Məlum olduğu kimi, İspaniyanın Kataloniya vilayətinin parlamenti müstəqillik bəyannaməsini qəbul edib. İki saatdan artıq davam edən müzakirələrin sonunda bəyannamənin mətni oxunub və səsverməyə qoyulub. Kataloniya parlamentarilərinin 72-si sənədin lehinə, 63-ü isə əleyhinə səs verib.
Bəyannamə Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil respublika olmaq istiqamətində prosedurun başlanmasını nəzərdə tutur. İspaniyanın Konstitusiya Məhkəməsi isə bu müzakirələrə icazə versə də, qəbul olunacaq qərarın hüquqi əsas daşımayacağını bildirib.
Baş verənlərin Azərbaycana da dolayısı ilə aidiyyəti var. Belə ki, ermənilər hər dəfə buna bənzər proseslər baş verəndə yaranmış situasiyadan öz məqsədləri naminə istifadə etməyə çalışır. Belə ki, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanıdılmasına nail ola bilməyən işğalçı ölkə Kosova, Şotlandiya, Kataloniya hadisələrinin presedent ola biləcəyinə ümid bağlayır.
“Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a durumu şərh edərkən bunları bildirdi: “Əlbəttə, Kataloniya müstəqilliyini qazansa, erməni separatçıları indi bu nümunədən ikiəlli yapışacaqlar. Vaxtilə Kosovo müstəqillik qazandıqda da erməni separatçıları həvəslənmişdilər. Ancaq beynəlxalq aləm, elə öz müttəfiqi Rusiya da erməni separatçılarının ”Kosovo nümunəsinə" fikir vermədi. Çünki Kosovo universal həll mexanizmi deyildi. Yəni Kosovonun müstəqilliyi başqaları üçün presedent ola bilməzdi". E.Şahinoğlu xatırlatdı ki, Dağlıq Qarabağda bunun tərsi baş verib: “Kataloniya da İspaniyanın torpaqlarını işğal etməyib, öz ərazisində referendum keçirməyə qərar verib”.
Ekspert xatırlatdı ki, bu deyilənlər Şotlandiyaya da aiddir: “Erməni separatçıları Kosovo, Katanoniya və ya Şotlandiya nümunələrinə müraciət etdiklərində biz daima onların və beynəlxalq aləmin diqqətinə Qarabağ ətrafındakı rayonların işğalını, etnik təmizləməni, Xocalı və Qarabağda həyata keçirilən digər soyqırımları çatdırmalıyıq. Hələ qoy separatçılar Qarabağ ətrafındakı rayonları boşaltsınlar, azərbaycanlılar geri qayıtsınlar və qayıdan azərbaycanlıların təhlükəsizliyi təmin olsun, ondan sonra referendum haqqında müzakirələr apara bilərik. Bunlar olmadan Kosovo, Kataloniya erməni separatçılarının işinə yaramayacaq”.
Politoloq Şahin Cəfərli isə bildirdi ki, Kataloniya XVIII əsrin əvvəllərində müstəqilliyini itirdikdən və ispanlaşma basqılarına məruz qalmağa başladıqdan bəri müstəqillik bu bölgə insanlarının bir çoxunun ülvi arzusudur: “O dövrdən bəri kataloniyalıların apardıqları mübarizə heç də hədər getməyib və onlar İspaniya tərkibində muxtariyyətə, katalon dilinə rəsmi status verilməsinə və kataloniyalıların ayrı bir xalq kimi tanınmasına nail olublar. Lakin Kataloniya separatizminin öz yekun məqsədinə nail olması və İspaniyadan ayrılmasının önündə həm ciddi hüquqi əngəllər var, həm də hazırkı beynəlxalq konyuktur buna uyğun deyil.
Hazırda Kataloniya məsələsi ətrafında cərəyan edən hadisələr Dağlıq Qarabağ separatizmi üçün heç də müsbət presedent deyil. Əksinə, mərkəzi İspaniya hökumətinin bu məsələdə tutduğu mövqe və bu mövqenin Avropa Birliyi tərəfindən birmənalı dəstəklənməsi Azərbaycan üçün müsbət presedentdir".
Cia.az
