|
Azərbaycan türklərinin təhqir edilməsi Cənubi Azərbaycanı ayağa qaldırdı
İran İslam Respublikası Dövlət Teleradio Təşkilatının rəhbərliyi (İRİB) Azərbaycan dilinə hörmətsizlik edərək onu lağa qoyan “Fitileh” verilişinin efirə verilməsinə məsuliyyət daşıyan əməkdaşı işdən çıxarıb və azərbaycanlılardan üzr istəyib. Noyabrın 6-da efirə gedən verilişlə bağlı ziyalılardan ibarət bir sıra yerli azərbaycanlının etirazından sonra İRİB-in ictimaiyyətlə əlaqələr şöbəsi bəyanatla çıxış edib.
AzərTac-ın yaydığı məlumata görə, bəyanatda deyilir: “Əziz həmvətənlərimizin narahatlığına səbəb olan verilişin efirə buraxılmasına məsuliyyət daşıyanlar işdən azad ediliblər. Əsrlər boyu müxtəlif xalqların nümayəndələri İranda milli birlik və həmrəylik şəraitində yaşayıblar. İranın çoxmilliliyi onun zənginliyini göstərir. Bu milli birliyə zərər vurmağa heç kəsin haqqı çatmır. Bəyanatda televiziya rəhbərliyinin üzrxahlığı bildirilib və bu kimi halların bir daha baş verməyəcəyi vurğulanıb”. 
 
Xatırladaq ki, məsələ ilə əlaqədar televiziyanın iki vəzifəli şəxsinə töhmət verilib.
İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri İran dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər.
 
İran televiziyası məsullarının üzr istəməsinə baxmayaraq, soydaşlarızın etirazları davam edir. (“Amerikanın Səsi”) Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar. 
 
Təbriz millət vəkili Məhəmməd İsmayıl Səidi yerli media ilə müsahibədə İran telekanalında türklərin təhqir edilməsinin qəsdən həyata keçirildiyini ifadə edib. Sosial şəbəkələrin güneyli istifadəçiləri İran televiziyası məsullarının üzrünün səmimi olmadığını, yaydığı bəyanatda türk yerinə “azəri” ifadəsi işlədərək təhqir etməyə davam etdiyini önə çəkirlər. Güneyli fəallar bu növ proqramların yayımını İranda türklərə qarşı sistemli irqçilik siyasətinin bir hissəsi olduğunu vurğulayırlar. İran televiziyasının türkləri növbəti dəfə təhqir etməsi milyonlarla azərbaycanlı ilə yanaşı, bir çox yerli məsulun da etirazına səbəb olub. 
 
Şərqi Azərbaycan valisindən sonra Təbrizin millət vəkilləri və Təbriz Şəhər Şurasının üzvü də bu məsələyə öz etirazlarını bildiriblər. Təbriz Şəhər Şurasının üzvü bildirib: “Şərif türk əhalisinə belə təhqirlər yaraşmaz. Biz Teleradio Şirkəti (səda və sima) tərəfindən dəfələrlə belə proqramların yayımlanmasına şahid olmuşuq. Yenə də türklər açıq-aydın şəkildə təhqir olunub”. 

Həbib Şiri Azər sözlərinin sonunda vuğulayıb ki, Teleradio Şirkətinin rəisi türklərdən rəsmi olaraq üzr istəməli və belə bir təhqiramiz hərəkətə səbəb olanları ciddi şəkildə cəzalandırmalıdır.
 
Təbriz, Azərşəhr və Üskü əhalisinin İran parlamentindəki millət vəkili Teleradio Şirkətinə kəskin etiraz edərək məsələ ilə bağlı Tehranda ən yüksək səviyyədə iclas keçiriləcəyini bildirib. Məhəmməd Hüseyn Fərhəngi bildirib ki, “çox təəssüfedici haldır ki, Azərbaycan əhalisinin şəxsiyyəti və hissiyyatı ilə bu qədər oynayırlar. Bütün bunlar qəbuledilməzdir”.
 
Təbrizin digər millət vəkili Məhəmməd İsmail Səidi də “Fitilə” proqramında yol verilən təhqirə öz münasibətini bildirib. 
 
O bəyan edib ki, “bu təhqirin arxasında müəyyən əllər var. Ona görə də Teleradio Şirkətinin ən yüksək vəzifəli şəxsi Azərbaycan əhalisindən üzr istəməli və proqramı hazırlayanlar cəzalandırılmalıdır”. Millət vəkili əlavə edib ki, üzr istəməkdən başqa həm də bu cərəyan araşdırılmalı və onun səbəbi əhaliyə izah olunmalıdır. Ona görə ki, Azərbaycan əhalisini təhqir etmək elə İran əhalisinin hamısını təhqir etməkdir.
 
Güneydəki mənbələrin yaydığı məlumata görə, Azərbaycan türk milləti irqçiliyə qarşı yürüş keçirəcək. Soydaşlarımız sosial şəbəkələr və müxtəlif şəhərlərdə bildiriş yayaraq əhalini fars irqçiliyinə qarşı kütləvi etirazlara dəvət edir. Aksiyanın Təbrizdə, Saat meydanı - Rasta küçədən Valiliyə (bazar) qədər -Abrəsanda, Zəncanın Səbzə meydanında, Ərdəbilin Şəriəti və Ətayi meydanlarında, Qəzvinin Səbzə meydanında, Astaranın Qomnam xiyabanında keçirilməsi qərara alınıb. 
 
“GAMAC” təşkilatının sözçüsü Məhsa Mehdili, “GAMOH”un rəhbəri Dr. Mahmud Əli Çöhrəqanlı və “Milli Dirəniş” təşkilatının beynəlxalq işlər üzrə məsulu Kərim Əsğəri noyabrın 8-də GünAzTV-yə açıqlama verərək, İranın dövlət televiziyasında Azərbaycanın türk millətinə edilən təhqirlərə qarşı etiraz aksiyaların və yürüşlərin keçirilməsini dəstəklədiklərini bildiriblər.
Ümid Partiyasının funksioneri Rüfət Muradlı şəxsi feysbuk səhifəsində Güney Azərbaycanda xalqın bir daha ayağa qalxdığını yazıb: “İran televiziyasında Azərbaycan türklərinə qarşı hörmətsizliyə qarşı Urmiyədə tələbələrin etiraz aksiyası artıq başa catmaqdadır. Təbrizdə və başqa şəhərlərdə aksiyalara çağırışlar elan olunub. Təbrizdən aldığım məlumata görə, şəhərə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub”.
 
Qəribəsi odur ki, İranın dini və siyasi hakimiyyətində kifayət qədər Azərbaycan türkləri təmsil olunduğu halda, türklərin təhqir olunması vaxtaşırı baş verir. Bundan öncə də dəfələrlə türkləri təhqir edən hallar baş verib, özü də bu, rəsmi mediada əksini tapıb. Ortaya sual çıxır: İran dövlətinin başında türklər dayandığı halda, necə olur ki, elə təhqir olunan da türk milləti olur? 
 
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu barədə “Yeni Müsavat”a aşağıdakıları bildirdi: “Bəzi ”Sovetlər birliyi dağılmasaydı, gələcəkdə türklər hakim olardılar" deyən siyasətbazlarımız üzlərini İran adlı bir dövlətə tutsalar, orada milli məzmununu itirmiş səlahiyyət sahiblərinin düşməndən də qorxulu məxluqlara çevrildiklərini görsələr bir az düşünərdilər. İran, fars şovinizmi yaranışından türk millətinə düşmənçilik edib. Hətta fars düşüncəsinin məhsulu olaraq İslam dininin bölünməsinin və siyasi İslamın mahiyyətində də Türkə qarşı düşmənçilik durur. Bu cür - istər diktatura, istərsə də teokratik rejimlər başqa millətlərin ləyaqətlisini heç zaman görəv sahibi etməzlər. Onlar milli məzmununu, mahiyyətini itirmiş türk qanı daşıyan, amma türk olmayanları yuxarı mərtəbələrə dartıblar".
 
Z.Məmmədli bildirdi ki, son olayda millətimizin həyasızcasına təhqir olunması isə meydan oxumaqdır:“Unudulmamalıdır ki, İran Azərbaycanın düşmənləri ilə - Ermənistan və Rusiya ilə dostdur. Ola bilər ki, dərin qatda başqa siyasi hədəflər, məkrli planlar olsun. Gerçəklik isə odur ki, millətimiz təhqir olunub və rejim onun bədəlini ödəməlidir. Bu cür həqarətlərin birdəfəlik qarşısının alınması isə Güney Azərbaycanın istiqlalından, Azərbaycan və Türkiyənin Güney Azərbaycanın haqq davasının yanında olmasından asılıdır”.
Cia.az