Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkilərində ölkə üzrə ümumi seçici fəallığının 55,7 faiz olduğunu açıqlayıb. MSK-nın açıqlamasında bildirilir ki, 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə o deməkdir ki, 2 milyon 2 yüz mindən çox seçici seçkidə iştirak etməyib. Bəs, bu qədər seçici haradadır və bu qədər seçicinin seçkiyə gəlməməsi nə ilə bağlıdır?
Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov bildirdi ki, əslində ölkə üzrə seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin bir müddət əvvəl açıqladığı rəqəmlər arasında böyük fərq var: “Dövlət Statistika Komitəsi ölkədə səsvermə hüququ olan, yəni 18 yaşından yuxarı vətəndaşların sayı 6 milyon 8 yüz min nəfərdir. Amma MSK ölkə üzrə seçicilərini sayını 5 milyon 200 min nəfərə yaxın göstərir. Göründüyü kimi 1 milyon 600 min nəfər seçici fərqi ortaya çıxır. Odur ki, ilk növbədə məhz bu məsələ üzərində araşdırmalar aparılmalıdır. Bu qədər ciddi məsələyə hələ nə MSK, nə də Dövlət Statistika Komitəsi tərəfindən ağlabatan izah verilməyib. Azərbaycan əhalisinin sayı 9 milyon 5000 nəfər göstərilir. MSK isə seçicilərin ümumi sayının 5 milyon 897 min 188 nəfər olduğunu bildirir. Belə çıxır ki, ölkə vətəndaşlarının az qala yarısının yaşı 18 yaşdan aşağıdır. Bu qətiyyən inandırıcı deyil. Ona görə də Dövlət Statistika Komitəsinin rəqəmi reallığa daha yaxın görünür. Dövlət Statistika Komitəsinin rəqəmində 18 yaşdan yuxarı vətəndaşların sayı ilə 18 yaşdan aşağı vətəndaşların sayı yetmiş faizin 30 faizə nisbətindədir. MSK-nın açıqladığı rəqəmdə isə təxminən 50-50-yə nisbətindədir. Mən bu məsələ ilə bağlı MSK-da bir neçə də fikirlərimi bildirmişəm. Məsələ qaldırmışam ki, 1 milyon 6 yüz min seçici fərqinin izahı verilsin.
Bizim rəhbərlik etdiyimiz Demokratik Təşəbbüslər İnstitutu sorğu keçirmişdi. Məlum olmuşdu ki, çoxlu sayda vətəndaşın adı ümumiyyətlə seçici siyahısında deyil. Bu nəticəyə gəlmişik ki, seçicilərin bir qismi Rusiyada və digər xarici ölkələrdə olsa da, bir qismi seçici siyahısına daxil edilməyib. Qeyd olunan fərq də bundan qaynaqlanır".
MSK üzvü seçkiyə gəlməyən seçicilərin sayının 2 milyon yox, daha çox olduğunu da qeyd etdi: “Seçkilərdə seçicilərin fəallığını MSK ilə yanaşı, həm də Demokratik Təşəbbüslər İnstitutu qeydə alıb, fərq yarıbayarıdır. Görünən odur ki, seçici fəallığı ildən-ilə aşağı düşür. Sanki seçicilərin seçkiyə etimadı seçkidən seçkiyə azalır. İnsanlarda səslərinin heç nəyi həll etməyəcəyi, hökumətin iradəsinin həlledici olduğu qənaəti yaranıb. Ona görə də seçkiyə getməyənlərin sayı bu qədər çoxdur. Seçkiyə getməyən seçicilərin çoxu ölkədə yaşayır. Sadəcə, olaraq seçkiyə getmirlər”.
Cia.az
