Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı dinləmələr keçirilib. Parlament seçkilərinə 4 gün qalmış belə bir dinləmənin keçirilməsi heç şübhəsiz ki, bir çox gizli mətləblərdən xəbər verir. Dinləmələrin keçirilməsi senatorlar Mark Kirk və Kris Kuns, həmçinin bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının təşəbbüsləri ilə olub.
Senatın tədbirinin əsas müzakirə mövzusu ölkəmizdə vətəndaş cəmiyyətinin sıxışdırılması, son bir ildə siyasi fəalların, jurnalistlərin, din xadimlərinin həbs edilməsi, insan haqlarının pozulması olub. Dinləmələrdə hazırda həbsdə olan Leyla və Arif Yunusların, eləcə də Xədicə İsmayılın və digər siyasi məhbusların azad edilməsi üçün çağırışlar yer alıb. Təsadüfi deyil ki, tədbirə dəvətlilər sırasında Yunusların qızı Dinara Yunus da olub.
Azərbaycan hakimiyyəti qarşısında dinləmələrin yuxarıda qeyd etdiyimiz əsas mövzuları ilə bağlı sərt tələblər qoyulub. Bəzi ekspertlər hesab edirlər ki, mühüm bir seçki ərəfəsində Azərbaycanın belə təzyiqlərlə üzləşməsi Qərbin ölkəmizə qarşı təsir mexanizmlərindən biridir. Dinləmələrin ardından sanksiyalar tətbiq olunacağı ilə bağlı ehtimallar da səsləndirilir.
Senatın qərarları Azərbaycan hakimiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb. Ölkəmizin ABŞ-dakı səfirliyi dərhal kəskin reaksiya verib. Səfirliyin müşaviri Fəxrəddin İsmayılov dinləmələri keçirən şəxsin ermənilərə xidmət etməsi barədə sərt fikirlər səsləndirib:
“Senatda Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmağa çalışan bir şəxsin Azərbaycanda insan haqları ilə bağlı tədbir keçirib, Azərbaycana qarşı qarayaxma kampaniyasına dəstək verməklə, öz erməni havadarlarına xidmət göstərmiş olduğuna hər hansı şübhə yoxdur. Yəni bu senator üçün Azərbaycan, onun vətəndaşları və ölkəmizdəki insan hüquqları əslində heç bir maraq kəsb etmir. Ola bilsin ki, Mark Kirkin son dövrlər nümayiş etdirdiyi ermənipərəst canfəşanlığına onun növbəti il Senata keçiriləcək seçkilərdə yenidən seçilməsinə ən az şans verilən respublikaçı senator olması da təsir edir. Bu fəaliyyətləri ilə erməni icmasından daha böyük dəstək almağa ümidlidir”.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, yaranan problemi əvvəlki mərhələlərdə yaşanan proseslərdə axtarmaq lazımdır: “Azərbaycan hakimiyyəti ATƏT-ə burada seçkilərlə bağlı monitorinq aparmağa şərait yaratmadı. Bununla bağlı ABŞ səfirliyinin bəyanatı oldu, Avropa Parlamenti də iştirakdan imtina etdi. Belə müşahidə olunur ki, Qərb qurumları tərəfindən seçkilərin nəticələri tanınmayacaq. Dinləmələrin indi keçirilməsi seçkilər qabağı ölkəmizdəki ümumi vəziyyəti və seçkilərdən sonra hazırlanacaq hesabatda Azərbaycanda seçkilər öncəsi mühitin bərbad olduğunu göstərməkdir. Seçkilər qabağı seçkilərlə bağlı durum kimi bu dinləməni qələmə vermək olar”.
“Turan” rəhbəri dinləmələrdə məhbusların seçkilər öncəsi əsas müzakirə mövzularından birinə çevrilmələrinin arxasında dayanan mətləblərdən də söz açdı: “Daim bu məhbuslarla bağlı tələb, xahiş, bəyanatlar olub. Bu şəxslər Qərbdə çox tanınanlardır. Xüsusilə qadın olmaları daha çox diqqət çəkir. ABŞ-da qadın siyasətçilər tərəfindən dünyadakı qadın məhbusların azadlığa buraxılmaları istiqamətində kampaniyaların aparılması barədə qərar qəbul edilib. Leyla Yunus və Xədicə İsmayılın adının çəkilməsi bununla bağlıdır. 1 noyabrdan sonra seçkilərə münasibət olacaq. Hər cür münasibət gözlənilir. Noyabrın 20-də ölkə başçısının Antalyaya səfəri gözlənilir. Hesab edirəm ki, G20-lərin tədbirinə belə ağır yüklərlə getmək çətin olacaq. Seçkilərin dəyərləndirilməsi və siyasi məhbuslar məsələsində...”
İqtidaryönlü deputat Fəzail Ağamalı Azərbaycana qarşı Qərb tərəfindən növbəti təzyiq kampaniyasına start verildiyi qənaətindədir: “Mətbuatda sübut olundu ki, bu proseslərin arxasında ABŞ-ın dövlət katibi Con Kerri dayanır. O da bəllidir ki, Kerri bugünkü vəziyyətinə, ayaqda durmasına görə erməni lobbisinə borcludur. Onların sifarişlərini yerinə yetirir. ABŞ-da müəyyən dairələr var ki, öz maraqlarında Azərbaycanın bəzi layihələrdə yer almasını istəyirlər. İrana sanksiyalar, təzyiqlər olanda Amerika çalışdı ki, Azərbaycan yanında olsun. Bununla bağlı ölkəmizə qarşı təzyiq, təhdidlər oldu. Amma Azərbaycan sona qədər bu planın tərkib hissəsi olmadı. Rusiya və ABŞ arasında Suriya məsələsində yaşananlar mənə elə gəlir ki, növbəti dünya müharibəsinin olacağını qaçılmaz edəcək. Belə bir vəziyyətdə onlar Azərbaycandan Rusiyaya qarşı vasitə kimi istifadə etmək istəyirlər.
Bu da dövlət maraqlarımıza tamamilə ziddir. Bir dövlətin yanında olub, digər dövlətə qarşı olan layihələrdə iştirak etmək niyyətində deyilik. Heydər Əliyevin bununla bağlı ortaya qoyduğu xətt bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, ən doğru xətdir. Sadəcə, Amerika demokratiya və insan haqları kimi məsələlərdən istifadə edərək ölkəmizə qarşı təzyiqləri davam etdirir. Bundan əvvəl Yunuslar və Xədicə İsmayılla bağlı bilavasitə Amerikanın təzyiqi ilə xarici təşkilatlar tərəfindən qətnamələr qəbul edilib. Bundan sonra da bu cür siyasətin davam etməsinin şahidi ola bilərik. Amma heç bir əsası yoxdur. Təzyiqlərdən başqa bir şey deyil. Dinləmələrin seçkilərə heç bir təsiri olmayacaq. Xalqımızın iradəsi var. Bütün bunlar onu göstərir ki, Amerikadakı anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı olan çirkin niyyətlərinə son qoymaq istəmirlər”.
Cia.az
