|
Azərbaycanda seçki tarixində ilk hadisə
Vətəndaş və İnkişaf Partiyasının Mərkəzi qərargahında 15 saylı Yasamal birinci Seçki Dairəsi üzrə qeydə alınmış 8 deputatlığa namizədlərdən 5 nəfəri-Əli Əliyev (VİP sədri, “Azadlıq-2015" seçki bloku), Garay Əsədov (bitərəf), Nişat Mehdiyev (bitərəf), Vəfa Rüstəm (bitərəf) və Ramil Rüstəmovun (bitərəf) görüşü keçirilib.
Deputatlığa namizədlər mübarizə apardıqları 15 saylı Yasamal birinci seçki dairəsi üzrə baş verən kobud qanun pozuntularını müzakirə ediblər.
Görüşün nəticəsi olaraq, hər 5 namizədin imzası ilə Mərkəzi Seçki Komissiyasına şikayət göndərilib. Müzakirə iştirakçılarının dörd tərəfi birgə bəyanat qəbul ediblər.  
Adıçəkilən namizədlər dünən həmçinin Vətəndaş və İnkişaf Partiyasının qərargahında mətbuat konfransı da keçirdilər. Deputatlığa namizəd, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev mətbuat konfransının keçirilmə səbəbini açıqladı: “15 saylı Yasamal birinci seçki dairəsində deputatlığa namizəd Ülvi Quliyevin təbliğat və təşviqat dövründə Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin bir sıra tələblərini açıq şəkildə pozur. Ülvi Quliyevin qanun pozuntularını əks etdirən faktları 15 saylı Yasamal birinci seçki dairəsinə təqdim etsək də dairə heç bir araşdırma aparmadan şikayətimizi əsassız hesab edb. Ülvi Quliyev seçiciləri qanunda qadağan olunan vasitələrlə ələ almağa çalışır, şirnikləndirici addımlar atır. O, hətta təşviqat materialı kimi yapışdırılmış plakatlara qanunla tələb olunan rekvizitləri qeyd etməyib”. 
Həmin dairədən deputatlığa namizəd Ramil Rüstəmov çıxışında Ü. Quliyevin əməllərinə MSK-nın hüquqi qiymət verəcəyinə inandığını bildirdi və bunun ölkə başçısının iradəsinə, İlham Əliyevin seçkilərin demokratik və şəffaf keçiriləcəyi ilə bağlı fikirlərinə hörmət əlaməti olacağını qeyd etdi. 
Deputatlığa namizəd Nişat Mehdiyev isə Ü. Quliyevin 4 saylı məntəqənin yerləşdiyi Bakı 2 saylı Baza Tibb Kollecinin inzibati binasında qanunsuz olaraq seçicilərlə görüşü adı altında seçki dairəsinə aidiyyəti olmayan müəllim, tələbə və texniki işçilərin zorla cəlb olunduqlarını açıqladı. 
Deputatlığa namizəd Garay Əsədov da digər həmkarlarının dediklərini təsdiqlədi və DSK tərəfindən namizədlər üçün qeyri-bərabər şəraitin yaradıldığını pislədi. 
Deputatlığa namizəd Vəfa Rüstəmin səlahiyyətli nümayəndəsi Mədinə Rüstəmova da namizəd Ülvi Quliyevin təbliğat və təşviqatında kifayət qədər qanun pozuntusuna rast gəldiyini dedi:
 
“Ülvi Quliyev seçiciləri aldadır, hakimiyyətin namizədi kimi özünü cəmiyyətə təqdim edir”. 
Sonda namizədlər hüquq müstəvisində sona qədər mübarizə aparacaqlarını bəyan etdilər.
Qeyd edək ki, 15 saylı Yasamal seçki dairəsindən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də namizəddir. Lakin bəlli olduğu kimi artıq dünən Müsavat Partiyası seçkidən çəkilmək barədə qərar verib. 
 
Deputatlığa 115 saylı Şəki seçki dairəsindən namizəd, keçmiş deputat İkram İsrafilin dünən seçicilərlə görüşündən öncə oğlu avtomobil qəzası keçirib. İkram İsrafil Şirinbulaq kəndində seçicilərlə görüşə gedərkən oğlunun idarə etdiyi avtomobilin təkəri partlayıb və maşın yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil bərk zədələnsə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb.
İkram İsrafilin verdiyi məlumata görə, qəza səbəbindən seçicilərlə görüşü ləngiyib. 
Seçkilərdə "exit-poll" keçirəcək təşkilatlardan biri “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə “Trend” informasiya agentliyinin maliyyə və informasiya dəstəyi ilə "exit-poll" keçirməsi ilə bağlı dünən mətbuat konfransı keçirib.
 
Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində ”exit poll" keçirib".
 
İ.Yaqubova bildirib ki, mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək: “Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ”exit poll" Azərbaycanın bütün rayonlarını əhatə edəcək. “Exit poll”un nəticələri seçki günü saat 20:00-a qədər açıqlanacaq".
Mərkəz sədri bildirib ki, hazırda “exit poll” keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq.
İ.Yaqubovanın sözlərinə görə, mərkəzin ümumilikdə 10 minə yaxın kadrı var: “Budəfəki ”exit poll"un keçirilməsində 2600-ə qədər kadr cəlb olunacaq. Çalışırıq ki, əsasən gəncləri cəlb edək ki, onların da seçki təcrübəsi olsun".
 
Onun sözlərinə görə, kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir: “Lakin kadrlara yol xərcləri və digər xərclər üçün müəyyən vəsait verilir. Ümumilikdə, budəfəki ”exit poll"un keçirilməsinə 33 min manat vəsaitin xərclənməsi nəzərdə tutulur".
 
Seçkilərdə “exit-poll” keçirəcək daha bir qurumun-"RƏY" Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov da dünən mətbuat konfransı keçirib. 
 
R.Abbasov noyabrın 1-də “RƏY” Monitorinq Mərkəzinin Bakı və Sumqayıtda 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində “exit-poll” təşkil edəcəyini bildirib. 
 
O deyib ki, “exit-poll” “RƏY” Monitorinq Mərkəzinin könüllüləri və təşkilatın öz maliyyəsi hesabına keçiriləcək. “Exit-poll”a 100-ə yaxın intervyuer cəlb olunacaq. “RƏY” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrinin seçkilər bitəndən 1 saat sonra açıqlanacağını bildirib. 
Xatırladaq ki, bu, “RƏY”in ilk “exit-pol”u olsa da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən indiyə qədər bütün seçkilərdə “exit-pol” keçirib. Bu təşkilatın keçirdiyi “exit-pol”un nəticələri seçki komissiyasının elan etdiyi nəticələrlə demək olar ki, eyni olub. Müxalifət təşkilatları və namizədləri “ELS”in keçirdiyi “exit-poll”dan həmişə narazılıqlarını ifadə ediblər və bildiriblər ki, bu qurum hakimiyyətə bağlıdır.
Cia.az