|
Hansı təyyarə ilə uçsaq,

Dünyanın ən etibarlı təyyarələri və reysləri; son qəzadan sonra ləğv olunan marşrutlar və daha nələr...

Statistikaya görə, hər səkkiz milyon uçuşdan biri qəza ilə nəticələnir. Yəni təyyarə qəzası əslində çox da yüksək ehtimal sayılmır. Amma son günlər baş verən təyyarə qəzalarından sonra bu mövzu aktuallaşdı: ən etibarlı təyyarələr, reyslər və hava yolu şirkətləri hansılardır? Ya da ən təhlükəli olanların siyahısında nələr var? 
ABŞ-ın ən köklü və nüfuzlu təşkilatı olan Beynəlxalq Təhlükəsizlik Qurumunun (National Transportation Safety Board-NTSB) araşdırmasına görə, təyyarə ilə səyahət, avtomobillə səyahətə nisbətən 6, qatarla səyahətə nisbətən 2 dəfə daha etibarlıdır. Hər gün Yer kürəsi üzrə təxminən 100 min uçuş həyata keçirilir və bu sektora milyardlarla dollar xərclənir.

Qəzalar yol açdığı acı itkilərlə paralel olaraq, bu sektora olan etibarı da sarsıdır. 
Hansı reyslər dayandırılıb? 
 
Fransa Sivil Havaçılıq Şirkəti (DGAC) dünya miqyasında müharibə və insident olan bölgələrdə uçuşa məhdudiyyətlər gətirdiyini açıqlayıb. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, uçuş qadağası olan bölgələr Fransız hava yolu şirkətlərinin sıx-sıx uçduğu Ukrayna, Liviya, Suriya, İraq, Yəmən, Sudan, Güney Sudan, Somali, İranın cənub şərqi, Əfaqanıstan və Pakistandan ibarət 11 ölkəni əhatə edir. «Lufthansa» və  «Emirates» şirkətlərinin də Misir və Orta Şərq ərazindən istifadə etməməsi, Anadolunun, Avropadan Asiyaya açılan ana koridor funksiyasını daşıması nəticəsini də gətirdi. Təyyarə şirkətlərinin tətbiq etdiyi uçuş məhdudlaşdırmaları havaçılıq tarixində fərqli bir dönəmə girdiyinin siqnallarını verir. 
AzadlıqRadiosu isə yazıb ki, Rusiyaya məxsus sərnişin təyyarəsinin Sinay yarımadası üzərində ziddiyyətli şəkildə qəzaya uğramasının ardınca Qərbin bir sıra hava şirkətləri Misirin kurort şəhəri Şarm əl-Şeyxə reyslərini dayandırıblar.
 
Böyük Britaniyanın ardınca Fransa, Belçika və Hollandiya da öz vətəndaşlarına Misirin Şarm əl-Şeyx kurortuna səfərlərdən çəkinməyi tövsiyə ediblər. Almaniyanın hava şirkətləri bu şəhərə bütün uçuşlarını dayandırıb.
 
Britaniya Şarm əl-Şeyxdə ilişib qalmış vətəndaşlarının Misirdən çıxarılmasını cümə gününədək başa çatdıracaq.
 
Rusiyanın “Airbus A321" təyyarəsinin qəzaya uğramasının səbəbləri tam araşdırılmayıb. İŞİD-ə  bağlı qruplaşmalar təyyarənin məhv edilməsi üçün məsuliyyəti öz üzərinə götürüblər.
 
Britaniya və ABŞ liderləri də 224 sərnişinin həyatına son qoymuş qəzanın bomba partlayışı nəticəsində baş verdiyi barədə bəyanatlar veriblər.
 
Rusiya Qərb liderlərini təyyarə qəzasının rəsmi təhqiqatı başa çatanadək hər hansı bəyanatlardan çəkinməyə çağırıb.
 
Bununla belə Britaniyanın baş naziri Devid Kameron deyib ki, vətəndaşların təhlükəsizliyi naminə Şarm əl-Şeyx hava limanında təhlükəsizlik təftişi başa çatanadək bu şəhərə bütün uçuşlar dayandırılıb.
 
Belçika hökuməti də təyyarə qəzası təhqiqatının nəticələri bəlli olanadək öz vətəndaşlarını Şarm əl-Şeyxə səfər etməkdən çəkindirən bəyanat yayıb.
 
Almaniyanın Lufhansa şirkəti bəyan edib ki, ona tabe “Edelweiss” və “Eurowings” şirkətlərinin Şarm əl-Şeyxə uçuşlarını dayandırıb.
 
Rusiya sərnişin təyyarələrinin Şarm əl-Şeyxə uçuşları davam edir.

Bunlar ən etibarlı aviaşirkətlərdir... 
 
Almaniyanın JACDEC (Jet Airliner Crash Data Evaluation Centre) adlı təyyarə qəzalarını araşdıran bürosu Hamburqda ənənəvi “Dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqi”-ni təqdim edib. Banker.az saytı bu reytinqin 2013-cü ilin nəticələrinə əsasən təşkil edildiyini xəbər verib və siyahını təqdim edib. 
 
“Air New Zealand” - Yeni Zellandiyanın milli aviaşirkətidir və əsası 1940-cı ildə qurulub. Aviaşirkət ölkədaxili 27, əcnəbi ölkələrə isə 26 istiqamətdə uçuşlar həyata keçirir. “Air New Zealand” dünyada yeganə aviaşirkətdir ki, onunla Yer kürəsinin ətrafında dövr etmək mümkündür. Bu aviaşirkət 2012-2013-cü illərdə Piter Ceksonun “Hobbit” adlı reklam kampaniyasında iştirak etmişdi.
 
“Cathay Pacific Airways” - şirkəti 1946-cı ildə yaradılıb və Honq Konqun beynəlxalq hava limanında yerləşir. Aviaşirkət mütəmadi olaraq bütün dünya üzrə 114 istiqamətə sərnişin və yük daşınmasını həyata keçirir. “Cathay Pacific” şirkəti Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.
 
“Finnair” - 1924-cü ildə yaradılıb. Bu əsas bazası ilə Vantaa şəhərində yerləşən Finlandiyanın milli aviaşirkətidir. “Finnair” dünyanın 50 dövlətinə reyslər təşkil edir və 1963-cü ildən etibarən Avropanın ən təhlükəsiz hava daşıyıcısı hesab olunur.
 
“Emirates” - Dubayda yerləşən dünyanın ən nəhəng aviaşirkətlərindən biri olan “Emirates”in əsası 1985-ci ildə qoyulub. “Emirates Airlines” şirkətinin marşrut xətti bütün dünya üzrə 130-dan çox şəhər və 60-dan çox ölkəni əhatə edir. Şirkətin aviaparkı dünyada ən gənclərdən biridir və 200 “Airbus” və “Boeing” təyyarələrindən ibarətdir. Hər həftə Dubaydan mindən çox təyyarə 6 qitəyə uçur.
 
“EVA Air” - əsası 1991-ci ildə qoyulub və Tayvanın böyüklüyünə görə ikinci aviaşirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikaya beynəlxalq reyslər təşkil edir. Burada hər il 6 milyon sərnişin daşınır. Şirkətin özünün “Evergreen Club” loyallıq proqramı mövcuddur.
“British Airways” - əsası 1974-cü ildə qoyulub və Böyük Britaniyanın nəhəng aviaşirkətlərindən biridir. Şirkətin baza hava limanları “Heathrow” və “Gatwick”dir. Bununla yanaşı, “British Airways Oneworld” aviasiya ittifaqının üzvüdür. Şirkətin təyyarələri bütün dünya üzrə 222 reys həyata keçirir. Şirkət həmçinin Avropada ən böyük və gənc təyyarə parkına sahibdir.
 
“TAP Portugal”  - əsası 1946-cı ildə qoyulub və Portuqaliyanın milli aviaşirkətidir. Şirkət Lissabonun Portela hava limanında yerləşir. Şirkət 14 mart 2005-ci ildən etibarən “Star Alliance”a daxildir. TAP Braziliyaya reyslər təşkil edən nəhəng operatordur. Hazırda TAP şəbəkəsinə 30 ölkədə 65 hava limanı daxildir. Şirkət gündəlik olaraq isə 1600 reys həyata keçirir.
 
“Etihad Airways” - əsası 2003-cü ildə qoyulub və BƏƏ-nin milli aviaşirkətidır. Şirkətin baş-qərargahı Abu-Dabidə yerləşir. “Etihad” ərəb dilindən tərcümədə “ittifaq” mənasını verir. Şirkət Yaxın Şərq, Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya 84 istiqamətdə yük və sərnişin daşınmasını həyata keçirir.
 
“Air Canada” - əsası 1937-ci ildə qoyulub və “Star Alliance”ın yaradıcı üzvlərindən biridir. Şirkət Monreal şəhərində yerləşir. “Air Canada” 5 qitə üzrə 175 istiqamətlərdə uçuşlar həyata keçirir. 23 iyul 1983-cü ildə Monrealdan uçuş həyata keçirən aviaşirkətin “Boeing 767-200" təyyarəsi şirkətin tarixinə ”Gimli planeri" adı ilə daxil olub. Belə ki, uçuş zamanı təyyarənin yanacağı bitir. Bu zaman təyyarənin komandiri Robert Pirson idarəetmə panellərinin köməkliyi ilə təyyarəni öz idarəsi altına ala bilir və onu 60 sərnişin və 8 heyət üzvü ilə “Gimli” aviabazasına endirə bilir.
 
“Qantas Airways” - əsası 1922-ci ildə qoyulub və Avstraliyanın ən böyük aviaşirkətidir. Şirkət dünyanın ən qədim aviaşirkətləri siyahısında ikinci yerdədir. Həmçinin “Uçan kenquru” (The Flying Kangaroo) ləqəbinə sahibdir. Şirkətin baş qərargahı Sidneydə yerləşir və 144 istiqamətdə uçuşlar həyata keçirir. “Qantas”ın təyyarə heyətinə 135 hava gəmisi daxildir.
16 saat 55 dəqiqəlik uçuş - qəzalar uzunmüddətli uçuşlarda olur? 
 
Maraqlidir ki, çox vaxt qəzalar uzunmüddətli uçuşlarda daha çox özünü göstərir. Dünyanın 10 ən uzaq məsafəli “non-stop” uçuşunun ümumi uzunluğu 133 095,967488 kilometr, yaxud 82 702 mildir. Həmin reyslər 16-17 saat müddətində reallaşır. Məlumata görə, onluqda sonuncu yeri “Cathay Pacific” Hava Yolları Şirkətinə məxsus Nyu-York - Honq Konq reysi tutur. “Boeing 777-300ER” vasitəsilə reallaşdırılan 8 072 mil məsafəlik uçuş 16 saat çəkir.
 
“Emirates” tərəfindən 15 saat 50 dəqiqə müddətində bir-birindən 8 103 mil məsafədə yerləşən Dubay və San-Fransisko şəhərləri arasında reallaşdırılan uçuş 9-cudur. Bu uçuşlar “Airbus A380-800" vasitəsilə reallaşır. 
 
“Boeing 777-300ER” vasitəsilə reallaşdırılan Dallas - Honq Konq reysi bu siyahıda səkkizincidir. “American Airlines”in təyyarəsi 8 123 mil məsafəni 16 saat 20 dəqiqə müddətinə qət edir.
 
Dünyanın 7-ci ən uzaqməsafəli reysi “Etihad Airways” tərəfindən 8 158 mil məsafədə reallaşdırlan Əbu-Dabi - San-Fransisko reysidir. Bu məsafəni “Boeing 777-300ER” təyyarələri 16 saat 15 dəqiqəyə başa vurur.
 
“Emirates” tərəfindən Dubaydan Hyustona 16 saat 20 dəqiqə müddətində reallaşdırılan reyslər bu sıralamada 6-cı yerdədir. Uçış zamanı “Airbus A380-800" 8 168 mil qət edir.
Səudiyyə Ərəbistanın Ciddə şəhəri ilə ABŞ-ın Los-Anceles şəhərlərini birləşdirən 8 332 mil məsafəni “Boeing 777-300ER” təyyarələri 16 saat 55 dəqiqəyə qət edir. “Saudia” Hava Yolları Şirkəti tərəfindən reallaşdırılan bu reyslər reytinqdə 5-cidir.
 
Ümumi uzunluğu 8 339 mil olan Dubay - Los-Anceles reysi bu sıralamada 4-cüdür. “Airbus A380-800" təyyarələrinin 16 saat 35 dəqiqəyə qət etdiyi bu uçuşlar ”Emirates" tərəfindən həyata keçirilir.
 
Siyahının ilk üçlüyünə ümumi uzunluğu 8 390 mil olan Əbu-Dabi - Los-Anceles reysi daxildir. “Etihad Airways” tərəfindən “Boeing 777-200LR” vasitəsilə reallaşdırılan uçuşun müddəti 16 saat 25 dəqiqədir.
 
Dünyanın ən uzun saat davam edən aviareyslər siyahısında ikinci olan Yohannesburq-Atlanta reysinin məsafəsi 8 439 mil, uçuş müddəti isə 16 saat 40 dəqiqədir. Bu uçuşlar “Boeing 777-200LR” vasitəsilə “Delta Air Lines” tərəfindən reallaşdırılır.
 
Onluğa liderliyi isə Sidney-Dallas aviareysi edir ki, onun da uçuş məsafəsi 8 578 mildir. “Qantas” Hava Yolları Şirkətinin “Airbus A380-800" təyyarələri vasitəsilə reallaşdırdığı bu uçuşu müddəti isə 16 saat 55 dəqiqədir.
 
Xatırladaq ki, dünyada saatlarla sürən birbaşa uçuşlardan birini AZAL təşkil edir. Bakı - Nyu-York reysi ilə “Airbus Industrie A340" təyyarələri ilə reallaşdırılan uçuşların müddəti 12 saat 55 dəqiqə çəkir.
 
Təyyarədəki ən etibarlı oturacaq hansıdır? 
 
Təyyarədə ən etibarı oturacaq hansıdır? Bu mövzuda müzakirələr gedən zaman ən çox eşidilən cavab heç şübhəsiz ki, “təhlükəsizlik kəmərini taxdığınız hər bir oturacaq” olacaq. Belə ki, təhlükəsizlik kəməri havada yaşana biləcək təhlükələrdən qorunmanıza ciddi təsir edir. Oturacağın etibarlılığı isə təyyarənin tipinə görə dəyişir. Airlineratings.com saytı qəza statistikalarını təhlil edərək, insan itkisinin çox olduğu qəza yerlərini üzə çıxarıb. Nəticədə qəza sonrası həyatda qalanların oturduğu oturacaqların yerləşdiyi bölgə incələnib. Qanad arxasında və təyyarənin ən arxa hissəsində oturanların həyatda qalma faizləri daha yüksəkdir. ABŞ-ın “Channel 4" kanalında yayımlanan ”The Crash" (Qəza) adlı sənədli filmin prodüserləri bunu daha yaxşı təhlil etmək üçün bir araşdırma aparıblar. Məlum olub ki, qabaq oturacaqlardakı sərnişinlərin yaşama şansı yoxdur. Amma təyyarənin yerdə qalan 78 faizinin sağ olaraq qurtulma ehtimalı var. 
 
Araşdırmaya görə, oturacaq nömrəsi yüksəldikcə yaşama şansı da yüksəlir. Yəni təyyarənin arxa oturacaqlarında oturmaq daha etibarlıdır. “Popular Mechanics” adlı avtomobil və texnologiya jurnalı 1971-ci ildən bəri baş verən qəzaları bir-bir araşdırıb. Araşdırmanın nəticələrinə görə, arxa tərəfdə oturan sərnişinlərin 69 faizi, qanad üstündə oturan sərnişinlərin 56 faizi və qabaq tərəfdə oturan sərnişinlərin 49 faizinin sağ qalmaq ehtimalı var. Bütün hallarda təyyarənin arxa tərəfinin daha etibarlı olduğu üzə çıxır. 
Cia.az