Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə görüşüb.
Professor Robert Hoyland görüşdə bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış, nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir.
M.Smit Oksford Universitetinin artıq rəsmən qəbul edilmiş bir hissəsi olan Nizami Gəncəvi Mərkəzinin əhəmiyyətindən danışıb və mərkəzin fəaliyyəti üçün göstərdiyi səylərə görə N.Paşayevaya minnətdarlığını bildirib.
Öz növbəsində, N.Paşayeva deyib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik illəri ərzində ölkəmizin elm, təhsil sahəsində həyata keçirildiyi ən ciddi və davamlı beynəlxalq layihədir. Ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanınması üçün dünya şöhrətli nüfuzlu alimlər və tədris ocaqları tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan N.Paşayeva Oksford Universiteti və onun rəhbərliyinin ona və onun timsalında Azərbaycan elminə verdiyi belə yüksək etimada və marağa görə onlara öz minnətdarlığını bildirib.
Sonra professor N.Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professorları Robert Hoyland və Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə görüşüb.
N.Paşayeva Britaniyaya səfəri zamanı 2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla da görüşüb. Bu görüşdə Cəmiyyətin cari fəaliyyəti və layihələri geniş müzakirə edilib.





Cia.az
