|
Rəsmi Bakı Minsk qrupundan imtina barədə düşünmür

XİN: “Azərbaycan hələ də inanır ki, münaqişənin siyasi yolla həlli üçün resurslar tükənməyib”; Ekspertlər: “Həmsədrlər və böyük dövlətlər cəbhə bölgəsində sakitlik istəyir, bu isə Ermənistanın mövqeyi ilə üst-üstə düşür”

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona saysız-hesabsız səfərlərindən biri də geridə qaldı. Ancaq regiondakı gərgin durumdan “narahat” olduqlarını bəyan edən diplomatların budəfəki səfərlərindən sonra da təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyması rəsmi Bakının səbrini daşırdı və səfərin yekunları barədə yayılan press-relizə etiraz bəyanatı ilə reaksiya verildi. 
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, əldə olunmuş ilkin razılığa əsasən, ATƏT-nin Minsk qrupunun həmsədrləri oktyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçiblər:
 
 “Məhz bu vaxt ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra zabitləri Tərtər və Ağdərə (Azərbaycan Respublikasının Tərtər rayonu) arasındakı yolda atəşkəsin monitorinqi üzrə təlim keçirirdilər. ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən işğal olunmuş ərazilərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan Respublikası silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib. Bu insident zamanı hadisə yerində olmuş Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin ifadələrinə görə ATƏT heyəti atəşi dayandırmaq və atəş açmamaq üçün zəmanətləri yeniləmək məqsədilə qarşı tərəflə əlaqəyə çıxıb. Mənbənin və atəşin açıldığı istiqamətin aydın şəkildə bəlli olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında bu insidentin müvafiq qaydada əks etdirilməməsi və atəşi pozan tərəfin adının qeyd olunmaması təəssüf doğurur. Amma bu, Ermənistan tərəfini törətdiyi bu və digər çoxsaylı təxribatlarına görə məsuliyyətdən azad etmir”. 
 
Bəyanatda o da bildirilir ki, 2015-ci ilin sentyabrında Nyu-Yorkda danışıqların növbəti mərhələsindən əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə qoşunların təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisini hədəfə almaqla, böyük kalibrli avtomatik silahlar, mina atanlar və artilleriya vasitələrindən istifadə edərək atəşkəsin pozulması dramatik şəkildə intensivləşdirilib. Əgər atəşə məruz qaldıqları halda həmsədrlər yenə də Ermənistanı günahlandırmağa cəsarət etmirsə, o halda onların ədalətli mövqe sərgiləyəcəyinə ümid bağlamaq olmaz. Bu mənada ölkə başçılarının ilin sonunadək görüşdürülməsinə yönəlik cəhdlər də faydasızdır. 
 
Bu arada Moskvadan yenə də Qarabağla bağlı mesajlar gəlməkdədir. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfəri ərəfəsində news.am agentliyinə müsahibə verib (Virtualaz.org). Matviyenko münaqişənin nizamlanması perspektivlərindən və Rusiyanın bu prosesdəki rolundan da danışıb. “Qarabağ münaqişəsi postsovet məkanında ən uzun çəkən münaqişədir. O, hələ Sovet İttifaqında başlayıb, az qala 30 ildir davam edir. Mənim fikrimcə, bu gün hamıya aydın olmalıdır ki, bu münaqişə tərəflərə ancaq problem yaradır. Münaqişə iqtisadiyyata, sosial sferaya yükdür, insanların bunun yükünü çəkir. Sıx tarixi bağlarla əlaqəli olan iki ölkə, iki xalq arasında münasibətlərə kölgə salır. O, regionda gərginliyin əsas mənbəyidir, münaqişə iştirakçılarının dünya siyasətindəki iştirakına çətinliklər yaradır. Buna baxmayaraq münaqişənin həlli yollarının axtarılması çox ləng gedir”- deyə Matviyenko bildirib.
 
Federasiya Şurasının sədri deyib ki, Rusiyanın bu məsələdə mövqeyi ardıcıldır. Rusiya münaqişənin müharibənin başlanmasını, qan axıdılmasını, humanitar fəlakət riskini istisna edən siyasi həll yolunda israrlıdır. “Bunu görməmək mümkün deyil ki, həm Azərbaycan və Ermənistan xalqları, həm beynəlxalq ictimaiyyət bu münaqişədən cana doyub. Ona görə də bu gün əsas məsələ bütün səviyyələrdə xeyirxah iradə, müdriklik və məsuliyyət nümayiş etdirməkdir”- deyə Rusiya parlamentinin yuxarı palatasının spikeri vurğulayıb.
 
Rusiyadan gələn mesajların hansı nəticə verəcəyini demək çətindir. Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonra Qarabağ məsələsində hansı dəyişikliklərin olacağı isə gündəmin suallarından biridir. Adətən seçkilər ərəfəsində gərginliklər yaşanır və elə sentyabr-oktyabr aylarında təmas xəttində baş verənlərin arxasında İrəvanın seçki təxribatı kimi yozulurdu. Ermənistanın konstruktiv mövqe tutmadığı, həmsədrlərin ədalətli mövqe sərgiləmədiyi halda seçkilərdən sonra Qarabağ cəbhəsində nələrin baş verəcəyini ekspertlərlə aydınlaşdırmaq istədik. 
 
 
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda 1 noyabr parlament seçkisinin nəticələrinin Dağlıq Qarabağda yeni situasiya yaradacağını zənn etmir: “Münaqişənin həlli ilə prezident məşğul olur, nəyin necə olacağına dövlət başçısı qərar verir. Bu illərdə parlamentin Dağlıq Qarabağ ətrafındakı danışıqlara heç bir təsiri olmayıb, qanunverici orqanda mövzu ilə bağlı dinləmələr də həyata keçirilməyib. Ona görə də tərkibi cəmi 20 faiz dəyişən yeni parlamentin də danışıqlara təsir edəcəyini düşünmürəm. O ki qaldı, ATƏT-in Minsk Qrupu həmsədrlərin bölgəyə son səfərinə, onların əsas məqsədi ilin sonuna qədər Ermənistan və Azərbaycan prezidentləri ilə görüşə razı salmaq idi. Həmsədrlər prezidentləri bu görüşün keçirilməsinə inandırmağa çalışıblar. Ancaq belə bir görüşün ilin sonunadək reallaşacağını az ehtimal edirəm. Doğrudur, amerikalı həmsədr Ceyms Uorlik deyib ki, prezidentlər belə bir görüşə razılıq veriblər. Ancaq görüş üçün tərəflərdə müsbət atmosfer yoxdur”. 
 
Politoloq deyir ki, əgər belə bir görüşə ehtiyac var idisə, Azərbaycan prezidenti İlham Əliyev elə sentyabr ayında Nyu-Yorkda BMT sessiyası çərçivəsində erməni həmkarı Serj Sərkisyanla görüşə bilərdi: “İlham Əliyev həmsədrlərlə görüşdə erməni həmkarı Serj Sərkisyanın ünvana kəskin ifadələr işlədib. Bunun özü İlham Əliyevin Serj Sərkisyanla görüşmək istəmədiyini göstərir. Məsələn, İlham Əliyev deyib ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir. Azərbaycan prezidenti misal olaraq keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərini göstərib. Məhz bu hadisədən sonra cəbhə bölgəsində vəziyyət gərginləşib. Azərbaycan ordusu 2014-cü ilin avqust ayında işğal altındakı Ağdam rayonunun səmasında Ermənistana məxsus helikopteri vurdu. İlham Əliyev Sərkisyanın əmri ilə Ermənistan ordusunun başqa diversiyalarla da məşğul olduğunu həmsədrlərin diqqətinə çatdırıb. Azərbaycan prezidenti həmsədrlərlə görüşdə Sarkisyanı diktator adlandırıb. Əliyev bu fikirini belə əsaslandırıb ki, Sərkisyan yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. ”Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib" deyib. Göründüyü kimi, ritorika sərtləşib". 

E.Şahinoğlu hesab edir ki, bütün bunlardan sonra ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün reallaşacağı suallar doğurur: “Bu, o deməkdir ki, cəbhə bölgəsindəki gərginlik yenidən şiddətlənə bilər. Doğrudur, son zamanlar ağır artilleriya işləmir, tərəflər yenidən ”snayper müharibəsi"nə qayıdıblar. Ancaq ilin sonuna qədər prezidentlərin görüşməsi yerinə ağır artileriyanın yenidən işə düşəcəyi istisna deyil. Bu da hər iki tərəfdən itkilər demək olacaq. Azərbaycanın işğalçıya güc nümayiş etdirməkdən başqa alternativ qalmayıb. Həmsədrlər və böyük dövlətlər cəbhə bölgəsində sakitlik istəyir, bu isə Ermənistanın mövqeyi ilə üst-üstə düşür. Çünki Ermənistan Dağlıq Qarabağda status-kvonun davamını istəyir. Bu isə bizim maraqlara cavab vermir. İşğalçı daima Azərbaycan ordusunun təzyiqini hiss etməlidir. Buna baxmayaraq, qarşı tərəfin təxribatlarına da hazır olmalıyıq. Məsələn, dekabrın 1-də Ermənistan müxalifəti prezident Sərkisyan əleyhinə geniş istefa yürüşü və davamlı mitinqlər planlaşdırıb. Onsuz da ölkəni ağır iqtisadi və sosial uçuruma yuvarlandıran Sərkisyanın vəziyyəti daha da qəlizləşəcək. Sərkisyan bundan çıxış yolu kimi cəbhə bölgəsində təxribat yarada bilər ki, cəmiyyətin diqqətini yayındırsın. Belə olan halda Azərbaycan ordusunun mümkün təxribata cavabı elə olmalıdır ki, Sərkisyan nəinki məqsədinə nail olsun, əksinə, üzləşdiyi itkiləri onun müxalifət qarşısındakı mövqelərini bir az daha zəiflətsin".
 

Hərbi ekspert Üzeyir Cəfərov da inanmır ki, Azərbaycandakı parlament seçkilərindən sonra Qarabağla bağlı hansısa yeni situasiya yarana bilər: “Nəzəri baxımdan hər şey ola bilər. Amma mən o qədər də optimist deyiləm. Ona qalsa, bu illər ərzində 4 belə siyasi tədbir, bir neçə digər irili-xırdalı seçkilər keçirilib. Əlbəttə ki, əgər bu təkcə Azərbaycandan birbaşa asılı məsələ olsaydı, biz bəlkə də çoxdan qərarımızı qəbul etmişdik. Lakin dünyada birgə yaşam qaydaları, ələlxüsus da maraqlar deyilən bir şey var, ona görə də inanmağım gəlmir ki, böyük güclər Qarabağla bağlı hansısa addımlar atsınlar”. 
 
Ü.Cəfərov Rusiyadan verilən mesajların da fayda verəcəyini güman etmir: “Əslinə qalsa, mən Rusiyanın da səmimiliyinə, münaqişənin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasında maraqlı olmasına əsla inanmıram. Zaman-zaman onlar öz maraqları naminə bəzi ümidverici sözlər, ümidverici hansısa addımlar atmağa həvəsli kimi görünüblər. Amma unutmaq lazım deyil ki, məsələnin həlli Rusiya siyasi-hərbi rəhbərliyinin o qədər də maraqlarına uyğun deyil. Baxmayaraq ki, onlar dildə bir söz, əməldə isə Ermənistanı cani-dildən davamlı şəkildə müdafiə etdiklərini davam etdirilər”. 

Hərbi ekspert prezidentlərin görüşündən nəticə gözləmədiyini deməklə yanaşı, qeyd etdi ki, ölkə başçısının Sarkisyanı “diktator” adlandırması da təəccüblü görünməməlidir: “Artıq ermənilərin özləri onu belə adlandırlar. Bu cinayətkar yəqin ki, gec-tez layiq olduğu cəzanı almalıdır və alacaqdır. Məhz onun hikkəsi və ”fəaliyyəti" nəticəsində milyonlarla insan iztirab və əzab içində yaşamağa məhkumdurlar. Onun əli həm də Azərbaycan vətəndaşlarının qanına batıb. Hərb gözləntilərinin olub-olmamasına gəlincə isə, onu deyə bilərəm ki, nə qədər ki, bu münaqişə öz həllini tapmayıb, heç nəyi istisna etmək olmaz. Məhz buna görə də beynəlxalq güclər nə qədər tez işğalçını haqq yoluna qaytara bilsə, bir o qədər yaxşı olar. Həm insan itkisinin qarşısı alınar, həm də dağıntı, fəlakətin qarşısı alına bilər".
 
 
XİN-in mətbuat katibi Hikmət Hacıyevin sözlərindən belə aydın oldu ki, Minsk qrupuna etimadsız şəraitində belə, bu formatdan imtinanın gündəmə gəldiyini düşünməyə hələ ki zərurət yoxdur: “Azərbaycan münaqişənin dinc yolla həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan prosesdə iştirakını davam etdirir və hələ də inanır ki, münaqişənin siyasi yolla həlli üçün resurslar tam şəkildə tükənməyib. Sadəcə olaraq, Minsk Qrupu tərəfindən qətiyyətli mövqenin nümayiş olunmasına və mövcud real imkanların münaqişənin siyasi yolla həllinə yönəldilməsinə ciddi ehtiyac var. Daha konkret desək, Minsk Qrupu həmsədrlərindən gözləntimiz odur ki, işğalçı tərəf olan Ermənistana münasibətdə təsirli və hətta sülhə məcburedici addımlar atılmalıdır”. 

H.Hacıyev həmsədrlərlə görüşdə Kəlbəcər girovlarının azad olunması tələbinin də qoyulduğunu vurğuladı:“Soydaşlarımızın azad olunması məsələsi həmişə gündəlikdədir. Bu görüşlərdə bir daha məsələ qaldırıldı. Qarşı tərəf qarşısında da məsələ qaldırılır. Eyni zamanda Azərbaycan bu məsələni Beynəlxalq Qızıl Komitəsi ilə də vaxtaşırı müzakirə edir”.
Cia.az