2015-ci il dinc nizamlama prosesinin daha bir qiymətli ili nəticəsiz başa çatmaq üzrədir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin səylərinə baxmayaraq, belə görünür 2015 sülh danışıqları tarixinə ən passiv il kimi düşəcək.
Minsk Qrupunun dişsizliyi bir yandan Rusiyanın altdan-altdan və vaxtaşırı işğalçı Ermənistanın əli ilə nizamlama prosesinə əngəllər yaratması ilə bağlıdırsa, digər yandan şübhəsiz ki, ATƏT-in bir təşkilat olaraq amorf qurum olması ilə bağlıdır. Bunu son olaraq ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da dolayısıyla təsdiqləyir.
“Hər hansı təşkilat, o cümlədən ATƏT suveren, müstəqil dövlətləri nəyəsə vadar edə bilməz”. Bu sözləri o, ATƏT kimi nüfuzlu təşkilatın niyə 20 ildən çoxdur davam edən Qarabağ münaqişəsini həll edə bilməməsi barədə suala cavabında deyib.
Diplomatın sözlərinə görə, ATƏT müharibə sonrası ölkələr üçün sülh və rifah naminə əsas baza prinsiplərini müəyyən edib: “Bunların arasında ərazi bütövlüyü, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, öz müqəddəratını təyin etmə prinsipləri var. Burada iqtisadiyyat, insan haqları və təhlükəsizlik sahələri üzrə də məsələlər əksini tapıb. Bu təşkilat çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrləri iki ölkəni bir araya gətirməyə, sülh yolu ilə nizamlanma istiqamətində irəliləyiş əldə etməyə çalışırlar. Bu təşkilat münaqişənin nizamlanma çərçivəsini müəyyən edir. Bu struktur olmadan biz əsrin əvvəlindəki vəziyyətə qayıda bilərik. Məhz bu baxımdan təşkilatın əhəmiyyəti bir daha diqqətə çatdırılır”.
****
Avropa Şurası isə ATƏT-dən fərqli olaraq məsələdə daha prinsipial mövqe sərgiləməkdədir. AŞ PA-nın Siyasi Məsələlər Komitəsində məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin müzakirə edilərək qəbul edilməsi buna sübutdur.
Xatırladaq ki, sənədin bu cür adlandırılması işğalçı erməni tərəfində dərhal və kəskin sərt reaksiya doğurmuşdu. Ermənilər hətta məruzəçinin Ermənistana və separatçı bölgəyə səfərinə imkan verməmişdilər. Onlar bundan ötrü ilk addım kimi sənədinin adının dəyişdirilməsini tələb edirdilər. Eyni zamanda cənab Volteri azərbaycanpərəst, türkpərəst adlandıraraq, ümumiyyətlə, onun hazırlayacağı hesabatın obyektiv olmayacağını iddia edirdilər.
Lakin ermənilərin canfəşanlığı boşa çıxıb. “Erməni deputatlar bütövlüklə reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi”, - deyə komitənin iclasına iştirak eləmiş Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov qeyd edib.
Onun sözlərinə görə, üstəlik, Azərbaycan tərəfinin məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edilib: “Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində ”...Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməmişdir" ifadəsinin “...Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edir. İkinci düzəlişdə Dilqəım Əsgərov və Şahbaz Quliyevin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı “...işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdi. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir".
Deputat bu xüsusda onu da bildirib ki, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin və ermənipərəst qüvvələrin komitə iclasında qeyd edilən məruzənin qəbul edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və metodlardan istifadə edəcəyinə hazır olub.
*****
Qəbul edilən məruzə AŞPA-nın yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
“Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyi bərpa edilməlidir”. Hesabat əsasında komitədə qəbul olunan qətnamə layihəsində belə deyilir.
Sənəddə həmçinin Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.
Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləndiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: “Bir qədər də ləngimə bu ”dondurulmuş" münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər".
Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq, hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.
Sənəddə habelə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.
*****
Buradaca yada salaq ki, Avropa Şurası artıq bir dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal eləməsini pisləyən və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına çağıran qətnamə qəbul edib. Yanvar sessiyasında bu mövqenin bir daha ortaya qoyulacağı ehtimalı böyükdür. Üstəgəl, təşkilatın məruzəçisinin Ermənistana və Dağlıq Qarabağa getməsini əngəllədiyi üçün rəsmi İrəvanın əlavə qınağa tuş gələcəyini ehtimal eləmək olar.
Belə bir ədalətli sənədin qəbulunu asanlaşdırmaq üçün vacibdir ki, həm də yerdə qalan iki ay yarımda rəsmi Bakı da bəzi gərəkən addımları atsın. Söhbət ilk növbədə Avropa Şurası ilə, bütövlükdə Qərblə münasibətləri gərginləşdirən addımlardan çəkinməkdən və nəhayət, siyasi məhbuslar probleminin aradan qaldırılması yönündə tədbirlərdən gedir.
Cia.az
