|
“Solğun çiçəklər” tamaşası növbəti dəfə nümayiş olunacaq

Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Teatrının kollektivinin repertuarında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın direktor müavini, Əməkdar Artist Azad Məmmədov  bildirib ki, tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb. Quruluşçu rəssamı Valeh Məmmədov olan səhnə əsərində əsas rolları aktyorlar Rasəf Mehdiyev, Zahid Mehdiyev, Vüsalə Məmmədzadə, Dürdanə Dünyamalıyeva və Xamirə İsgəndərova ifa edəcəklər.

Qeyd edək ki, dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

Cia.az