|
Parlamentin 22 faizi yeniləndi
Mərkəzi Seçki Komissiyası 1 noyabrda keçirilən seçkilərin nəticələrini rəsmən açıqladı. MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirdi ki, MSK-ya cəmi bir şikayət daxil olub və 3 gün ərzində bunlar araşdırılacaq. Əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək: “Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq.
 
Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük”.
 
MSK sədri qeyd etdi ki, Azərbaycan xalqı seçkilərdə kifayət qədər yetkinlik, müdriklik nümayiş etdirir, populist davranışları qəbul etmir: “Ona görə də Azərbaycanın gələcəyi üçün optimist olmamağa əsas yoxdur. Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, hər şeyin fövqündə dayanır. Azərbaycan xalqı keçirilən seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər”.

Seçkinin müşahidəçiliyini həyata keçirən xarici müşahidə qruplarının isə demək olar ki, hamısı prosesin demokratik keçdiyini bəyan ediblər.
 
Beləliklə, seçki yarışının lideri olan namizədlərdən 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir. Ümumilikdə digər 8 partiyadan da hərəsindən 1 nəfər olmaqla, 10 partiyanın nümayəndələri mandat əldə ediblər. Seçkilərdə mandat alan namizədlərin qalanları (44 nəfər) fərdi qayada bitərəf kimi irəli sürülmüş şəxslərdir. 
 
Hazırda mövcud olan parlamentin deputatlarından 98 nəfəri 1 noyabrda keçirilən seçkilərdə mandatlarını saxlaya biliblər. 27 nəfər isə yeni şəxslərdir. Bu isə parlamentin 22 faiz yenilənməsi deməkdir. Mandat əldə edənlərdən 124-ü ali təhsilli, 1-i orta təhsillidir. 2010-cu ildə 20 nəfər, bu dəfə isə 21 nəfər qadın namizəd seçilib.
 
Onu da qeyd edək ki, seçkinin yekun nəticələri MSK-da təsdiqləndikdən və sonra Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yeni parlament fəaliyyətə başlayacaq.
125 qalib arasında ən cavan və ən yaşlı deputatın kim olduğuna gəlincə, Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Şahin İsmayılovdur. 1986-ci il təvəllüdlü (29 yaş ) Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.
 
Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. 
 
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik etməlidir. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Ehtimal edilir ki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək. F.Heydərov Respublika Ağsaqqallar Şurasının sədridir. 
 
Deputat seçilənlərdən 4 nəfəri isə universitet rektorlarıdırlar - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası). Bu isə o deməkdir ki, Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək. 
Bu ilin sentyabr ayında verilən qərara əsasən YAP-dan namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər. Adıçəkilən deputatlar YAP-ın siyahısında namizəd irəli sürülmüşdülər. YAP icra katibinin müavini Siyavuş Novruzov dünən mətbuata açıqlamasında bildirib ki, yuxarıda qeyd olunan namizəd rektorların ərizələrində də öz əksini tapıb. 
 
Rektorlar hələ ki istefa verməyiblər. Onların seçkilərin nəticələri MSK və Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra vəzifələrindən gedəcəyi gözlənilir.
Yeni seçilən deputatlardan Mətbuat Şurasının sədri Əflatun Amaşov deputat kimi atacağı addımları açıqlayıb. 
 
O qeyd edib ki, Mətbuat Şurasının sədri kimi mətbuatın problemləri onun üçün həmişə prioritet olub. Kütləvi İnformasiya Vasitələrinin maddi bazasının möhkəmləndirilməsi və digər məsələləri Milli Məclisin üzvü kimi, irəli sürəcək: “Əgər mən regiondan seçilmişəmsə, seçicilərimi də narahat edən məsələlər da qarşımda duran məsələlərdən olacaq.

Jurnalistlər tərəfindən Mətbuat Şurasının sədri seçilmişəm və yəqin ki, növbəti qurultaya kimi bu belə qalacaq".
 
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilən Vəhdət Partiyasının sədri Tahir Kərimli isə “Yeni Müsavat”a açıqlamasında deputat seçilməsində zəhməti olan hər kəsə təşəkkür etdi və bildirdi ki, Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədikdən sonra deputatlıq fəaliyyətini necə quracağı barədə fikirlərini geniş şəkildə açıqlayacaq: “Seçicilərimə qaldıracağım məsələlərlə bağlı verdiyim vədləri yerinə yetirməyə çalışacağam. Parlamentdə insanların sosial problemlərini və Azərbaycanda sabitlik məsələlərini qaldıracam, təkliflərimi verəcəyəm. 
 
Bununla yanaşı, fəaliyyət istiqamətlərimdən ən əsası Qarabağ problemi ilə bağlı olacaq. Qarabağ probleminin həllində irəliləyişə nail olunması və torpaqlarımızın azad edilməsi üçün təkliflər səsləndirəcəyəm. Xalqımıza dövlətə inam hissini aşılamağa çalışacağam".
 
Müsavat seçkinin nəticələrini tanımadı
 
Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı isə seçkilərlə bağlı dünən böyük bir sənəd yayıb. Sənədin sonunda bəyan edilir ki, Müsavat Partiyası antidemokratik şəraitdə, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən, bərabər siyasi rəqabət və təbliğat imkanları prinsipini kobud surətdə pozmaqla, faktiki olaraq alternativsiz keçirilmiş, cəmiyyətin etimad göstərmədiyi 01 noyabr 2015-ci il tarixli seçkilərin nəticələrini tanımır. Partiya seçkilərin nəticələrinin ləğv edilməsini və Azərbaycan hakimiyyətindən təkrar seçkilərin keçirilməsini tələb edib.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı isə parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. A.Hacılı parlament seçkisinin son 15 ildə ən uğursuz seçki olduğunu bildirib: “Seçki komissiyaları tamamən hakimiyyətin əlinin altındadır və ölkədə demokratik siyasi mühit mövcud deyil. Müsavat Partiyasının seçkilərə 73 namizədliyi irəli sürülsə də, yalnız 25-nin namizədliyi qeydə alınıb. Təbliğat-təşviqat proqramları zamanı da xeyli sayda qanun pozuntusu halı yaşanıb. Pulsuz efir vaxtı digər illərdən fərqli olaraq ümumiyyətlə verilmədi. Pullu efir vaxtı iaə əvvəlki vaxtlara nisbətən 10 dəfəyə kimi artıq idi. Müxalifətin də o məbləğləri ödəməyə maddi imkanı yol vermədiyi üçün efirə çıxmaq mümkünsüz idi. Bundan başqa, Müsavat Partiyasının nümayəndələri 100-dən çox seçki məntəqəsində olub və müşahidəçilərimiz seçkilərdə aktivliyin çox aşağı olduğunu bildirib. Ancaq hökumət bu faizi 55 olaraq qiymətləndirib. Bunun özü bir saxtakarlıqdır. Seçki günü məntəqələrin bir çoxunda karusel əməliyyatı müşahidə olunub və topa bülletenlərin atıldığına dair video faktlar da mətbuatda işıqlanıb. Bütün bu səbəblər nəzərə alınaraq Müsavat Partiyası seçkinin nəticələrini tanımır və hökumətdən dərhal nəticələrinin ləğv olunmasını tələb edir”.
A.Hacılı Nida və REAL Vətəndaş Hərəkatları ilə birlikdə qısa zamanda birlikdə bəyanat verəcəklərini bildirib.
 
Pənah Hüseyn və İqbal Ağazadə saxtakarlıq olduğunu bəyan etdi
 
AXP sədri, 63 saylı Sabirabad  birinci seçki dairəsindən deputatlığa namizədliyini vermiş Pənah Hüseyn isə seçki ilə bağlı bəyanat yayıb. Bəyanatda seçkilərin anti-demokratik keçirildiyi bəyan edilir və pozuntu halları sadalanır. P.Hüseyn həmin pozuntu halları əsas göstərərək 63 saylı Sabirabad birinci seçki dairəsində 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkiləri baş tutmamış saydığını və həmin seçkilərin rəsmən elan edilmiş nəticələrini tanımadığını bəyan edib. 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hazırda deputat mandatını daşıdığı 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən bu dəfə Araz Əlizadənin mandat əldə etməsi ilə bağlı fikirlərini modern.az-a bildirib. “Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz?” sualına İ.Ağazadə belə cavab verib: “Siyasi fəaliyyətimizi deputatlığa görə davam etdirmirdik ki... Siyasi fəaliyyətimiz düzgün bildiyimiz kursdur. Siyasi partiyamızı da, ideyalarımızı da davam etdirəcəyik. Hər şey öz axarı ilə gedir. Dünyanın nə sonudur, nə də başlanğıcı. Ona görə də bu məsələdə heç nədən narahat deyilik. Sadəcə, dairənin elan etdiyi nəticələrin həqiqətə uyğun olmaması ilə bağlı lazım gələn prosedurları keçəcəyik.
 
Əvvəla, dairə üçün də, MSK üçün də çox çətindir. Möhürlənmiş bütün standartlara, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 25 məntəqənin protokolu əlimdədir. Sadəcə olaraq indi yanlış bir nəticəni ortaya qoymaq və onu düzəltmək çox çətindir. Məsələn, orda qoyulan nəticələrdən biri məntəqələrin nəticələri idi. Əlimdə protokol var ki, 21-ci məntəqədən 44 səs almışam, Araz Əlizadə isə 8 səs. Amma MSK-nın saytında yerləşdirilmişdi ki, Araz Əlizadə 292 səs, mən isə 110 səs almışam. Bu protokollar əlimizdədir".

İ.Ağazadənin deyib ki, indiyə qədər siyasi xətti nədirsə, o da davam edəcək: “Nə düşüncəmizi, nə də düşərgəmizi dəyişmək fikrindəyik.  
 
Hər şey yaxşı olacaq. Sadəcə, gülümsəmək lazımdır. Ən çətin anlarda da... Hesab edirəm ki, bu da bir siyasətçi üçün yaşaya biləcəyi situasiyalardan biridir. Fərqi yoxdur, haqlı və ya haqsız. Ona görə də yolumuza davam edirik. Gülümsəyə-gülümsəyə..."
 
YAP İdarə Heyətinin üzvü, vitse-spiker Bahar Mradova isə bildirib ki, seçki prosesində iştirak edən namizədlərin müxtəlif fikirləri olsa da, seçkinin ədalətli keçirilməsi göz önündədir: “Mən onların hər birinə ayrı-ayrılıqda şərh vermək istəmirəm. Ortada saxtakarlıq olması ilə bağlı iddialar araşdırma tələb edir. Müvafiq orqanlar müraciət olduğu təqdirdə, belə müraciətləri araşdırıb buna hüquqi qiymət verəcəklər. Hesab edirəm ki, İlyas İsmayılov və İqbal Ağazadə iddialarının prosedur qaydalarına uyğun şəkildə araşdırılmasına nail ola biləcəklər”.
Cia.az