|
Azərbaycan sağlamlığa görə niyə geridə qalır?
Azərbaycan dünyanın ən sağlam ölkələri siyahısında 145 dövlət arasında 87-ci olub.
Bu barədə "Bloomberg"in BMT-nin məlumatları əsasında apardığı tədqiqatının nəticələrində bildirilir. Siyahıda MDB ölkələrindən Gürcüstan 71, Tacikistan 84, Özbəkistan 85, Belarus 91, Rusiya 97, Ukrayna 99, Qırğızıstan 101 və Türkmənistan 104-cü yerdə qərarlaşıb.
Bəs görəsən Azərbaycan sağlam ölkələr arasında niyə axırıncı yerlərdə qərarlaşıb?
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında  səhiyyədə geniş islahatlar aparılmasına böyük ehtiyac olduğunu bildirib:
“Ölkədə tibbi sığorta yoxdur. Bu sığorta vətəndaşların çox mühüm elementidir, o cümlədən, genefondun müdafiəsinə yönəlmiş xidmətdir. Dünyanın hər yerində vətəndaşlar tibbi sığortadan bəhrələnir. Dövlət tibbi sığorta vasitəsilə vətəndaşın sağlamlığının keşiyində dayanmış olur. Ona görə məsələ təcili həllini tapmalı və bütün kateqoriyadan olan vətəndaşlar sığortalanmalıdır.
 
Başqa bir fakt ondan ibarətdir ki, əhali yerli həkimlərə, yerli səhiyyəyə güvənmir. Həkimlərimizin xarici ölkələrlə təcrübə mübadiləsi zəifdir. Böyük Britaniya, Almaniya, Fransa və ümumiyyətlə, Avropanın inkişaf etmiş ölkələrinin səhiyyəsindəki yeniliklər Azərbaycana da gətirilməlidir. 
 
Bir sözlə, kifayət qədər səhiyyədə islahatlar aparılmalı, məhz bundan sonra ölkəmiz dünya səhiyyəsinin bir hissəsi ola bilər”.
 
Sosioloq Əhməd Qəşəmoğlu sualımıza cavab olaraq bildirdi ki, səhiyyədə həkim xidməti sistemi arzuolunmaz səviyyədədir:
“Sağlamlıq mədəniyyət, problemi hər zaman diqqət mərkəzində olan məsələdir. Görünür, hələ bizdə bu məsələ ilə bağlı lazımi tədbirlər görülməyib. 
 
Bundan əlavə, yerli səhiyyədə həkim xidməti sistemi arzuolunmaz səviyyədədir. Vətəndaşların əksəriyyəti yerli həkimlərə müraicət etməkdən çəkinir. Güman edirlər ki, sağalmaq əvəzinə əksinə daha da əks təsirə məruz qala bilərlər. 
 
Tibbi kadrların bu vəziyyətə düşmə səbəbi bir vaxtlar Tibb Universitetində neqativ halların çox olması ilə bağlıdır. Nəticədə azərbaycanlılar müalicə üçün qonşu ölkələrə, o cümlədən İrana üz tutur. 
 
Həmçinin başqa amillərdən biri maddi imkansızlıqdır. Əhalinin xeyli hissəsinin maddi durumu aşağı olduğundan öz sağlamlıqlarının qayğısına qala bilmirlər. 
Bir sözlə, insanların sağlamlıq məsələsinə ciddi yanaşılmalı, layiqli tibbi xidmət yaradılmalıdır”.
 
Onu da əlavə edək ki, "Bloomberg"in BMT-nin məlumatları əsasında apardığı tədqiqatda reytinqə görə ən yüksək pilləni sinqapurlular tutub. Burada sağlamlıq səviyyəsi 89,45% qiymətləndirilib. İlk onluğa İtaliya, Avstriya, İsveçrə, Yaponiya, İsrail, İspaniya, Hollandiya, İsveç və Almaniya daxil olub.
 
Reytinqin son yerlərində Afrika ölkələri qərarlaşıb.
Cia.az