Ekspertlər bildirirlər ki, bank sistemində olan qeyri-müəyyənlik güvəni də xeyli zədələyib və əmanətlərin çıxarılması da sürətlənir
Ölkədə kredit problemi daha da ciddiləşir. Mərkəzi Bankın yanvar-sentyabr ayları üçün dərc etdiyi hesabatı da ortaya ciddi rəqəmlər qoyub. Mərkəzi tənzimləyicinin məlumatına görə, oktyabrın 1-i üçün ümumi kredit portfeli 19 milyard 113,5 milyon manat təşkil edib ki, bunun da 1 milyard 353,8 milyon manatını və ya 7,06 faizini problemli kreditlər təşkil edir. Ötən il oktyabrın 1-i üçün göstərcilərlə müqayisədə uğursuz borclar 380,6 milyon manat və ya 39,11 faiz artıb.
Ekspertlər bildirirlər ki, əgər nəticəni qismən fevral devalvasiyanın adına çıxmaq olarsa (ABŞ dollarına nisbətdə - 34,5 faiz), digər qaytarılmayan hissəni həm sahibkarların, həm də istehlak krediti istifadəçilərinin imkanlarının azalması ilə əsaslandırmaq olar. Belə ki, təkcə bir ay ərzində - sentyabrın 1-i üçün problemli kreditlərin həcmi 20,2 milyon manat (1,51 faiz) artıb. Mərkəzi Bankın məlumatına görə, ay ərzində iqtisadiyyata kreditlər şəklində investisiyalar azalıb: 982,3 milyon manat və ya 4,89 faiz. Mərkəzi Bank bunu Azərbaycan Beynəlxalq Bankında restrukturizasiya tədbirləri ilə əsaslandırır.
Ekspertlər bildirirlər ki, problemli kreditlərin artması bankları çətin duruma salıb. Belə ki, nəticədə əhali əmanətlərini daha da sürətlə çıxarmağa başlayacaq. Yəni problemli kreditlərin artması əmanətlərin çıxarılmasını sürətləndirir və bankları müflis edir.
Ekspertlərə görə, ciddi məqam problemli kreditlərin artmasıdır. Həmçinin kredit qoyuluşunun artım tempinin azalmasıdır. Üstəlik, əmanət qoyuluşunun azalmasıdır.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirir ki, problemli kreditlər ölkədə hər ay artır: “2015-ci ilin yanvar ayının 1-ə 900 milyondan bir az çox olan problemli kredit vardı. İndi artıq 1,5 milyard manata çatır. Burada fevral devalvasiyası da önəmli rol oynayıb. Bank sistemində olan qeyri-müəyyənlik, yayılan xəbərlər, informasiya fonu insanlarda banklara olan güvəni xeyli zədələyib: "Məhz buna görə də vətəndaşlar banklardan depozitləri çəkməyə başlayıblar. Bankların əsas dövriyyə mənbəyi məhz depozitlərdir. Onların azalması təbii ki, bankların ümumi dövriyyəsinə, kredit gücünə təsir göstərir. Ümumiyyətlə, yaxın gələcəkdə bank sektorunda stressli vəziyyət davam edəcək, hətta artacaq, bəzi bankların bağlanması, ya da birləşdirilməsi prosesləri olacaq".
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirdi ki, problemli kreditlərə görə birinci yerdə Beynəlxalq Bank gəlir: “Problemli kreditlərin həcmi artır. Əvvəla, ona görə ki, əhalinin gəlirləri azalır, sahibkarlar müflis olur. Yəni ümumi iqtisadi durum pisləşdikcə əhali və biznes kreditləri qaytara bilmir. Digər tərəfdən, devalvasiya da həlledici rol oynayır. Onun nəticəsində kredit qalıqları artıb və borclular sadəcə, ödəniş qabiliyyətini itirib. Əgər güzəştə getsəydilər banklar bunun təsirini azalda bilərdi. Amma getmədilər və nəticədə vəziyyətlərini ağırlaşdırdılar. Təbii, vacib amillərdən biri də bankların özlərində korrupsiya, qeyri-peşəkarlığın hökm sürməsidir. Normal idarəetmə yoxdur. Kimə gəldi, necə gəldi kredit veriblər. Problemli kreditlərin həcmi artdıqca banklara etibar da azalır. Axı banklar öz pullarını deyil, əmanətçilərin pulunu kredit verir və nəticədə batırır. Buna görə də əmanətçilər əmanətlərini geri çəkir”.
Kredit mütəxəssisi Cavid Kərimov isə anspress-ə bildirib ki, problemli kreditlərin artması makroiqtisadi göstəricilərə dayanır. “Neftin qiymətinin yüksək olduğu vaxtda ölkəyə güclü valyuta axını var idi. Həmin dövrdə bizim qızıl ehtiyatımız artır, manat möhkəmlənir, inflyasiya səviyyəsi aşağı düşürdü, müəyyən vaxtdan bir əməkhaqları artırılırdı. Ölkədə maliyyə problemləri olmurdu. Həmin dövrdə həm hüquqi, həm fiziki şəxslər kreditlər götürmüşdülər”, - deyən Cavid Qurbanov neftin qiyməti aşağı düşəndə vəziyyətin dəyişdiyini bildirib. “Neftin qiymətinin aşağı düşməsi həm müəssisələrin fəaliyyətinə, həm də insanların yaşayışına təsir etdi. Gəlir, mənfəət azaldığı üçün müəssisələr müəyyən layihələri dayandırdı, bəzi xərcləri azaltdı, eyni zamanda müxtəlif şirkətlərdə işçilər içərisində ixtisar aparılmağa başladı. Təbii ki, bütün bunlar ödəmə qabiliyyətinin də zəifləməsinə, beləliklə, problemli kreditlərin artmasına səbəb oldu”, - deyə o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, belə olan halda heç bir tərəfin zərər görməyəcəyi çıxış yolu tapmaq lazımdır. “Bank sistemi elə qurulub ki, verilən pul geri qaytarılmalıdır. Lakin fiziki və hüquqi şəxslərin ödəmə qabiliyyəti zəiflədiyindən bu iş çətinləşir. Bu səbəbdən həm bankların, həm də borcunu ödəməkdə çətinlik çəkən müştəriləri nəzərə alaraq müxtəlif tədbirlər görmək lazımdır”.
Cia.az
