Avropa Birliyinin ən qüdrətli dövlətinin fəaliyyəti Qarabağ danışıqlarındakı üzücü durğunluğu aradan qaldıracaqmı? Rəsmi Berlinin vasitəçiliyinə həmsədr ölkələrin və işğalçı tərəfin qısqanc münasibətinin səbəbi...
Qarabağ danışıqlarında keçın ilin oktyabrından başlayan durğunluq davam edir. Artıq aydındır ki, ilin sonunadək Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş reallaşsa belə, bu görüşün nizamlama prosesinə hansısa pozitiv təsiri olmayacaq. Ona görə ki, münaqişə tərəflərinin məsələyə baxışları diametral zidd olaraq qalır və onları uzlaşdırmaq indi bir görüşün, bir günün işi deyil.
Əfsuslar olsun ki, ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya, Fransadan olan həmsədrləri ötən böyük zaman kəsiyində bu mövqeləri yaxınlaşdırmaq üçün heç nə etmədilər. Daha dəqiqi, onlar münaqişənin həllinə beynəlxalq hüquq normaları prizmasından baxmadıqları, altdan-altdan erməniyə rəğbət bəslədikləri üçün təcavüzkar ölkə maksimalist mövqeyindən zərrəcə geri çəkilmədi və tərəfləri ortaq mövqeyə gətirmək praktik surətdə mümkün olmadı.
Amerikalı həmsədr Ceyms Uorlikin ötən həftə AŞ PA Siyasi Komitəsində məruzəçi Robert Uolterin hesabatı əsasında Azərbaycanın xeyrinə qəbul edilən sənəddən erməni tərəfi kimi rahatsız olması isə göstərdi ki, üstəlik, uğursuz Minsk Qrupunun rəhbərliyi, ələlxüsus Amerika Qarabağ məsələsini ermənilərin xeyrinə hələ bir müddət də öz inhisarında saxlanmaq niyyətindədir. Hər halda, indiki status-kvonun qalması ən çox ermənilərin maraqlarına xidmət edir.
Doğrudur, Suriya, Yaxın Şərq, İŞİD, Ukrayna böhranları Qarabağ mövzusunu beynəlxalq gündəmdə daha arxa plana sürüşdürüb. Ancaq məsələ həm də ondadır ki, bütün hallarda işğalçı ölkəyə, Qarabağ separatçılığına münasibət dəyişməz qalıb. ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağdakı separatçılara Krım və Donbasdakı, Abxaziya və Cənubi Osetiyadakı separatçı qüvvələrə yanaşdığı kimi yanaşmır, onlara sanksiyalar tətbiq eləmir, əksinə, ermənilərin başını sığallayır, onlara siyasi reveranslar edir.
Az öncə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın London Kral İnstitutuna məruzə eləmək üçün dəvət edilməsi buna şübhə yeri saxlamadı. Ötən həftə isə İrəvanda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zapper qondarma qurumun “xarici işlər naziri” Karen Mirzəyanla növbəti dəfə bir araya gələrək uzun-uzadı müzakirələr aparıb.
***
Söz düşmüşkən, Minsk Qrupu həmsədrliyində Avropa Birliyini təmsil edən Fransanın yetərincə ermənipərəst dövlət olması çoxdan bəlli həqiqətdir. Təəssüf ki, rəsmi Bakı zamanında bu gerçəyi ciddiyə almadı, daha doğrusu, Parisin vasitəçiliyə gətirilməsi ilə ümid bəsləyirdi ki, Fransa neytral və ədalətli münsif ola biləcək.
Fəqət, olmadı. Dünyanın ən çoxsaylı və güclü erməni lobbisinin yaşadığı bir ölkənin prezidenti Fransua Olland qondarma soyqırımın 100 illiyi ilə bağlı İrəvana səfər eləməklə Azərbaycanın onun obyektivliyində nə dərəcədə yanıldığını çılpaqlığı ilə nümayiş etdirdi.

Bununla belə, Avropa özünün təşkilatları - Avropa Birliyi və xüsusən də Avropa Şurası vasitəsilə yenə problemin həllinə hansısa töhfəsini verməyə çalışır ki, bu da pozitivdir. Avropa Parlamenti və AŞ PA-nın Ermənistanı işğalçı kimi tanıyan qətnamələri bu qəbildəndir. AŞ PA-nın qarşıdakı qış sessiyasında növbəti belə bir qətnamənin qəbulu gözlənilir.
Lakin yenə təəssüflər olsun ki, bu kimi sənəd və qətnamələr sülh prosesini irəli aparmaq üçün hələ ki, yetərli deyil. Nədən ki, problemin nizamlanması obyektiv səbəblərdən beynəlxalq təşkilatların yox, konkret iri dövlətlərin siyasi iradəsindən asılı duruma gəlib.
***
Bu mənada Azərbaycan Minsk Qrupu formatından imtina eləsə belə, enində-sonunda yenı də supergüclərin məsələdə iradəsini nəzərə almalı olacaq. Demək, Bakı paralel surətdə Minsk qrupunun fəaliyyətini obyektiv məcraya yönəltməkdən ötrü üç həmsədr dövlətlə yanaşı, Qrupun başqa böyük dövlətləri ilə siyasi-diplomatik və təbliğati alanlarda işi gücləndirmək barədə düşünməlidir.
Onlardan biri də Avropa Birliyinin ən nüfuzlu ölkəsi, Qarabağ məsələsində həmişə ədalətli və prinsipial mövqeyi ilə seçilən, Minsk Qrupunun 9 üzvündən biri Almaniyadır. Bir ara Almaniyanın həmsədrliyə gətirilməsi üçün başlamış təşəbbüslərə erməni tərəfinin, hətta üç həmsədr ölkənin qısqanc reaksiyası öncəliklə məhz almanların ədalətli mövqeyi ilə bağlı idi.
Yada salaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin əvvəllərində Almaniya etdiyi səfər çərçivəsində kansler Angela Merkellə görüşü zamanı sonuncu ölkəsinin münaqişəyə dair mövqeyini bir daha ortaya qoymuş, Rusiyanı konfliktin həllini süni şəkildə uzatmaqda ittiham eləmişdi. Ax sonra Almaniya hökumətinin (Xarici İşlər Nazirliyinin) münaqişənin həllinə dair baxışlarını əks etdirın obyektiv hesabat açıqlanmışdı.
***

Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Almaniyada məsləhətləşmələr aparacağı haqda məlumat yayılıb. Amerikalı həmsədr Ceyms Uorlik özünün twitter səhifəsində yazıb ki, məsləhətləşmələr Almaniyanın ATƏT-də qarşıdakı sədrliyi ilə əlaqədar aparılacaq.
xəbərdir, hərçənd vurğulandığı kimi, rəsmi Berlinin Qarabağ konfliktinin həllində fəallığı elə də isti qarşılanmır, çünki o, beynəlxalq hüquqdan çıxış edir - baxmayaraq ki, Almaniya Ukrayna böhranının nizamlanması üzrə formata daxil olan üç əsas ölkədən biridir.
Ümid edək ki, vasitəçilərin Almaniya məsləhətləşmələri istənilən halda prosesin xeyrinə olacaq, türk icmasının güclü olduğu Avropanın ən böyük dövləti Almaniyanın ATƏT-ə bir illik sədrliyi postsovet məkanının ən üzücü münaqişəsi kimi Qarabağ konfliktinin həllinə məxsusi töhfəsini verəcək. Kaş ki, Almaniya ATƏT-lə yanaşı, elə ATƏT-in Minsk Qrupuna da sədrlərdən biri olaydı - heç olmasa, vasitəçilik institutunda balansı qismən bərpa eləmək üçün.
Cia.az
