|
ABŞ-ın Bakıdakı səfiri hakimiyyətdəki “nüfuzlu şəxslər” barədə senator Darbinə nə çatdırıb...

ABŞ-ın İllinoys ştatından senator, Senatdakı statusuna görə demokratların ikinci ən nüfuzlu şəxsi hesab edilən Dik Darbin “Azadlıq” radiosunun Vaşinqton müxbirinə Bakı ilə təmaslara dair sensasiyalı sayıla biləcək açıqlama verib.

Senator deyib ki, ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta onu insan haqlarının vəziyyətinə dair Azərbaycan hökuməti ilə dialoqa başlamağa həvəsləndirib.

“Sekutanın fikrincə, Qərb təslim olmamalıdır. O, inanır ki, hökumətdə hələ də düzgün istiqamətdə işləmək istəyən nüfuzlu şəxslər var”-senator bildirib.

Bu günlərdə səfir Sekuta Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb, iki ölkə arasında tərəfdaşlıq münasibətlərinə dair müzakirələr aparıb.

Senator deyib ki, oktyabrın 28-də Sekuta ilə danışıb, gələn həftə isə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovla görüşməyə ümid edir:

“Səfirləri ilə görüşümdə və daha sonrakı təmaslarımda çalışacağam onları inandırım ki, bu məhbusların buraxılması ölkənin maraqlarına cavab verir”-senator Darbin bildirib.

 

Senator Durbin Azərbaycan hakimiyyətinin qatı tənqidçilərindən biridir. İndi isə belə görünür ki, o, səfir Sekutanın tövsiyəsi ilə Azərbaycan rəsmiləri ilə təmaslara başlayaraq məhbuslar məsələsini həll etmək istəyir. Və çox güman ki, belə təmasların başlamasında və beləliklə, ABŞ-la xeyli soyumuş münasibətlərin düzəldilməsində  rəsmi Bakı özü də maraqlıdır. Əgər səfir Sekuta Bakının belə niyyətinin olduğuna əmin olmasaydı senator Darbini tənqidləri bir kənara qoyub problem həll etmək üçün təmaslara başlamağa çağırmazdı.

Cia.az