|
G20-də iştirak Azərbaycana nə vəd edir...

Aydın Mirzəzadə: “Bu, dünyanın aparıcı dövlətlərinə bir sıra məsələlərdə ölkəmizin mövqeyinin öyrənilməsinə və nəzərə alınmasına kömək edəcək”

Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək G20 qrupunun Zirvə görüşündə iştirak etmək üçün üzv ölkələrdən 13 min nəfər, o cümlədən 3 min nəfər KİV nümayəndəsi qeydiyyatdan keçib. Yeri gəlmişkən, akkreditə olunan jurnalistlər arasında “Yeni Müsavat”ın əməkdaşı da var.
Rəsmi məlumata görə, zirvə çərçivəsində 7 böyük toplantı keçiriləcək. Xatırladaq ki, Azərbaycan Türkiyənin G20-yə sədrliyi dövründə bu qurumun toplantılarında xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Antalyada keçiriləcək “G-20" ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir. Bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib.
 
Antalya valisi Muammer Türker “G-20" zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. 
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama da G-20-nin zirvə toplantısında iştirak edəcək. Ağ ev rəhbərinin səfərinin noyabrın 14-də baş tutacağı gözlənilir. 
 
Toplantıya İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Səudyyə Ərəbistanı, Cənubi Koreya, Avropa Birliyi Komissiya liderləri də qatılacaq. Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland, Çin Xalq Respublikasının sədri Si Tszinpinun iştirakı təsdiqlənib.
 
Xatırladaq ki, bu, liderlərin sayca 10-cu toplantısıdır. Avstraliyadan ev sahibliyini təhvil alan Türkiyə gələn il üçün rəhbərliyi Çinə verəcək.
 
G20 ölkələrinin rəhbərlərinin Türkiyənin Antalya şəhərində keçiriləcək sammitinin gündəliyi açıqlanıb. Türkiyə XİN-dən bildirilib ki, G20-nin toplantısının ilk günündə liderlər terrorçuluğa qarşı mübarizəni, Suriyadakı vəziyyəti, bu ölkədən olan qaçqınların məsələsini müzakirə edəcəklər.Tədbir noyabrın 15-də yerli vaxtla saat 12-də Antalyanın Belek rayonunda başlayacaq. Zirvə toplantısının qonaqlarını ev sahibi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. Toplantılarası ikitərəfli görüşlərin keçiriləcəyi də istisna edilmir.
Noyabrın 16-da Rəcəb Tayyib Ərdoğan sammitin yekununa həsr edilən mətbuat konfransı keçirəcək. Toplantıda 5 çərçivə sazişinin də imzalanacağı gözlənilir. Sammitin sonunda “Antalya bəyannaməsi” qəbul ediləcək.
 
Qeyd edək ki, zirvə toplantısına ev sahibliyi edən dövlət bir qonaq ölkə liderini dəvət etmə haqqı var. Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidenti İlham Əliyevi sammitə dəvət edib. Bu mühüm tədbirdə Azərbaycanın da iştirak etməsi mühüm hadisə kimi dəyərləndirilir. Xüsusilə də indiki həssas dönəmdə, Azərbaycanın Qərblə münasibətlərində konfrantasiyanın davam etməsi şəraitində Bakının G 20 zirvəsində iştirakı vacib sayılır. Üstəlik, Rusiya ilə Qərbin toqquşması fonunda Azərbaycan prezidentinin tədbirdə iştirakının nələr vəd etdiyi də cavabsız suallardandır. 
 
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər G20 zirvəsi ilə bağlı fikirlərini paylaşıb: “Noyabrın 15-də Türkiyənin Antalya şəhərində G20 sammiti başlayacaq. Gerçək strateji müttəfiqimiz Türkiyə ev sahibi statusundan yararlanaraq dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələrinin G20 adlı bu önəmli zirvəsinə Azərbaycanı dəvət edib. Bu sammitdə iştirak Azərbaycan üçün böyük bir fürsətdir. Azərbaycan hakimiyyəti bu önəmli toplantıya nə ilə getməlidir və nə ilə gedir”. 
 
O bildirib ki, MSDM öz mülahizələrini cəmiyyətə təqdim etmək və fikir mübadiləsi aparmaq üçün bu mövzuda dəyirmi masa keçirəcək: “Tədbir Müsavat Partiyasının qərargahında 12 noyabrda saat 15-də başlayacaq. Media nümayəndələri və maraqlananlar dəvətlidir. Sözü olanları gəlib çıxış etməyə, sözü (hələlik) olmayanları gəlib qulaq asmağa çağırıram”.
 

YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədi: “İlk dəfə deyil ki, Azərbaycan ”Böyük 20-lik"in sammitinə dəvət edilir. Bu, artıq Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun olduğu, onun siyasi və iqtisadi qüdrətinin dünya tərəfindən qəbul edilməsi deməkdir. Azərbaycanın orda iştirakı artıq dünyanın aparıcı dövlətlərinə bir sıra məsələlərdə ölkəmizin mövqeyinin öyrənilməsinə və nəzərə alınmasına kömək edəcək. Şübhəsiz ki, “Böyük 20-lik” dünya qarşısında duran problemlərin həlli müzakirəsini aparacaq. Bu, beynəlxalq terrorizmə qarşı mübarizə, radikallığın aradan qaldırılması, stabilliyin təmin edilməsi, maliyyə böhranından çıxmaq, qarşılıqlı etimadın güclənməsi və sairlə bağlıdır". 
 
A.Mirzəzadə qeyd etdi ki, bu məsələlərlə əlaqədar Azərbaycanın da mövqeyi ortada olacaq: “Eyni zamanda Azərbaycan orda ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisində olması məsələlərini də şübhəsiz ki, qaldıracaq və beynəlxalq birlikdən, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç böyük dövlətdən bu problemin həllinə daha ciddi yanaşmalarını tələb edəcək. Həmçinin bu gün Yaxın Şərqdə baş verən hadisələrin uzaqgedən nəticələrini də dünya birliyi qarşısında qoyacaq. Bu, təkcə Suriyanın, İraqın məsələsi deyil, ümumilikdə dünyanın təhlükəsizlik sisteminə qarşı çox ciddi bir təhdiddir. Böyük dövlətlər dövlətçilik təfəkkürü olmayan bir qrup banditin əlində qalıb, ona qarşı mübarizə məsələləri ortaya qoyulmalıdır. Həmçinin Avropa ilə dünyanın digər bölgələrinin münasibəti məsələsi  də sözsüz ki, qaldırılacaq və burada Azərbaycanın deyəcək sözü var. Məsələn, Avropada müəyyən dairələr vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışmaq, onun seçki məsələlərini özünün maraqlarına uyğun qurmaq istəyindən əl çəkmirlər. Yəni bu, daxili işlərə qarışmaq, kimlərinsə özünü yeni, müstəqil dövlət üzərində prokuror, hakim statusunda aparmaqdır. Bu məsələlər gündəmə gələcək. Eyni zamanda şübhəsiz ki, gündəlikdə duran məsələlər üzərində də Azərbaycanın mövqeyi səslənəcək”.
Cia.az