Mərkəzi Bank banklara müştərilərinə yüz min manatdan artıq nağd pul verməmək barədə göstəriş verib. Bu, rəsmi rərar deyil. Bildirilir ki, banklara şifahi şəkildə göstəriş verilib. Ekspertlər bu addımı ölkədən valyuta axınının çıxmasının qarşısını almaq cəhdi kimi qiymətləndirirlər.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bank banklara şifahi göstəriş verib: “Yəni müştərilərə birdəfəlik 100 000 manatdan çox nağd pul verməsinlər. Həmçinin müştəriləri xaricə 100 000 manatdan çox pul köçürməyə qoymasınlar. Bu, həqiqətdirsə, bunun ancaq bir səbəbi ola bilər: ölkədən xarici valyuta axınının qarşısının alınması. Mən fevral ayından bu yana dəfələrlə demişəm ki, Mərkəzi Bank növbəti devalvasiyaya getməmək üçün təcili olaraq valyuta axınının qarşısını almaq məqsədilə normativ tələblərini sərtləşdirilməlidir. Nəhayət ki, Mərkəzi Bank mən deyəni etməyə başlayıb.
Lakin Mərkəzi Bank bunu çox gec etməyə başladı. Valyuta ehtiyatlarının xeyli hissəsini itirəndən, valyutanın böyük hissəsinin xaricə qaçmasından və növbəti devalvasiya üçün tam şərait yaratdıqdan sonra. Ümumiyyətlə, bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması yaxşı olardı. Mərkəzi Bankın rəhbərliyi bu labüd qərarı niyə bu qədər gecikdirdi və ölkəni xarici valyutasız qoydu? Maraq nə idi? Mərkəzi Bankın rəhbərliyi kimlərin mənafeyinə qulluq edir? Ən əsası isə Mərkəzi Bank ənənəsinə sadiq qalaraq düzgün addımlarını belə qanunsuz formada həyata keçirir. Əvvəllər banklara qanunsuz məktublar yazırdı. Mən bir neçə dəfə banklara məktub formasında göstəriş verilməsinin qanunsuz olduğunu demişəm, bu haqda hətta iri həcmli məqalə də yazmışam. Yəqin buna görə də Mərkəzi Bank indi şifahi göstəriş formasına keçib ki, iz qoymasın. Lakin təbii ki, bu da qanunsuzdur”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank tərəfindən banklar üçün qayda müəyyən etməyin yalnız bir qanuni forması var: normativ xarakterli akt qəbul etmək və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına aldırmaq. “Banklar hər hansı şifahi göstərişə əməl etməyə məcbur deyil. Həm də ki, bank müştərisinə bu qadağanı necə izah etsin? Axı bankın müştəriyə 100 000 manatlıq qadağa qoyması qanunvericiliyə ziddir indiki şəraitdə. Müştəri buna görə həmin bankı məhkəməyə versə, Mərkəzi Bank onunla məsuliyyəti bölüşəcək? Əlbəttə, yox! Çünki banklara belə də deyib: ”Bizim adımızı çəkməyin". Bankları yenə müştəriləri ilə üz-üzə qoyurlar. Bir sözlə, həmişəki kimi, Mərkəzi Bank qanunsuz qərarlar verir və onları izah etmir. Nəticədə banklar yenə də pis vəziyyətdə qalacaq, bank sistemi daha da zəifləyəcək, əhali təlaş içində olacaq. Kimə lazımdır belə Mərkəzi Bank?"
Cia.az
