Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun 80 illiyi münasibətilə geniş konsert proqramı təşkil olunub.
Konsert Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Tofiq Əhmədov adına estrada simfonik orkestrinin kiçik heyətinin iştirakı ilə keçirilib. Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova çıxış edərək Vasif Adıgözəlovun bənzərsiz yaradıcılığından söhbət açıb. Onun görkəmli xanəndə, muğam ustası Zülfü Adigözəlovun ailəsində dünyaya gəldiyi, böyük bəstəkar Qara Qarayevdən dərs aldığı vurğulanıb.
Azərbaycan musiqi tarixinin inkişafında böyük rol oynayan Vasif Adıgözəlov çoxsahəli yaradıcılığında bütün janrlara müraciət edib, gözəl və orijinal əsərlər yaradıb. Bəstəkarın “Yenə o bağ olaydı”, "Təkcə səndən xoşum gəlir", “Şuşam”, “Sahilə gəl”, "Naz-naz", "Qərənfil" və digər lirik mahnıları indi də xanəndələrimizin repertuarını bəzəyir.
Konsertdə əvvəlcə dirijor Cavad Tağızadənin bədii rəhbərliyi ilə orkestr heyətinin repertuarında “Nənəmin şahlıq quşu” musiqili komediyasından uvertüra səsləndirilib. Daha sonra görkəmli bəstəkarın “Damlalar”, “Gözləməsin neyləsin”, “Lirik mahnı”, “Naz-naz”, “Sahilə gəl”, “Bakı”, “Qərənfil”, “Şuşam laylay” və başqa əsərləri ifa olunub.
Konsert böyük tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanıb.
Cia.az
