"Bu dələduzluq işinin aparılmasını əsassız olaraq Korrupsiya ilə Mübarizə Baş İdarəsi öz üzərinə götürsə də, iş nəinki operativ və səmərəli aparılmır".
Bu sözlər Bakı sakini İlqar Tağıyevin prezident İlham Əliyevə göndərdiyi şikayət məktubundadır.
Aztoday.az saytının məlumatına görə, dövlət başçısı ilə yanaşı məktubun sürətini daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova göndərən İlqar Tağıyev mütəşəkkil cinayətkar dəstə üzvləri barəsində tədbir görülmədiyini yazır.
Zərərçəkən prezident İlham Əliyevə ünvanlanan məktubunda qeyd edir:
"Mən 27.07.2014-cü il tarixdən etibarən mütəşəkkil dələduzluq faktıyla üz-üzə qalmışam; 7 nəfərdən ibarət dələduz dəstə əlbir olub mənzil satmaq adıyla saxta sənədləşmə yoluyla mənim 99000 azn məbləğdə pulumu mənimsəmişlər və faktiki olaraq mən 14 aydır ki, mənzilsiz qalmışam.
Bu barədə bütün instansiyalar dəfələrlə məlumatlandırılmışdır və dəfələrlə nəticəsiz qalan görüşlərim olmuşdur. Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevlə görüşlərim sadəcə, onun ümidverici cavabları ilə nəticələnmişdir. Heç bir əməli addım atılmamış, 6 nəfər dələduz haqqında heç bir tədbir görülməmiş, heç biri haqqında qətimkan tədbiri seçilməmişdir. Bu dələduzluq işinin aparılmasını əsassız olaraq Korrupsiya ilə Mübarizə Baş İdarəsi öz üzərinə götürsə də, iş nəinki operativ və səmərəli aparılmır, hətta qeyri-obyektiv və qərəzli aparılması göz önündədir. Dəstənin 6 üzvü heç nə olmamış kimi məsuliyyətdən kənarlaşdırılaraq bütün məsuliyyət təkcə MTK sədri üzərində fokuslanır, halbuki, həmin məbləği öz aralarında bölüşdürən bu fiqurantların cinayət əməlində bu və ya digər formada əlləri olması sübuta yetirilmişdir. Sadə təhqiqat predmeti olan bu fakt istintaq hərəkətsizliyi ucbatından "bespredel"lik faktına çevrilmişdir, həmçinin bunun 14 aydan artıqdır ki, hansısa məqsədlərçün manipulyasiya predmetinə çevrilməsi qənaətindəyəm.
Cənab Prezident!
Qanunlarımızın aliliyinə inanan sadə vətəndaş kimi Sizə səslənmək məcburiyyətində qaldım. Sizdən bu dələduzluq faktına diqqət etmənizi, işə obyektiv hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması üçün müvafiq göstərişlərinizi verməyinizi xahiş edirəm".
Bu İlqar Tağıyevin prezident İlham Əliyevə üçüncü müraciətidir. Onu da qeyd edək ki, İlqar Tağıyev bir neçə il öncə amansızlıqla qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının qardaşıdır.
Cia.az
