə yeri qoymur. Hesab olunur ki, Türkiyə kimi Almaniyanın da həmsədrliyə gedən yolunu kəsən əsas amil bu dövlətin ədalətin tərəfində dayanmasıdır.
Amma müşahidəçilərin əksəriyyəti hesab edir ki, Almaniyanın ATƏT-ə sədrliyi Qarabağ məsələsində də pozitiv rolunu oynayacaq. Ən azı 1 illik sədrliyi dövründə rəsmi Berlin Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə nəzarət etməklə yanaşı, onların fəallığının artmasında önəmli mövqedən çıxış edəcək. Ən mühümü budur ki, Minsk Qrupunun həmsədrləri atacaqları addımlarla əlaqədar sədrlə - Almaniya ilə məsləhətləşmələr aparacaqlar.
Politoloq Arzu Nağıyev deyir ki, Almaniyanın sədrlik məsələsi Dağlıq Qarabağ münaqişəsinin həllinə önəmli bir şəkildə təsir edə bilər: “Çünki Almaniya sədr olmayanda da, söz sahibi olan dövlətlərdən biridir. Hətta bir vaxtlar bu dövlətin ATƏT-in Minsk Qrupunda təmsil edilməsi haqqında müəyyən təkliflər də var idi. Təbii ki, problemi dərindən bilən bir dövlət kimi müəyyən rol oynaya bilər, lakin tam şəkildə buna nail olacağı real görünmür”. A.Nağıyev bir məqama da diqqət çəkdi: “BMT-nin Ermənistan tərəfindən işğal olunan rayonların qeyri-şərtsiz azad olunması haqqında sonuncu qətnaməsinin qəbul olunmasından da artıq 22 il keçir. Yəni bu qərar 1993-cü il noyabr ayının 11-də qəbul edilib. Təəssüf ki, dünya ictimaiyyəti bu məsələyə də biganədir və icra mexanizmi də yoxdur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Almaniyanın həmsədrliyə təyinatının reallaşacağını söyləmək problematikdir: “Bu söhbətlər əvvəllər də olub, ancaq reallaşmayıb. Çünki ABŞ, Fransa və Rusiya indiki formatın genişləndirilməsinin əleyhinədirlər. İkincisi, nəzəri olaraq Almaniya həmsədr olsa belə, bu, danışıqlara ciddi təsir etməyəcək, əksinə, yazı-pozu işi, mənasız səfərlərin sayı artacaq. Bizə isə bürokratların çoxalması yox, münaqişənin həllinin sürətləndirilməsi lazımdır”.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun fikrincə, ATƏT-ə Almaniyanın sədrlik etməsi Azərbaycan üçün mühümdür: “Almaniya Bundestaqı bu yaxınlarda Ermənistanı rəsmi şəkildə işğalçı kimi tanıyaraq Dağlıq Qarabağın qeyri-şərtsiz boşaldılması ilə bağlı qətnamə qəbul etdi. Bu isə o deməkdir ki, Almaniyanın sədrliyi dönəmində Azərbaycan tərəfi yaranmış siyasi situasiyadan səmərəli şəkildə istifadə etməyə daha çox çalışmalıdır. Azərbaycan tərəfi Bundestaqın qəbul etdiyi məlum qətnaməni əlində rəhbər tutaraq ATƏT-ə təzyiq edə bilər və bu yöndə istənilən nəticəsi olan sonluq əldə edə bilər. Təbii ki, yenə də burada Azərbaycan xarici siyasətinin peşəkarlığı lazımdır. Əgər mövqeyimizi və əlimizdə olan imkanları düzgün dəyərləndirə bilsək, Ermənistana qarşı bütünlükdə Avropanın qətnamə qəbul etməsinin şahidi ola bilərik. Bu qətnamənin qəbul olunması baş tutarsa, o demək olacaq ki, Azərbaycan Dağlıq Qarabağın azad edilməsi yönündə daha bir ciddi addım ataraq problemin həll olunmasında sonluğa yaxınlaşa bilib”. F.Məmmədov bildirdi ki, Azərbaycan tərəfi bu addımları mütləq şəkildə atmalıdır: “Səbəb isə Rusiya və Ermənistan arasında havadan birgə müdafiə ilə bağlı imzalanan sənəddir. Rusiya və Ermənistan demək olar ki, hər gün daha güclü tərəfdaşlığa imza atırlar. Biz isə sadəcə, gözləmə mövqeyindəyik. Bu isə o deməkdir ki, sabah Dağlıq Qarabağ məsələsinin həlli yolunda biz heç bir uğur əldə edə bilməyəcəyik. Yaranmış istənilən tarixi şansdan maksimum yararlanmaq lazımdır, əks halda, düşmənlə mübarizədə yalnız qala bilərik”.
XİN-in mətbuat katibi Hikmət Hacıyev isə “Yeni Müsavat”a rəsmi Bakının mövqeyini çatdırarkən bildirdi ki, Minsk Qrupu yaradılandan etibarən Almaniya onun üzvüdür: “11 dövlət ATƏT-in Minsk Qrupunun üzvüdür. Sadəcə olaraq, 1995-ci ildən etibarən həmsədrlik mexanizmi tətbiq olunur. Azərbaycanın dəfələrlə mövqeyi ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupunun bütün üzvləri bu prosesdə fəal iştirak etməli və münaqişənin həllinə töhfə verməlidirlər. Bu prosesdə hər hansı bir aktivlik göstərən Minsk Qrupunun üzvünün fəaliyyəti bizim tərəfimizdən alqışlanır”. H.Hacıyev Almaniyanın həmsədrliyi ilə bağlı məsələnin gündəmdə olmadığını vurğuladı.
Cia.az
