|
Hakimiyyət müşahidəçilərin sayı ilə bağlı yenidən ATƏT-ə müraciət edib
Sabah Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. 125 dairə üzrə keçiriləcək seçkilərdə 600-dən yuxarı namizəd mübarizə aparacaq. MSK-dan bildirilib ki, seçkilərdə 15 siyasi partiya və 7 partiyanın üzv olduğu bir blok iştirak edir. 
Seçkiləri ATƏT, Avropa Birliyi kimi dünyada nüfuzlu beynəlxalq təşkilatlar müşahidə etməyəcək. Buna baxmayaraq MSK və hakimiyyət bir sıra digər beynəlxalq təşkilatların, dövlətlərin müşahidəçilərini ölkəyə dəvət etməklə seçkinin beynəlxalq müşahidə altında keçdiyini ortaya qoymağa çalışır. MSK sədri Məzahir Pənahov bildirib ki, 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib. Bunlar 40 təşkilatı, 27 ölkəni təmsil edir. Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər. 
 
Ümumilikdə isə seçkilərdə müşahidə aparmaq üçün 66 min müşahidəçi qeydiyyatdan keçib.
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi isə dünən daha bir bəyanat yayıb.
 
Bəyanatda Daimi Nümayəndəlik ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qərarını qeyri-konstruktiv və qəbuledilməz qərar adlandırıb. Bəyanatda bildirilir ki, DTİHB tərəfindən göstərilən bu yanaşmaya baxmayaraq, Azərbaycan nümayəndə heyəti seçkilərə qədər bu məsələnin həllini tapacağına dair ümidini ifadə edib: “Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor Linkin müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik”.
 
Bəyanatda o da vurğulanır ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-nin aktuallığını yenidən nəzərdən keçirəcək".
Dünən isə seçkiləri müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb.
 
Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir. Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin, media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərə başlayıblar. Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək. Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.
 
Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Şurası Müşahidə Missiyası ilə görüşdən imtina edib. Bu barədə A.Hacılı məlumat verib: “30 oktyabr tarixdə saat 14-də Holyday İNN otelində Avropa Şurasının müşahidə missiyasının bütün heyəti ilə tək görüşməyimi istəmişdilər.
 
Görüşdən imtina etdim. Çünki bu müşahidə qrupuna etimadım yoxdur. Ötən səfərlərindən sonra Azərbaycanda seçki ərəfəsi siyasi şərait barədə həqiqəti əks etdirməyən hesabat yaymışdılar.
 
Bu qrup Azərbaycan hakimiyyətindən Beynəlxalq Birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi qətiyyətlə tələb etmək, siyasi məhbuslarımızın azadlığa buraxılması üçün təsirli tədbirlər görmək əvəzinə iqtidarın bu vəziyyətdə də sudan quru çıxması üçün yollar axtarmaqla məşğuldur".

Tanınmış politoloq Ərəstun Oruclu da bildirib ki, Avropa təşkilat və ölkələrindən seçkiləri müşahidə etməyə gələn missiyalar ilə təklif olunan 3 görüşdən imtina eləyib: “Qərarım qətidir, bütün bu riyakarlıqları artıq nə dinləmək fikrim var, nə də onlarda iştirakçı olmaq. Bundan sonra bir neçə Avropa ölkələri səfirliklərinə münasibətdə də eyni mövqe sərgiləyəcəyəm, çünki mənim ölkəmdə öz şirkətlərinin maraqlarını təmin etmək üçün min bir dona girib, sonra da qarşında əyləşib insan haqları, demokratiya mövzusunda diplomatlıq edənlər həqiqətən ürəkbulandırıcıdır. 
 
Bu qənaətə gəlməyimin başlıca səbəblərindən biri də bəzi avropalı diplomatların Bakıdakı fəaliyyəti haqqında apardığımız araşdırmalardır".
Cia.az