|
5 rayonun qaytarılması ilə bağlı sensasiyalı açıqlama
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin ətrafındakı işğal olunmuş rayonlardan 4-5-nin geri qaytarılması mövzusu yenidən gündəmə gəlməyə başlayıb. Xüsusən də Ermənistanda dekabr ayında Konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçiriləcəyi məsələsi ətrafında gedən söhbətlərdə həmin rayonların Azərbaycana qaytarılmasına hazırlıq getdiyi kimi söhbətlər ortaya çıxıb. 
Nüfuzlu rusiyalı siyasi ekspert Andrey Piontkovski bəyan edib ki, Avrasiya Birliyinə qoşulmağın qarşılığında Moskva Bakıya işğaldakı rayonlarının bir hissəsini qaytarmağı təklif edəcək. Bu arada Ermənistanın sabiq baş naziri Qrant Baqratyan mövzuya dəxli olan və kifayət qədər diqqətçəkici açıqlama verib. Müxalifətyönlü Lragir.am-ın yazdığına görə, Baqratyan bildirib ki, Ermənistanda gözlənilən konstitusiya islahatları məhz “4-5 rayonu Azərbaycana qaytarmaq üçün” düşünülüb. Baqratyan bəyan edib ki, Sarkisyan təkbaşına Qarabağı verə bilmədiyi üçün konstitusiyanı dəyişmək qərarı verilib ki, Qarabağ məsələsi referenduma çıxarılsın. “Hazırda regionda sülhün bərqərar olunması üçün hamı rayonların təhvil verilməsini tələb edir, ona görə də hamı konstitusiya islahatlarından razıdır”, deyə əlavə edib eks-baş nazir. 
Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bu mövzuda açıqlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusunda danışıqlar prosesinin iki ildir davam etdiyini bildirdi. Onun sözlərinə görə, danışıqlar prosesi şəklində və Rusiya, Azərbaycan arasında danışıqlarda Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş rayonların geri qaytarılması məsələsi yer alır: “Bu danışıqlar prosesində hər iki tərəf öz strateji maraqlarını güdür. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə çalışır. Rusiya isə Avrasiya İttifaqını möhkəmləndirmək və oraya həqiqətən də iqtisadi, siyasi potensialı olan dövlətlərdən birini cəlb etmək istəyir. Avropa Birliyi üçün nəzərdə tutulan Ukraynanın əldən çıxması bir boşluq yaradıb və Rusiya siyasi elitası hesab edir ki, bu boşluğun yerini yalnız Azərbaycan doldura bilər. Danışıqlar prosesi özünün kulminasiya nöqtəsinə gəlib və Rusiya ermənilərlə öz kanalları ilə danışıqlar aparanda yəqin ki, ermənilərin narazılığı olur. Hansısa bəlli olmayan səbəblər üzündən bu məsələ ləngiyir. Məsələn, bu ilin yaz aylarında Dağlıq Qarabağ ətrafındakı işğalda olan 4-5 rayonun qaytarılması məsələsi yenə aktuallaşmışdı, hətta uzağı avqusta qədər rayonların azad olunacağından söhbət gedirdi. Amma vaxt ötdü, bu, baş vermədi. Mənə belə gəlir ki, Putinin oxu Suriyada daşa dəyib. Yəni proseslər onun gözlədiyi ssenari üzrə getmir. Amerika uzun fasilədən sonra aktiv surətdə Rusiyaya qarşı dayanmağa qərara alıb. Belə bir vəziyyətdə Moskva Cənubi Qafqaz regionunda mühüm dövlət olan Azərbaycanla münasibətlərini sıxlaşdırmaq istəyir. 
 
Azərbaycan da yaranmış vəziyyətdə torpaqlarının azad olunması məsələsini haqlı olaraq önə çıxarır. Odur ki, Dağlıq Qarabağın ətrafındakı rayonların azad olunması mövzusunda danışıqların başlana bildiyini qətiyyətlə söyləmək mümkündür”.
 
Q.Hüseynli onu da dedi ki, əslində hər şey bəllidir, hər şey razılaşdırılıb. Söhbətin hələlik razılaşdırılmayan tərəfi Ermənistanın öz qoşunlarını işğal edilmiş ərazilərdən geri çəkməsinə hansı şəkildə razılıq verib-verməməsidir: “Ermənistan müxtəlif variantlara əl atır. Gah 2 rayonun verilməsini, gah 3 rayonun verilməsini ortaya atır, gah 2 üstəgəl 3 variantı ilə beş rayonun geriyə qaytarılmasını, iki rayonun isə Dağlıq Qarabağın statusunun müəyyən edildiyi vaxtda bir bazarlıq obyekti kimi saxlamağı ortaya atır. Ermənilərin içərisində 7 rayonun birdən qaytarılması ilə bağlı yekdil fikir yoxdur. 
 
Amma Rusiya ilə Azərbaycan və Rusiya ilə Ermənistan arasında qeyd olunan məsələdə bir razılaşma var. Sadəcə, ermənilər hələ ki, beş rayonun mərhələ-mərhələ, iki üstəgəl üç variantı üzrə qaytarılmasına razılıq verirlər. Bunun necə nəticələnəcəyini söyləmək çətindir. Amma hər halda bu ilin sonuna qədər prezidentlərin görüşündə masa üzərində razılaşdırılması mümkün olan müəyyən təkliflər olmalıdır. Prezidentlərin görüşündə ya 5 rayonun birdən qaytarılması məsələsi, ya da 2 üstəgəl 3 variantı üzrə rayonların tədricən qaytarılması məsələsi razılaşdırıla bilər. 
 
Ermənistan vaxtı uzadarkən guya qoşunların geri çəkilməsinin texniki cəhətdən çətinliyi və uzun vaxt aparan proses olduğunu Rusiya ilə danışıqlarda bəhanə gətirir. Lakin Kreml istəsə Ermənistanın bu bəhanəsini əlindən ala bilər. Hər halda prezidentlərin görüşündə Dağlıq Qarabağ ətrafındakı işğal olunan 7 rayondan beşinin qaytarılması haqqında razılıq əldə edilə bilər”.
Cia.az