“Demokratiyanın beşiyi” seçkilərlə bağlı “təəssüf”ünü bildirir, “narahatlıq” keçirir, dinləmələrə qərar verir, ancaq əməkdaşlıq da edir
Mehman Əliyev: “Amerika Bakı ilə üç məsələdə razılaşıb”
Azərbaycanda keçirilmiş 1 noyabr parlament seçkilərinə Qərb paytaxtlarından reaksiyalar gəlməkdədir. Rəsmi Bakı üçün mühüm əhəmiyyət kəsb edən ABŞ Dövlət Departamentinin mövqeyi isə özünü çox gözlətməyib.
Departamentin açıqlamasında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə lazımi sayda müşahidəçinin gəlməsinə imkan verməməsindən, buna görə də ATƏT-in seçkiləri müşahidə etmək imkanı olmamasından təəssüf ifadə olunub. “ATƏT-in iştirakı olmadan biz fundamental azadlıqlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına dair bu qurumun əvvəlki məsləhətlərini icra etməkdə Azərbaycanın irəliləyişə nail olduğunu deyə bilmərik.
Ölkədə məhdud siyasi mühit olmasına dair narahatlığımız davam edir və biz Azərbaycan hökumətini sərbəst toplaşma, birləşmə azadlıqlarına, ölkənin beynəlxalq öhdəliyi olan fikir azadlığının, o cümlədən media azadlığının təmin edilməsinə hörmətlə yanaşmağa, həmçinin bu istiqamətdə DTİHB də daxil olmaqla, ATƏT-lə işləməyə çağırırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə güclü, sabit, demokratik və firavan gələcək qurmaq istiqmətində işləməyə sadiq qalırıq”, - deyə açıqlamada qeyd olunur. Göründüyü kimi, Vaşinqton narahatlığını ifadə etməklə yanaşı, əməkdaşlığa üstünlük verdiyini də gizlətmir. Azərbaycanın sanksiyalara məruz qoyula biləcəyi barədə iddialara rəğmən Vaşinqton Bakıya əməkdaşlığı davam etdirməyi təklif edir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da olduqca ehtiyatlı açıqlaması ilə diqqət çəkib. Diplomat deyib ki, ABŞ Azərbaycan parlamenti ilə əməkdaşlığı davam etdirəcək. Cənab Sekutanın seçki ərəfəsi müxalifətlə təmaslarını xatırlasaq, onun açıqlamasında müxalifətin aparıcı partiyalarının seçkidə iştirak etməməsi, yaxud mandat qazanmaması barədə heç nə deyilməməsi ziddiyyətli suallar doğurur.
Bəzi ekspertlər hesab edir ki, Amerika səfirinin son dərəcə ehtiyatlı mövqeyi bundan əvvəlki illərdə bəzi Amerika səfirləri ilə Azərbaycan hakimiyyətinin sərt münasibətinin olmasından qaynaqlanır. Bu səbəbdən də səfir maksimum ölçülü-biçili davranır.
ABŞ-ın Azərbaycanla bağlı ziddiyyətli mövqeyini şərh edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a bildirdi ki, bu mövqe Vaşinqtonun Azərbaycandankı parlament seçkilərinin nəticələri ilə barışdığını təsdiqləyir: “ATƏT-in və ABŞ-ın seçkilərdə iştirak etməməsi də əslində seçkinin bu formada keçirilməsinə razılıq verilməsi demək idi, əvvəldən faktla barışmağın nəticəsi idi. Sadəcə olaraq, sonrakı qiymətləndirmələrin hamısında ”təəssüf" məsələsi var, qınaq, sərt ifadələr yoxdur. Yəni müşahidə yoxdursa, deməli, qınaqlar da olmayacaq. Eyni zamanda rəylər belə də olmalıydı. Bunlar deyə bilməz ki, seçki çox gözəl keçdi. Siyasi mövzuda problemlər, sadəcə olaraq, ona görə xatırladılır ki, yaxşı, seçki ötüb keçdi, ortadakı problemləri həll etmək lazımdır. Yəni demək istəyirlər ki, biz növbəti addımların atılacağını gözləyirik. Ümumi mesaj bundan ibarətdir".
M.Əliyev ABŞ-ın Azərbaycandakı səfirliyinin ehtiyatlı mövqedən çıxış etməsini anlaşılan sayır: “Ehtiyatlı mövqe onunla bağlıdır ki, yaxın gələcəkdə hansı addımların atılacağı ilə bağlı razılaşmalar var. Sadəcə olaraq, Amerika, Qərb tərəfi bu razılaşmaların prezident Əliyev tərəfindən təsdiq olunub-olunmayacağını gözləyir. Onlar bu mənada ehtiyatlıdırlar və hansı addımların olacağını gözləyirlər. Necə ki, seçkidən sonra bəzi razılaşmalarla bağlı qərarlar verildi. Birincisi, NATO yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması, bizim bu prosesdə iştirakımızla bağlı qərar qəbul olundu. İkincisi, Amerika vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının isə ABŞ-dakı fəaliyyəti və onların gəlirlərinin qarşılıqlı şəkildə açıqlanması barədə razılaşma əldə olundu. Bu, Amerikanın beynəlxalq sistemidir. ABŞ-da qanun qəbul olunub ki, hansı ölkələrdə onun vətəndaşları çalışırsa, mütləq həmin ölkələr bu insanların əldə etdiyi gəlirlə bağlı məlumat verməlidir. Azərbaycanda bu qanun bir neçə il əvvəl qəbul olunub, 2013-cü ildə onun icrası başlamalıydı, lakin 2014-ə qədər uzatdıq, hətta sanksiya hədələri də oldu. Yalnız keçən ilin mayında əməkdaşlığa başladıq və ABŞ ilin sonuna müddəti uzatdılar, yalnız bu il, 30 sentyabrda parlament qərar qəbul etdi və prezident sənədi təsdiqlədi. Üçüncü razılaşma isə bundan ibarətdir ki, Neftayırma Zavodunun yenidən qurulması ilə Amerika şirkəti məşğul olacaq”.
Amma bu da var ki, ABŞ Senatı seçkilərə iki gün qalmış Azərbaycanla bağlı dinləmələr keçirdi və ölkəmizi tənqid etdi. Seçkilərdən sonra isə noyabrın 5-də Amerika Konqresi analoji dinləmələr keçirib. Görünən budur ki, ABŞ bir tərəfdən Azərbaycanla konkret olaraq M.Əliyevin sadaladığı layihələrlə bağlı əməkdaşlıq edir, digər tərəfdən isə Bakıya təzyiq rıçaqlarını kənara qoymur, həm “tikanlı” bəyanatları, həm də davamlı dinləmələri ilə Azərbaycan hökumətini təzyiq altında saxlamağa çalışır.
Bu ziddiyyətli situasiyanı təhlil edən M.Əliyev deyir ki, onlar seçki məsələsinə göz yumdular: “Fakt budur ki, Qərb seçkidə iştirak etməyib. Digər tərəfdən də onlar siyasi sahədə dəyişikliklər gözləyirlər. Hesab edirəm ki, Azərbaycan tərəfi seçkinin bu formada keçiriləcəyi barədə qərar qəbul edib, amma arxasınca müəyyən islahatların olacağını bildirib. İndi daha çox korrupsiyadan danışılır, məmurların üstünə gedilir, iş adamlarının yoxlanılmaması, ”ASAN xidmət"in funksiyalarının genişləndirilməsi ilə bağlı addımlar atılır. Ancaq söhbət ondan gedir ki, gündəmdə təkcə iqtisadi yox, siyasi islahatların da aparılması məsələsi durur. Bununla bağlı da Amerika xatırladır ki, “yaxşı, seçki prosesi bitdi, biz gözləyirik, islahatlara başlayın”".
ABŞ Konqresindəki dinləmələrində sabiq səfir Riçard Morninqstarın məruzəçi təyin olunması da maraqlı məsələdir. Bunu təsadüf saymayan M.Əliyev Morninqstarın sıradan bir şəxs olmadığını, Amerikada kifayət qədər böyük vəzifələrdə işlədiyini vurğuladı: “Azərbaycanda səfir olması bəlkə onun üçün ən kiçik status olub. O, Azərbaycanla sıx bağlı olub, Heydər Əliyevlə və İlham Əliyevlə işləyib, Azərbaycanı yaxşı tanıyır. Digər tərəfdən, o, Amerika hökumətinin iradəsini həyata keçirən şəxsdir. Əlbəttə ki, o, çıxışında demokratiya məsələlərini vurğulayacaq. Elə Bakıda olanda da Azərbaycan hökumətinə çağırışlar edirdi. Əslində iki yol var, amerikalılar həmişə bu barədə fikir səsləndirirdilər. Yəni təkamül yolu var, hakimiyyət yuxarıdan addımlar atmalıdır, əks təqdirdə, dəyişiklik aşağıdan başlaya bilər. Onların dediyini heç kəs gözləmirdi, buna inanan yox idi. Ancaq son ildə ölkədə vəziyyət pisləşdi. İslahatlar aparılmasa, vəziyyət daha çox pisliyə doğru gedəcək. Ona görə son vaxtlar verilən qərarlar onu göstərir ki, hakimiyyət artıq problem qəbul edir və nəsə etmək istəyir”.
ABŞ-dakı müzakirələrin məntiqi sonluğu necə olacaq? Sonucda Azərbaycana qarşı sanksiya hədələri ortaya çıxa bilərmi? M.Əliyev: “Müəyyən çağırışlar yenə də olacaq. Onlar birbaşa hədələməyəcəklər ki, biz filan addımları ata bilərik. Amma tövsiyələr olacaq. Güclü dövlətlər, şəxsiyyətlər heç vaxt hədələmirlər. Həmişə deyirlər ki, ”biz belə olmasını istərdik", “belə olsa, yaxşı olardı”... Ancaq bunun arxasında ciddi məna durur. Bu mənada mən ciddi təpki gözləmirəm. Çünki bu tərəf qarşıdurmaya hazır deyil və maraqlı görünmür. Görünür, Əfqanıstan, neft məsələsində əməkdaşlığın davam etdirilməsi vacib sayılır. Vəziyyət bunu diktə edir. Artıq iki-üç il əvvəlki vəziyyət deyil. Ümumiyyətlə, 2012-ci ildən bp ilə konflikt yaranandan sonra münasibətlərdə kəskin mərhələ başladı. İlham Əliyevin “siz Azərbaycan xalqının 8 milyardını aparmısınız, bizə ziyan vurmusunuz” kimi ittihamları oldu. Bundan sonra neftin istehsalı sürətlə düşməyə başladı və bunlar artıq narahat olmağa başladılar. Son 4-5 ildə biz neft istehsalında 10 milyon itirmişik. Üstəgəl, qiymətlərin düşməsi də ciddi zərbədir. Hakimiyyət artıq başa düşür ki, nəsə etmək lazımdır. Ancaq indiki dövrdə yalnız iqtisadi addımların atılması bəs eləmir".
Cia.az
