Azərbaycan-Gürcüstan sərhədində illərdir davam edən problemlər bitmək bilmir. Belə ki, noyabrın 8-də Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində qeyri-iş günü ilə bağlı qonşu ölkəyə gedən vətəndaşların sayının artması sıxlığın yaranmasına səbəb olub.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli problemlərin günbəgün artdığını söylədi: “Soydaşlarımızın bu məsələdə ciddi problemləri var. Prezidentimiz Gürcüstana səfəri zamanı bu məsələləri dilə gətirdi. Sərhəd hər bir dövlətin tanınma nişanıdır. Təəssüf ki, Azərbaycan-Gürcüstan sərhədindəki dərəbəylik dünyanın heç bir sərhədində yaşanmayıb. Kobudluq, etik qaydalara əməl olunmaması, insanlarla bir əşya kimi davranılması Azərbaycan haqqında heç zaman müsbət imic formalaşdırmayıb. Bu məsələlər bir göstərişlə həll olunası deyil. Ciddi islahatlara ehtiyac var. Bu islahatlar bütün istiqamətləri əhatə etməlidir. Vətəndaşların ən kiçik əşyalarının belə soyğunçuluğa məruz qalması yolverilməzdir. Cəmiyyət olaraq bir dəfə monitorinq aparmışıq. İki gün nümayəndə heyətimiz Gürcüstan və Azərbaycan sərhədlərində davranış qaydaları və digər məsələlərlə bağlı müşahidələr aparıblar, müvafiq qurumlara sorğular veriblər. Bunun müqabilində dövlət başçısına, aidiyyəti qurumlara təkliflərimizi vermişik. İnsanlarımızı incidən amillərlə bağlı təxirəsalınmaz işlərin aparılmasının vacibliyini vurğulamışıq. Təəssüf ki, islahatlar aparılmadığı üçün dediklərimiz havada qalıb”.
Z.Məmmədli rəhbəri olduğu qurumda noyabrın 8-də problemlərlə bağlı bir daha müzakirələr aparıldığını qeyd etdi: “Bu məsələni bir daha cəmiyyətimizin idarə heyətində müzakirə etdik. Yenidən monitorinq qrupunun müşahidələr aparmasının vacibliyini vurğuladıq. Yəqin ki, yaxın günlərdə bu işi həyata keçirəcəyik. Çalışacağıq ki, bir media orqanının nümayəndəsi də olsun. Qurum olaraq üzərimizə düşən işləri həyata keçiririk. Amma təəssüflər olsun ki, hərəkət yoxdur. Azərbaycanda müəyyən islahatların aparılmaması, MTN daxil, bəzi qurumların cinayətkar yuvalara dönməsi, rüşvətxorluğa hər kəsin aludə olması bu problemlərin həllinə imkan vermir. Müəyyən göstərişlərlə məsələ bir az səngiyə bilər. Amma bu da heç nəyi həll etmir. Kadrların dəyişməsinə ciddi ehtiyac var. Gənc, Avropa təhsili görmüş, milli ləyaqəti olanların bu vəzifələrə təyin olunması çox vacibdir. Əmək haqlarının normal olması da vacib şərtlərdən biridir. Belə olduqda insanların cibinə girmək kimi utancverici işlərdən əl çəkərlər.
Bunlar təkliflərimizdir. Son zamanlarda bizdə ümidlər yaranıb ki, prezident səviyyəsində islahatlar aparılmasına start verilir. İslahatlar aparılmasa, sərhədlərimiz daim bizə utanc gətirən səviyyədə olacaq. Biz də bayrağımızda əks olunan dəyərlərə sadiq millətik. Sizin də mətbuat olaraq, bu məsələni gündəmə gətirməyinizdə fayda var. Sizli-bizli bir yerdə ictimai rəyi bu məsələyə yönəltməliyik. Hökumət orqanlarının üzərinə getməliyik. Basqılarımız ardıcıl olmalıdır ki, soydaşlarımız Gürcüstanda layiqli vətəndaş olaraq yaşasınlar. Azərbaycana qürur mənbəyi kimi baxsınlar. Sərhədi keçəndə onları xoş üzlə qarşılayıb, bu şəkildə də yola salsınlar. İnsanları istismar etmək olmaz. Təsəvvür edin ki, Gürcüstandan insanlar ölkəmizə öz minik maşınları ilə gəlirlər. Azərbaycanda bir qayda tətbiq ediblər. Vətəndaşın maşınına depozit qoymaqla bağlı. Bunlar ayıb olan hallardır. Bir insan iki günlük Azərbaycana gəlir. Maşınını satmalıdır? Qanundan kənar bu işlər pul qoparmaq, insanları istismar etmə yollarından biridir. Bu problemlər aradan qaldırılmalıdır”.
Cia.az
