|
Güneydə etirazlar daha da böyüyür
Noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərləri və paytaxt Tehranda fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Dinc aksiyalara təhlükəsizlik qüvvələri kobud şəkildə müdaxilə edib və çoxsaylı etirazçı rejim qüvvələri tərəfindən yaxalanıb. 
Xatırladaq ki, noyabrın 6-da İranın dövlət televiziyası “Kanal 2"-də yayımlanan ”Fitilə" proqramında Güney Azərbaycandan olan türklər təhqir edilib. Buna etiraz olaraq Təbriz başda olmaqla, Güneyin əksər şəhərlərində on minlərlə insan küçələrə axışıb. Aksiyaçılara qarşı zor tətbiq edilib, çox sayda saxlanan var. İranın Dövlət Televiziyasında azərbaycanlıların təhqir edilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının ardınca, Güney Azərbaycanın bir sıra iri şəhərlərində, o sıradan da Ərdəbildə elan edilməmiş bir növ fövqəladə vəziyyət hökm sürməyə başlayıb. “GAMAC” təşkilatının yaydığı məlumata görə, noyabrın 9-u axşam saatlarından başlayaraq Ərdəbildə silahlı polis və təhlükəsizlik qüvvələri şəhərin küçə və meydanlarında nəzarəti ələ alıb, vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət yaradıblar. 
Məlumatlara görə, həbs edilənlər arasında dinc milli-mədəni fəallar Rəhim Qulami, Əli Vasiqi, Murtuza Pərvin və Əli Xeyrcu da var.
 
Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan tanınmış milli-mədəni fəal Abbas Lisaninin iki oğlu da rejim qüvvələrinin hücumuna məruz qalıb və döyülüb. Abbas Lisani məhbəsdə türklərin təhqir edilməsinə etiraz olaraq keçirilən yürüşlərə dəstək vermək məqsədilə aclıq aksiyasına başlayıb.
 
Muğamdakı aksiyalarda çoxsaylı milli-mədəni fəal yaxalanıb. Vəhid Nəriman, Əli Əhmədi, Ətabək Sepehri, Elşən Böyükvənd, Nadir Əzizi, Şəhram Ruhi, Arman Musəvi və Ramin Əzizpur hələlik kimliyi müəyyən edilmiş tutulan fəallardır. Parsabadın inqilab məhkəməsi fəalların 3 günlük saxlanılmasına qərar verib və onların sərbəst buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə təyin edib...
 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyir ki, hələlik bunu milli azadlıq hərəkatı adlandırmaq doğru deyil: “Bunlar milli zəmində bir təhqirə qarşı etiraz addımlarıdır. İndiki şərtlər daxilində milli hərəkatın baş verməsi inandırıcı deyil. Xüsusilə də Qərblə İranın yaxınlaşması zəminində xarici dəstəyin olmayacağı faktorunu nəzərə almalıyıq. Ancaq İranda demokratikləşmə prosesi gerçək mənada başlamayınca, istər siyasi, istərsə də milli azadlıqlar tələbi ilə hərəkatlar zaman-zaman davam edəcək. Bu baxımdan da ən çox hüquqları pozulan azərbaycanlıların vaxtaşırı bu hüquqların bərpası üçün çalışması təəccüblü sayılmamalıdır. Teokratik rejimlərdə insan hansı millətdən olmasına baxmayaraq onsuz da ideoloji təzyiq altındadır. Bu ideoloji təzyiqlə yanaşı, elementar milli haqların pozulması, ana dilində məktəb açılması kimi adi bir tələbin yerinə yetirilməməsi insanlarımızda haqlı olaraq hiddət doğurmaqdadır. Hətta Təbrizin futbol komandasının çempionluğunun siyasi fırıldaq yolu ilə əlindən alınması da göstərir ki, bu istiqamətdə İran rejiminin islahat aparmaq niyyəti yoxdur. Məncə, insan haqlarını qoruyan təşkilatların Azərbaycan probleminə daha ciddi diqqət ayırmasına nail olmasaq, orada mütərəqqi görüşlü soydaşlarımızın təqib və işgəncəsinin qarşısını almaq çətin olacaq”.
 
 
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə “Yeni Müsavat”a açıqlamasında baş verənlərin milli hərəkat olduğunu bildirdi: “Güney Azərbaycanda milli azadlıq hərəkatının çoxdan başladığı düşüncəsindəyəm. Şimali Azərbaycan Milli Azadlıq Hərəkatının ilk illərində Güneydə əsas şüarlar milli müstəviyə çıxmamışdı. Artıq çoxdandır milli haqların gerçəkləşməsi, öz müqəddəratını təyin etmək istiqamətində ardıcıl addımlar, istiqlal və bütövlük məfkurəsinin meydanlara, şüurlara daxil olması milli azadlıq nişanələridir.
 
Azərbaycan türkü haqq səsini ucaltdıqca şovinist, antitürk düşüncəli fars rejimi əsəbləşir, kin və nifrətini milləti aşağılamaqla büruzə verir. Təbii ki, burada antitürk koalisiyasının hiyləgər planlarına tuş gəlməmək ən böyük məsuliyyətimizdir. Çünki Güney Azərbaycanın istiqlalı bölgədə geosiyasi durumu türk etnosunun xeyrinə dəyişəcək. Bunda isə çoxları maraqlı deyil. Tarixi səhvlərdən nəticə çıxara bilsək, Azərbaycan Türkiyə koalisiyası Güney məsələsinə həssas yanaşmalı və vahid strategiya üzrə hərəkət etməlidirlər”.
 
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Güney Azərbaycanda İranın “Kanal 2" telekanalında soydaşlarımızın təhqir olunmasına etiraz olaraq keçirilən aksiyalara münasibət bildirib. (Cebhe.info) M.Çöhrəqanlı hər zaman olduğu kimi, Azərbaycan türklərinin fars rejiminin irqçi siyasətinə lazım olan dərsi verdiyini deyib. GAMOH lideri buna görə Güneydə yaşayan soydaşlarımıza öz təşəkkürünü bildirib: ”Bu gün dəyərli millətimiz onu assimilyasiyaya uğratmağa çalışanların xəyallarını puça çıxardı və milli varlığmıza sahib çıxdı. Gələcək bizimdir, güc birlikdədir".
 
Azərbaycandakı siyasi təşkilatlar da Günaydə baş verənlərlə bağlı etiraz bəyanatı yayıb. Ümid Partiyasının bəyanatında deyilir ki, Güney Azərbaycandan daxil olan bu xəbərlər bizləri də nigaran edib: “...Tehran hökumətini tezliklə bu diskriminasiya hallarına son qoymağa, eləcə də dünən öz təbii haqları uğrunda etiraz edərkən həbs olunan soydaşlarımızı dərhal azad etməyə,  beynəlxalq qurumları da bu olaya seyrçi qalmamağa çağırırıq”.
 
VHP-nin yaydığı etiraz bəyanatında isə deyilir ki, belə bir televiziya tamaşasının efirə verilməsi fars rejiminin Azərbaycan türklərinə qarşı münasibətinin bariz nümunəsidir: “İran hökumətindən bu aşağılayıcı, təhqiramiz siyasətini dayandırmasını, Azərbaycan türklərinə ana dilində təhsil alması, mədəniyyətini açıq şəkildə təbliğ etməsi üçün şərait yaratmasını tələb edirik. Çünki bütün bunların olmaması yaxın müddətdə İranın fars rejiminin devrilməsi və İran adlanan bu ərazidə yaşayan xalqların tarixi dövlətlərini bərpa etməsi ilə nəticələnəcək”.
Cia.az