|
Kremldən Ermənistana görünməmiş dəstək
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üç gün öncə İrəvanda verdiyi “Ermənistanın arxasında Rusiya dayanır” bəyanatının ardınca Rusiya tərəfindən işğalçı ölkəyə daha böyük əhəmiyyət daşıyan rəsmi addım atıldı. Belə ki, dünən Rusiya prezidenti Vladimir Putin Rusiyanın müvafiq dövlət qurumlarına Qafqazda Ermənistanla birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş imzalamağı tapşırıb. 

Politoloq Şahin Cəfərli Putinin bu addımının nə anlam daşıdığını şərh edib. Onun sözlərinə görə, Putinin bu göstərişinin həyata keçirilməsi o demək olacaq ki, Rusiya Ermənistan səmasının müdafiəsini tamamilə öz üzərinə götürür, Ermənistana atılacaq hər hansı raket Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən havada zərərsizləşdiriləcək, hansısa hərbi təyyarə və helikopterin Ermənistan səmasına girməsindən isə söhbət də gedə bilməz: “Əslində yeni bir şey baş vermir, Rusiya ODKB və ikitərəfli razılaşmalar çərçivəsində onsuz da Ermənistanın müdafiəsini öz üzərinə götürmüşdü. Putinin bugünkü qərarı, sadəcə olaraq, Rusiyanın bu bölgədə 1 saylı müttəfiqinin Ermənistan olduğu və işğalçının Moskva tərəfindən bundan sonra da himayə ediləcəyi gerçəyini növbəti dəfə ortaya qoyur. Sergey Lavrov da çəkinmədən bəyan etdi ki, Ermənistanın arxasında Rusiya dayanıb”.
 
Ş.Cəfərli hesab edir ki, Azərbaycan hökumətinin Rusiyaya münasibətdə “səni sevəcəyəm, sən sevməsən də” siyasəti mənasız və zərərlidir. Azərbaycanın avrointeqrasiyadan başqa yolu yoxdur: “Bizimkilər yəqin bundan sonra ”Ermənistanda istənilən nöqtəyə zərbə endirə bilərik" tipli bəyanatlar verməyəcək".
Cia.az