|
Prezident İlham Əliyev Tiflisdən mühüm mesajlar verdi
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük səfəri başa çatıb. Xəbər verildiyi kimi, ziyarətin birinci günü o, gürcü həmkarı Georgi Marqvelaşvili ilə öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin səfərinin əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Müzakirələr zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadi, tranzit, mədəniyyət, təhsil, elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi barədə Birgə Bəyannamə imzalanıb. Prezidentlər mətbuata bəyanatla da çıxış ediblər.
 
*** 
Görüşlərdən sonra Azərbaycan prezidenti iki qonşu dövlət arasında uğurlu əməkdaşlığın olduğunu və bu əməkdaşlığın daha da dərinləşməsində Bakının maraqlı olduğunu söyləyib. “Biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik və bir daha iradəmizi ortaya qoyduq ki, bu layihələr və məsələlər tezliklə həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq”, - deyə prezident qeyd edib.  
 
 
İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb: “Azərbaycanın çox zəngin qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək”. İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə eyni mövqedən çıxış edəcəyini qeyd edib. 
 
“Ölkələrimiz arasında əlaqələr xoş niyyətli və qonşuluq münasibətlərinə əsaslanır və bu münasibətlər çoxsaylı imtahanlardan keçib. Azərbaycandan Gürcüstana iqtisadiyyatına böyük dəstək var. Bunun üçün biz Azərbaycan xalqına minnətdarıq”. Bunu isə Gürcüstan prezidenti deyib. 
 
 
“Biz görüşümüzdə regionda qloballıq nöqteyi-nəzərdən çıxış etdik, sabitlik haqqında danışdıq, stabilliyin əhəmiyyətini vurğuladıq. Münaqişələrin sülh yolu ilə həllinin vacibliyini, bir-birimizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədik. Azərbaycan prezidentinin seçkilərdən sonra ölkəmizə gəlişi böyük əhəmiyyət kəsb edir” - Marqvelaşvili qeyd edib. Onun sözlərinə görə, Gürcüstan Avropa və Asiya arasında həmişə dəhliz rolunu oynayıb: “Biz nəqliyyat funksiyasına vəfalı olduğumuzu göstərmişik. Bu mənada münasibətləri dərinləşdirməyə həmişə hazırıq”.

*** 
 
Tiflisdə Azərbaycan prezidentinin şərəfinə Gürcüstan prezidenti adından verilən rəsmi ziyafətdə çıxışı zamanı isə İlham Əliyev bildirib ki, keçirilən görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın inkişafına və genişlənməsinə töhfə verəcək. “Biz artıq etibarlı tərəfdaş olduğumuzu sübut etmişik, birgə səylərimizlə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edir” - deyib o. 

Dövlət başçısı habelə, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi kimi həll olunmamış münaqişələri göstərib, Qarabağ məsələsindən danışıb: “Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişələr ancaq ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.
 
 
Azərbaycan prezidenti Marneulidə azərbaycanlılarla da görüşüb. Görüşdə Giorgi Marqvelaşvili də iştirak edib. Çıxışında İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb. O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini bildirib: “Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Biz bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb...”


*** 
Azərbaycan prezidentinin Gürcüstan səfəri bir neçə aspektdən diqqətdə idi. Əvvəla, o, Ermənistan prezidenti Serj Sərkisyanın Tiflis ziyarətindən bir neçə gün sonraya təsadüf edirdi. Eyni zamanda 1 noyabr seçkilərindən dərhal sonra xaricə edilən ilk səfər kimi Azərbaycanın Gürcüstana verdiyi önəmə işarə sayılırdı. Üçüncü yandan iki ölkə münasibətləri ilə bağlı son vaxtlar bəzi ciddi suallar ortaya çıxmışdı ki, onlara təcili cavablar tapılmalı idi. 
Belə görünür, bu suallara təkbətək görüşdə cavablar alınıb. Görüşün detalları bəlli olmasa da, iki ölkə başçılarının açıqlamalarından və imzalanan birgə bəyannamədən, hər halda, bəzi qənaətlər hasil olur. Məsələn, Gürcüstanla Azərbaycanın gələcəkdə də eyni mövqedən çıxış edəcəyi, regiondakı konfliktlərin (Qarabağ və s.) həllinə vahid yanaşma sərgilənəcəyi, bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstəyin davam edəcəyi barədə əldə olunan anlaşma, hərbi-müdafiə, energetika-tranzit qaz, kommunikasiya sahələrində əməkdaşlığın dərinləşəcəyi haqda öhdəlik, habelə İlham Əliyevin iki günlük səfəri uğurlu adlandırması çox mühüm detallardır və öncəliklə işğalçı Ermənistana münasibətdə rəsmi Tiflisin Azərbaycanın maraqlarını ciddiyə alacağının anonsudur.
 
Söhbət əlbəttə ki, həm də son vaxtlar aktuallıq qazanmış İran qazının Ermənistan ərazisindən Gürcüstana tranziti və Abxaziya dəmir yolunun açılması perspektivindən gedir. Lakin səfərə yekun qiymət yəqin ki, bir qədər sonra veriləcək. Çünki Gürcüstanda Azərbaycandan fərqli olaraq prezidentli üsul-idarə yox, parlamentli idarəçilik mövcuddur və baş nazirin (hökumətin) mövqeyi də az əhəmiyyət kəsb eləmir.

Maraqlıdır ki, İlham Əliyev Bakıda 3 saatlıq söhbət apardığı baş nazir İrakli Qaribaşvili ilə Tiflisdə bir araya gəlsə də, hökumətin “boz kardinalı” və Rusiyanın gizli adamı sayılan sabiq baş nazir, Ermənistanla ortaq layihələrin ideya müəllifi, milyarder Bidzina İvanişvili ilə görüşmədi. Halbuki Sərkisyan İvanişvili ilə Tiflisdə məxsusi təmasda olmuşdu.  
Cia.az