Parlament seçkiləri geridə qaldı. Qalibləri və məğlubları ilə bir yerdə. Amma bu ərəfədə ən maraqlı müzakirə məğlubların qalibləri təbrik etməsidir. Necə ki, bunu yaxşı siyasətçinin, yaxşı siyasətin əlifbası hesab edirlər. Yaxşı siyasət adamı məğlubiyyəti də qalibiyyət kimi yaşamağı bacarmalı və siyasi mədəniyyət nümayiş etdirməlidir.
Məlumdur ki, dünyanın tanınmış siyasətçiləri daim imicmeykerlərlə, piar ustaları ilə işləyirlər. Onların asi olmaq, əsəbi jestlər etmək lüksləri yoxdur. Bu səbəbdən də bəzi addımları məhz publikaya hesablanmış, onun rəğbətini qazanmağa yönəlik olmalıdır. Məğlub siyasətçinin qalibi təbrik etməsi nə anlama gəlir? Siyasi dözümlülük, tolerantlıq, mədəniyyət... Bir seçici bundan başqa nə istəyə bilər ki?
Ən yadda qalan təbrik jeslərini yada salaq. 2013-cü ildə Gürcüstanda keçirilən prezident seçkilərindən az sonra Mixail Saakaşvilinin partiyasından olan namizəd David Bakradze düzənlədiyi brifinqdə hakim koalisiyanın namizədi Georgi Marqvelaşvilini qələbə münasibətilə təbrik edib. Bakradze bildirib: “MSK-nın hesablaması Marqvelaşvilinin qələbəsini təsdiq edən exit-poll-un mənzərəsini çətin ki, dəyişə”.
Türkiyədəki 2014-cü il 10 avqust prezident seçkisində AKP namizədi Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olmuş Ekmələddin İhsanoğlu öz rəqibini qələbə münasibətilə təbrik etmişdi. Müxalifətin vahid namizədi təbrik mətnində belə demişdi: “Cəmi bir ay qabaq çox az adam məni tanıyırdı. Bu gün isə mənə seçicilərin təxminən 40 faizi səs verib. Bu rəqəm çox mühümdür və göstəricidir. Mən Rəcəb Tayyib Ərdoğanı qələbə münasibətilə təbrik edir, ona bu yolda uğurlar arzu edirəm”.
Okeanın o tayına nəzər salaq. 2008-ci ildə də Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərində məğlub olmuş respublikaçı namizəd Con Makkeyn rəqibi Barak Obamanı təbrik etmişdi. Con Makkeyn tərəfdarları önündə çıxışı zamanı bir müddət əvvəl Barak Obamaya zəng vuraraq onu təbrik etdiyini deyib: “Biz qalib gəlmək üçün bacardığımız qədər gərgin mübarizə apardıq, lakin qələbəyə nail ola bilmədik. Bu, respublikaçıların deyil, mənim məğlubiyyətimdir. Buraxdığım səhvlərə görə təəssüf etmirəm. Bu seçki kampaniyası mənim həyatımın ən şərəfli anları idi”.
2012-ci ildə də B.Obama öz rəqiblərinin təbrik jestlərini qəbul edib. Bunlardan biri də prezident seçkilərində respublikaçıların namizədi Mitt Romni olmuşdu. Rəqibi Barak Obamanı qələbə münasibətilə təbrik edən Romni əvvəlcə Obamaya telefonla zəng vurub, daha sonra Bostonda seçiciləri qarşısında çıxış edib. "Ölkə başqa lideri seçib, buna görə mən və həyat yoldaşım onun üçün dualar edəcəyik" deyə, o bildirib.
Azərbaycan da belə nümunələrdən xali deyil. Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Yalçın Baloğlanov bugünlərdə bəyanat yayıb. O bildirib ki, seçkiyə qoşulan bütün namizədlərin seçicilərin etimadını qazanmağa layiqli insanlar olmağı şübhə yaratmayıb. Seçkilərin yekunu Azay Quliyevin seçici etimadını daha çox qazanmasını təsdiq edib.
Qeyd edək ki, Yalçın Baloğlanov Azay Quliyevi qələbə münasibətilə təbrik edən sayca ikinci rəqibidir. Buna qədər Böyük Quruluş Partiyasının (BQP) namizədi kimi 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Dürdanə Aslanzadə də Azay Quliyevi qələbə münasibətilə təbrik edib.
Modern.az-a açıqlamalarında qalib deputatlar kimlərdən təbrik aldıqlarını bildiriblər. Fazil Mustafa deyib ki, rəqibindən təbrik alıb: “AMİP-in sədr vəzifəsini icra edən baş katibi Arzuxan Əlizadə zəng vurub məni təbrik edərək, uğurlar arzu etdi”.
60 saylı Salyan-Neftçala seçki dairəsində qələbəsi elan olunmuş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə təbrik alıb: “Rəqib namizədlərdən bir neçəsi məni təbrik etdi. Əfzələddin Zakirov, Rüstəm Məlikov, Səlimağa Səlimli zəng vurub məni qələbə münasibətilə təbrik etdilər”.
34 saylı Xətai ikinci seçki dairəsindən deputat olan Fuad Muradovun da rəqibləri siyasi mədəniyyət nümunəsi göstəriblər: “Məni namizədlərin çoxu təbrik edib. 5 nəfər isə mənim xeyrimə namizədliyini geri götürmüşdü. Onlar da məni təbrik ediblər”.
Cia.az
Cia.az
