|
Müsavatın seçkidən çəkilmək qərarı aranı qatdı
Təbliğat kampaniyasının sonuna yaxın Müsavat Partiyasının seçkilərdə iştirakdan imtina etməsi onun namizədlərini çətin duruma salıb. Bu günə qədər təbliğat-təşviqat kampaniyası apararaq, küçəbəküçə, kəndbəkənd gəzərək insanlarla görüşüb proqramlarını açıqlayan namizədlərin bəziləri Müsavatın qərarından təəccübləniblər. Onlar bildirirlər ki, əgər belə bir niyyət var idisə, niyə öncədən deyilmirdi.
Namizədlər qeyd ediblər ki, seçki kampaniyasına kifayət qədər vəsait, vaxt sərf edib, enerji xərcləyiblər və seçicilərə müxtəlif vədlər, söz veriblər.
Vətəndaşlar da onlara inanıb seçkilərdə iştirak edəcəklər. Belə olan halda seçkiyə bir neçə gün qalmış prosesdən kənarlaşmaq seçiciyə qarşı hörmətsizlik, rəqiblər qarşısında geri çəkilmək kimi başa düşülə bilər.
 
Onu da qeyd edək ki, Müsavat Partiyasının irəli sürdüyü 80-ə yaxın namizəddən 25 nəfərini seçki komissiyaları qeydə alıb. Həmin namizədlərin 24-ü Müsavatın üzvüdür, bir nəfəri Müsavat Partiyasının üzvü deyil. Bu şəxs 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. 
 
“Bəs seçicilərə nə deyək?”
 
İsgəndər Həmidovun Müsavat Partiyasının qərarından sonra namizədliyini geri götürüb-götürməyəcəyini onun özündən soruşduq. İ.Həmidov bildirdi ki, Gəncə zonasında seçicilərlə görüşdə olarkən Müsavatın məlum qərarı verdiyini eşidib və oktyabrın 29-da  səhər Bakıya gəlib və Müsavat rəhbərliyi ilə görüşüb: “Müsavatın qərarına böyük hörmətlə yanaşıram. Amma onu da deyim ki, təşviqat kampaniyası başlayandan mən 30 rayonda, 50-dən yuxarı kənddə olmuşam, ölkənin dörd bir yanına səpələnmiş kəlbəcərli seçicilərimlə görüşlər keçirmişəm, seçicilər mənə böyük dəstək veriblər, onların qarşısında çıxışlarımda, mətbuata da müsahibələrimdə bəyan etmişəm ki, seçicilərin ümidlərini puç etməyəcəm və seçkidə sona qədər iştirak edəcəyəm. Şaiyələr yayırdılar ki, guya mən pul alıb geri çəkiləcəm, seçkidən sonra kimisə təbrik edəcəm. Mən də bəyan etmişəm ki, bunlar hamısı şayiədir və mən sonadək seçkidə iştirak edəcəyəm. Bir məsələ də var ki, artıq bülletenlər çap edilib və adımız bülletendədir. Bütün bunların hamısını nəzərə alıb Müsavat rəhbərliyi ilə müzakirə aparıram. Yekun qərara gələn kimi məlumat verəcəyəm”.
 
Müsavatın 79 saylı İmişli seçki dairəsindən namizədi İltizam Əkbərli isə seçkidən çəkilməyəcəyini bəyan edib. APA-ya açıqlamasında İ.Əkbərli deyib ki, Müsavatın qərarından asılı olmayaraq seçkidə iştirakını davam etdirir: “Müsavat Divanının qərarına hörmətlə yanaşıram. Lakin seçicilərimə, mənə imza verənlərə də hörmətlə yanaşıram. Birmənalı şəkildə seçkidə iştirakdan imtina etməyəcəyəm”. 
 
Müsavatın 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədi İkram İsrafil isə qəti bəyanat verməsə də partiyanın qərarından sonra da kəndlərdə seçiciləri ilə görüşünü davam etdirir. İ.İsrafil facebook səhifəsində bir video paylaşıb. Videoda İ.İsrafilin kəndlərin birində seçicilərlə görüşü və sakinlərdən birinin sosial vəziyyətdən, acınacaqlı həyatlarından danışdığı əksini tapıb. İ.İsrafil videonun yanında yazıb ki, sadə seçicilərə seçkiyə üçn gün qalmış prosesdən nə üçün çəkilməyi izah etmək asan deyil: “Gedin ATƏT-i, efir vaxtını və s. dərdlərinizi bu vətəndaşa başa salın! Gedin deyin görək başa düşəcək?!! Bu adamın dərdi hansı dərdinizdən üstündür?! Bu adamın, bunun kimi insanların nəyinə lazımdır Avropanın tanıması, MSK-ın efir verməsi. Bu insana normal şərait, ailə saxlamaq, balasının dərdinə çarə lazımdı, dərdini dinləyəcək biri lazımdı! Qarşısına çıxıb seçkidən imtina ilə bağlı qərardakı bəndləri sadalasanız, üzünüzə deməsə də ürəyində ”rədd olun, sizdən də bir şey olmadı!" deyəcək. Acı da olsa, əmin olun ki, deyəcək!! Və nəzərə alın ki, regionlarda belə insanlar on minlərlədi! Olan son ümidi də qırmaq olmaz!"
 
Partiyanın Divan üzvü Razim Əmiraslanlı da namizədliyini hələ ki geri çəkməyib. R.Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirdi: “120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərəfdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram. Namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək”.
 
Müsavatın 55 saylı Xaçmaz şəhər seçki dairəsindən  deputatlığa namizədi Söhrab Əmirov isə facebook sosial şəbəkəsindəki səhifəsində namizədliyini geri götürməyəcəyini, seçki marafonunda iştirakını davam etdirəcəyini bildirib.
 
Partiya oktyabrın 31-dək gözləyəcək
 
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirdi ki, namizədliyini geri götürməyənlərin oktyabrın 31-nə qədər vaxtı var: “Ona görə də indi onların hansı sözü demələri, hansı izahat vermələri mənim üçün o qədər maraqlı deyil. Güman edirəm ki, oktyabrın 31-nə qədər həmin şəxslər namizədliklərini geri götürməklə bağlı ərizələrini təqdim edəcəklər. Ərizələrini təqdim etməyəcəklərsə, o halda partiyada onların məsələsinə baxıla bilər. İndiki halda vaxt var. Qərar qəbul olunub, hər kəsdən qərara hörmətlə yanaşmaq, nizamnamə çərçivəsində hərəkət etmək tələb olunub və belə də olacaq”.
 
Müsavat başqanı Arif Hacılı isə bildirdi ki, Müsavatın namizədlərinin çoxu seçkidən çəkilməkləri ilə bağlı müraciət ediblər: “Düşünürəm ki, hər bir namizəd Müsavat Partiyasının qərarına uyğun olaraq seçki prosesində iştirakını dayandıracaq”.
 
“İltizam Əkbərli seçkidə sonadək iştirak edəcəyini açıqlayıb. İkram İsrafil təbliğat görüşlərini davam etdirir. Onlarla danışıqlar aparıla bilərmi? Namizədliyini geri götürməyənlərin partiyadan xaric edilmələri məsələsi qoyula bilərmi” suallarına Müsavat başqanı belə cavab verdi: “Bəzi namizədlər seçki prosesindən çıxmaqla bağlı yalnız seçiciləri qarşısında götürdükləri öhdəliklərə görə problemlərlə üzləşir. Ancaq hesab edirəm ki, bu məsələ müsbət həll olunacaq və Müsavat Partiyasının bütün namizədləri seçki dairələrində öz namizədliklərini geri götürəcəklər. Müsavat Partiyası bütün qərarları kollegial olaraq qəbul eləyən bir təşkilatdır. Düşünmürəm ki, kimlərinsə xaric edilməsi problemi yaranacaq və biz bu məsələni müzakirə etmək zorunda qalacağıq. Əgər belə bir problem həqiqətən mövcud olacaqsa, biz bu məsələni müzakirə edəcəyik”.
 
31 saylı Suraxanı seçki dairəsindən Müsavatın namizədi Mustafa Hacılı isə namizədliyini geri götürdüyünü açıqlayıb: “Namizədliyimin qeydə alınması uçun imza verən və imza toplayan, plakatlarımı hazırlayan və yapışdıran, mənim təbliğatımı aparan, rəy sorğularında səs verən bütün insanlara təşəkkürümü bildirirəm. Seçkiyə mübarizə üçün qoşulmuşduq və bu mübarizəmiz davam edir. Seçki günü də cəmiyyətlə birgə olacağıq, saxtakarlıq faktları toplayacaq, yayacaq, ifşa edəcəyik. Sonunda biz qalib gələcəyik!”
 
Müsavat üzvü, deputatlığa 21 saylı Nəsimi SD-dən namizəd Tural Abbaslı isə deyib ki, Müsavatın bu addımı yanlışdır. 
 
Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova isə cebhe.info-ya deyib ki, Müsavat Divanının qərarında birmənalı şəkildə göstərilir ki, partiya seçkilərdən çəkilir: “Seçkilərdə iştirak edən adam Müsavat Partiyası adından təmsil oluna bilməz. Onlara təzyiqlər də olmayacaq. Çünki həmin 25 nəfər ləyaqətli namizədlərdir və inanıram ki, Divanın qərarına əməl edəcəklər. Biz üzvlərimizə çox inanırıq və əvvəlcədən də bəlli idi ki, seçki mühiti olmasa Müsavat Partiyası seçkilərdən geri çəkiləcək”.
 
Sevinc Hüseynova isə bildirib ki, hələ seçkilərdə iştirak etmək istəyən namizəd yoxdur: “Bu seçkiyə qatılmaq o deməkdir ki, mən Divanın qərarındakı bəndləri qəbul etmirəm və hakimiyyət düzgün seçki keçirir. Mən inanmıram ki, Müsavat Partiyasında belə adam olsun”.
 
YAP-ın şöbə müdiri Aydın Mirzəzadə  deyib ki, mümkündür ki, Müsavatın bu addımı xaricdən hansısa mərkəzlərin tapşırığı ilə bağlıdır: “Siyasi partiyanın fəaliyyəti seçkidə iştirak etməkdir. Seçkidə iştirak etməyən, hakimiyyətə alternativ olmayan bir partiya artıq partiya deyil, dərnəkdir”. 
 
MSK: “Müsavatın qərarının hüququ qüvvəsi yoxdur”
 
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-ya müraciət edərək partiyanın seçkidə iştirakdan imtina etdiyini bildirib.
 
“Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib”.
 
N.Məmmədov qeyd edib ki, Müsavatın seçkilərin 4 ay təxirə salınması barədə təklifi qanunvericiliyə uyğun deyil: “Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib. Digər tərəfdən, partiya namizədlərini özü geri çağırmalıdır. Ona görə də MSK-dan DSK-larda Müsavat Partiyasının namizədlərinin namizədliklərini geri götürməkdə yardım istəməsini xahiş etməsi anlaşılan deyil”.
 
N.Məmmədov qeyd edib ki, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə partiya seçkidə iştirakını dayandırsaydı, bunu başa düşmək olardı: “MSK mövqeyini bildirməlidir ki, Müsavat Partiyasının bu addımının hüquqi əsası yoxdur, Müsavat Partiyasının namizədləri seçkilərdə iştirak edirlər. Bununla bağlı MSK-nın yazılı bəyanatı olmalıdır”.
 
Sonra məsələ səsverməyə çıxarılıb və MSK Müsavat Partiyasının müraciətinin qəbul olunmaması, MSK-nın məsələ ilə bağlı mövqeyinin ictimaiyyətə çatdırılması barədə qərar qəbul edilib.
 
Qeyd edək ki, Müsavat Divanı oktyabrın 28-də seçkidə iştirakı dayandırmaq barədə qərar qəbul edib.
Cia.az