Noyabrın 4-də "Abşeron" qalereyasında rəssam Eldar Babazadənin "Sehrli yuxular" adlı fərdi sərgisi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Konsulluğunun təşkilatçılığı ilə ("Arts Council Azerbaijan" QHT) reallaşıb.
Açılış mərasimində "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, iki ilə ərsəyə gələn əsərlərin əsas konsepsiyası İçərişəhərdir.
Qeyd olunub ki, Eldar Babazadənin parlaq, dolğun rənglərlə seçilən əsərləri yüksək istedada malik, eyni zamanda daim yaradıcılıq axtarışında olan rəssama məxsus sənətkarlıqla yaradılıb.
Fırça ustası sübut edir ki, emosiyasız və həyəcansız tablolar yaratmaq mümkün deyil, bu əsərlərə bütün duyğuları köçürmək lazımdır.
Qeyd edilib ki, Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.
Rəssam əsərlərində təsəvvüründə canlandırdığı dünyanı əks etdirdiyini söyləyib. O, sərginin təşkilatçılarına minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir.
Müxtəlif mövzularda 50-dən çox rəsm əsərini birləşdirən sərgi noyabrın 30-dək davam edəcək.
Cia.az
