|
Azərbaycanlıları terror təşkilatlarına sövq edən səbəb nə?
Dünyanın başağrısına çevrilən İŞİD terror təşkilatına qoşulan azərbaycanlıların sayının günbəgün artdığı müşahidə olunur. Türkiyədə noyabrın 9-da bu terror təşkilatına qoşulmaq üçün Suriyaya gedənlərə qarşı aparılan əməliyyatlar dediklərimizin əyani sübutudur. 
Əməliyyat zamanı saxlanılan 38 nəfərdən 14-ü Azərbaycan vətəndaşıdır. Həmin şəxslər ailələri ilə birlikdə Suriyaya keçməyə cəhd ediblər. 
İndiyə qədər Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ın tərkibində vuruşan vətəndaşlarımızın üzərində bir neçə məhkəmə qurulub. Hazırda onların bir qisminin məhkəmə prosesi davam edir. 
Onu da qeyd edək ki, azərbaycanlılar təkcə İŞİD-ə qoşulmurlar. İndiyə qədər Türkiyənin ən böyük problemi olan PKK-ya da azərbaycanlıların qoşulması barədə vaxtaşırı xəbərlər almışıq. 
Vətəndaşlarımızı təhlükəli terror təşkilatlarına qoşulmağa nə vadar edir? 
 
Bəzi ekspertlər hesab edirlər ki, bunun kökündə maddi imkansızlıq, sosial problemlər və işsizlik dayanır. 
 
Politoloq Ərəstun Oruclu bildirdi ki, azərbaycanlıların təhlükəli terror qruplarına qoşulmalarında cəlbedicilik axtarmaq lazım deyil: “Azərbaycanlıları bu proseslərə cəlb edirlər, İŞİD-in sıralarına aparırlar. Bu proseslər dünyanın hər yerində baş verir. Güclü dövlətlərin daxilində də bu halların şahidi oluruq. Burada tamam başqa səbəblər var. Öncə pul və digər həvəsləndirici amillərlə bu insanların prosesə qoşulmalarını düşünmək lazımdır”.
 
Politoloq hesab edir ki, Türkiyədə azərbaycanlıların İŞİD-ə qoşulmalarının qabardılmasının arxasında təzyiq amilləri dayanır: “Təzyiq amillərinin olduğunu istisna etmirəm. Çünki bundan əvvəl Ərdoğan hökumətinin 8 milyardlıq qaz söhbəti oldu. Bunun da təsiri var. Nə oldu, İŞİD başdan-ayağa azərbaycanlılardan ibarətdir? Açığı, bunun arxasında siyasi məqsədlər, maraqlar görürəm. Təəssüflər olsun ki, hazırda qardaş ölkədəki rəhbərlik Azərbaycanla təzyiq dili ilə danışmağa cəhd edir. Burada eyni dəst-xətt görürəm”.
Ə.Oruclu maddi imkansızlığın da bu problemin yaranmasına səbəb olan amillərdən biri olduğunu istisna etmir: “Müsəlman dünyasına baxsaq görərik ki, oradakı ölkələrin 70%-nin sosial-iqtisadi vəziyyəti  Azərbaycandan qat-qat aşağıdır. Yoxsulluğun həddi də bizdən çox aşağıdır. Azərbaycanlılar tutaq ki, orada 1000-1500 nəfər olsun. Amma İŞİD-in tərkibinin nə qədər olduğunu heç kəs bilmir. 50 mindən 200 minə qədər rəqəmlər söylənilir. Ankaradakı məlum terror faciəsindən sonra Türkiyənin bəzi mətbuat orqanları yazmışdı ki, terroru hazırlayanlar guya Azərbaycan dilində danışırmışlar. Bunu bir uşağa istinadən vermişdilər.
 
 
Burada açıq şəkildə ölkəmizə təzyiq görürəm. Azərbaycanlıların bu terror təşkilatlarında olmalarını heç kəs inkar etmir. Amma türk mediasının nə marağı var ki, bunları qabardır?”
Politoloq günü-gündən artan bu problemin həll yollarından da söz açdı: “İlk növbədə, həmin insanları cəlb edib, prosesə qoşan şəbəkə aşkarlanaraq zərərsizləşdirilməlidir. Amma ölkənin təhlükəsizlik orqanlarının son 11 ildə hansı durumda olduğu göz önündədir. Həmin şəbəkə ləğv olunsa, əminəm ki, problemin qarşısı tezliklə alınacaq. Eyni zamanda ora gedib prosesdə iştirak edən şəxslər Cinayət Məcəlləsi ilə həbs olunmalıdırlar. Onların cəzalandırılmaları çox vacibdir. 

Başqa bir həll yolu variantı yoxdur. Onlarla masa arxasında  oturub, nəyisə müzakirə etmək mümkün deyil. Yalnız cəzalandırmaq lazımdır. Ölkədən çıxmış şəxslərin şəxsiyyət vəsiqələrini deaktiv etmək lazımdır ki, bir daha buraya qayıda bilməsinlər. Getsinlər orada cənnətə düşsünlər. Amma ölkəmizə qayıda bilməsinlər. Bu da çox asandır. Çünki bütün pasportların açarı dövlətin əlindədir. Bu şəxsləri müəyyən etmək çox asandır”
Cia.az