|
İctimai şəxslər Ramiz Mehdiyevin silsilə məqalələrindən danışdı
Vaxtaşırı olaraq Prezident Administrasiyasının rəhbər, akademik Ramiz Mehdiyevin  mətbuatda iri həcmli silsilə məqalələri çap olunur. Həmin məqalələrdə əsasən siyasi və ictimai hadisələrə toxunulur. Bəs bu məqalələri ölkə ictimaiyyəti necə qiymətləndirir?
Məsələ ilə bağlı musavat.com-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, bu məqalələrin hər birini oxuyur:
“Ramiz Mehdiyevin  məqalələr yazmasını müsbət qarşılayıram. Hər zaman hakimiyyətin beyninin necə işlədiyini bilmək üçün bu məqalələri oxuyuram. Çünki  Azərbaycan iqtidarının idarəetmə texnologiyası, bütün davranışları və gələcək hərəkətləri bu cür məqalələrdən bilinir. Həmin məqalələrlə bağlı fikirimi,  hətta kitab şəklində də yazıram. Məsələn, Ramiz Mehdiyevin vaxtilə iqtidarın strategiyası ilə bağlı  məqaləsi çap olunmuşdu. Həmin məqaləyə  cavab olaraq, 500 səhifədən ibarət kitab yazdım. Faktiki olaraq o  kitab Ramiz Mehdiyevin məqaləsində irəli sürülən müddəaların elmi, fəlsəfi və dünya  siyasi təcrübəsi əsasında  təhlilindən ibarətdir. Ramiz Mehdiyevin bəzi məqalələrindəki fikirləri ilə mənim düşüncələrim  qətiyyən üst-üstə düşmür. Ancaq olub ki, tarixə baxış baxımından fikirlərimiz eyni olub. Nəticə olaraq qeyd edim ki, iqtidar bu məqalələri yazmaqda tamamilə düzgün edir. Onlar öz beyinlərinin necə işlədiyini, bu fikirlərin necə yarandığını bildirirlər. Biz də müxalifət kimi həmin  düşüncənin doğru və ya yanlış tərəflərini  araşdırıb öz mövqelərimizi ortaya qoyuruq”.
 
Millət vəkili Zahid Oruc akademik Ramiz Mehdiyevin məqalələrini yüksək qiymətləndirdiyini söyləyib:
“ Ramiz Mehdiyevin baxışları, irəli  sürdüyü versiyalar cəmiyyətdə böyük rezonans doğurur. Onun istənilən məsələyə yanaşması öz orijinallığı ilə seçilib. Eyni zamanda Azərbaycanın daxili həyatı ilə bağlı mühim məsələlər,  daşıdığı yüksək vəzifə məqamına görə, malik olduğu informasiya kütləsi  hər zaman   imkan verib ki, xalqımızın milli maraqları  konteksində  öz mövqeyini uğurla ifadə etsin.  Düşünürəm ki, Ramiz Mehdiyevin baxışları sistemliliyi ilə hər zaman seçilib. Onun son məqalələri də  qeyd etdiyimiz məsələlərə bir başa cavab verir.   Bu cür  tutumlu yanaşmalar Azərbaycan üçün çox əhəmiyyətlidir”.  
 
Yeni AXCP sədri Razi Nurullayev isə mövzu ilə bağlı aşağıdakı fikirləri söylədi:
“Mən siyasətçilərin və dövlət yetgililərinin yazı yazmasını, fikirlərini yazılı şəkildə insanlara çatdırmasını müsbət qarşılayıram. Ramiz Mehdiyevin də silsilə yazılar yazması müsbət haldır. Ən azından bu yazılar siyasi camiədə diskusiyalar yaradır, debatlara yol açır və təbii ki, jurnalistlərə maraqlı mövzular verir. Amma təbii ki, yazılanlarla razılaşıb-razılaşmamaq başqa məsələdir. Məsələn, Ramiz müəllimin yazılarını oxuyan zaman məndə kifayət qədər suallar yaranır və orada bəzi fikirlərə mənim yanaşmam tam əks olur. Əlavə olaraq, Ramiz müəllimin yazıları uzun olur və onu oxumaq və analiz etmək üçün də vaxt tələb olunur”.
 
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, bu məqalələrin hər birini diqqətlə oxuyur:
“Bunu yüksək qiymətləndirirəm ki, akademik Ramiz Mehdiyev vaxtaşırı olaraq cəmiyyət həyatını təhlil  edən, Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı məqalələrlə çıxış edir. Bu çox yaxşı bir haldır. Eyni zamanda məqalələr cəmiyyətdə elmi, intellektual müzakirə mühitinin yaranması üçün şərait yaradır. Hətta  müxalif fikirli siyasətçilər belə razılaşdıqları və ya razılaşmadıqları məqamlar barəsində  yazılar yazırlar ki, bu da müsbət  bir haldır. Mövqe kimisə qane etməyə də bilər. Ancaq bu, müzakirə mühiti üçün əlavə  stimul verir. Bu stimulu da cəmiyyətin gələcəyi, daha doğru istiqamətlərin tapılması ilə bağlı fikir plüralizminin  yaranmasına köməklik göstərir. Ramiz Mehdiyevin yazılarını diqqətlə oxuyuram. Müəyyən məsələlərə öz yanaşmamı da qeyd edirəm. Bizim cəmiyyəti buna alışdırmaq olduqca vacibdir. Dedi-qodudan, bir-birilərinin fikirlərinə kobud müdaxilədən daha yaxşı yol budur. Fikirlərini hansısa forma ilə yaz, kimsə opponentlik etmək istəyirsə etsin. Bu da siyasi mədəniyyətin inkişafına, onun yaxşı mənada formalaşmasına köməklik edir”.
Cia.az