|
Apelyasiya Məhkəməsi 2+2=29...
Noyabrın 3-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə qətldə şübhəli bilinərək istintaqa cəlb olunun Samir Əliyevin vəkillərinin şikayətinə baxılıb. Vəkillərin məhkəməyə üz tutmasına səbəb S.Əliyevin elementar müdafiə hüquqlarının tapdanmasıdır. Belə ki, S.Əliyev həbsindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində onun təqsirli bilindiyi qətl işi üzrə Aslan İbrahimovun rəhbərliyi ilə istintaq qrupu araşdırmalara başlayıb.
 
İstintaq müddətində S.Əliyevin yaxınları ilə telefon danışığının qadağan olunması və görüşlərdən məhrum edilməsi haqda qərar verilib. Belə qadağaların tətbiq olunmasının səbəbi açıqlanmayıb. Üstəlik, vəkillərin müdafiəni qurmalarına da çox ciddi əngəllər yaradılıb. Vəkil Ceyhun Yusifov deyir ki, bu ilin iyulunda S.Əliyev həbsə alınandan bu günə qədər müdafiəçisi olaraq müdafiə hüququnu həyata keçirə bilmirlər: “Nəsimi Rayon Məhkəməsinə etdiyimiz şikayət heç bir araşdırma aparılmadan rədd edildi. Həmin qərardan verdiyimiz şikayətdə bizə məlum olmayan səbəbdən təmin edilmədi. Məhkəmədə elə təəssürat yaratdılar ki, sanki 2+2 = 29 edir. Bakı Apelyasiya Məhkəməsində bu gün keçirilən prosesdə hakim müstəntiqin dırnaqarası arqumentlərini  əsaslı saydı. Müstəntiq Aslan İbrahimov Samir Əliyevin hüquqlarını pozarkən yazır ki, guya o, 6 yaşlı övladı ilə telefonla danışsa zərərçəkmişə həmin uşağın təsir etmək imkanı yaranar! Və eyni zamanda yeni hazırlanan cinayətlərin qarşısını almaq mümkünsüz olar! Belə bir absurd mülahizələrlə müstəntiq Samir Əliyevi hüquqsuz duruma salıb. Müstəntiqin Samir Əliyevin hüquqlarını pozmaqla tətbiq etdiyi qadağa fərdə münasibətdə deyil, tam şəkildə qadağadır. Yəni faktiki qanunla nəzərdə tutulmuş hüququn qadağasıdır, faktiki qanuna qoyduğu qadağadır. Bu vəzifə səlahiyyətlərindən kənara çıxmadır.
Çox təəssüf edirəm ki, məhkəmədə belə bir qanunsuzluğa göz yumuldu".

Vəkil Bakı Apelyasiya Məhkəməsində çıxarılmış qərardan Konstitusiya Məhkəməsinə şikayət veriləcəyini də açıqladı: “Müstəntiqin tətbiq etdiyi qadağa Konstitusiyanın 3-cü fəslinə - yəni Əsas İnsan və Vətəndaş Hüquqları, eyni zamanda  22 may 2012-ci tarixində qəbul edilmiş ”Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda" Qanunun 19-cu maddəsini pozmaqla qəbul olunub. Aslan İbrahimova məhkəmədə qanuna qadağa qoymaq səlahiyyətinin olmadığını bildirdilər. Ondan izah tələb etdilər. Müstəntiq məhdudiyyət tətbiqi ilə qadağa tətbiqi anlayışlarını  məhkəməyə izah edə bilmədi. Hesab edirəm ki, bu fundamental hüquq olduğundan təqsirləndirilən şəxsə işgəncə verilməsi və ləyaqətinin alçaldılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinə müraciətimiz qanunsuz qərarlar qəbul etmiş şəxslərə ədalətlilik baxımından təsir edəcəyinə inanıram. Onu da qeyd edim ki, Samir Əliyevin 5 övladı var. Bu günədək ataları ilə bir dəqiqə də olsa görüşlərinə və telefon danışığına imkan verməyiblər. Məhkəmədə onun övladları atalarını uzaqdan görə biliblər. Müstəntiq bunun qarşısını almadıqlarına görə Pentensiar Xidmətin 3 əməkdaşını ədliyyə orqanlarından qovulmasına səbəb olan hərəkətlər edib. Samir Əliyev həbs olunandan sonra işgəncəyə məruz qalıb. Ona işgəncə altında sənədlərə imza etdiriblər". 
 
Qeyd edək ki, S.Əliyev Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməkdə ittiham olunur. O, həyat yoldaşı 1981-ci il təvəllüdlü Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinərək saxlanılıb. 
Cia.az