|
Hüquq müdafiəçiləri həbs edilən MTN-çiləri müdafiə edəcəklərmi?
MTN-də baş verən məlum olaylardan 12 gün ötür. Sabiq nazir Eldar Mahmudovun çevrəsinə yaxın olan şəxslərin həbsi dalğası genişlənir.  2005-ci ildə də buna bənzər hadisələr yaşanmışdı. Səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifələrindən azad olunmuş, barələrində həbs qərarı verilmişdi. 
O zaman hüquq müdafiəçiləri məsələyə dərhal reaksiya vermiş, həbs edilən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində nəzərə çarpacaq işlər görmüşdülər. Hətta sabiq nazirlər siyasi məhbus elan olunmuşdular. Hazırda bunun əksini görürük. 
Maraqlıdır, gözləmə mövqeyi seçən hüquq müdafiəçiləri “MTN işi” üzrə həbs edilən şəxslərin hüquqlarının müdafiəsi, yaxud siyasi məhbus elan olunmaları istiqamətində hansı işləri görəcəklər? 
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu həbs edilən şəxslərin siyasi məhbus elan olunmalarının mümkünsüz olduğunu söylədi: “100 faiz onların  siyasi məhbus olma ehtimalları yoxdur. Çünki MTN-in əməkdaşlarını dövlətimizin qoruyucusu kimi tanıyırdıq. Hazırda xalqımız böyük təşviş içərisindədir. MTN-i ən güclü qurum kimi bizə təqdim edirdilər. Biz də çox arxayın idik ki, ölkəmizdə pis bir hadisə baş verməz, dövlətimizə hücumlar olmaz. Amma belə çıxır ki, MTN bizneslə daha çox məşğul olub. Neçə gündür özümə gələ bilmirəm. Azərbaycanımızı MTN-ə əmanət etmişdik. Təəssüf ki, bunlar da sonda belə çıxdılar. Onların siyasi məhbus olmaları mümkün deyil. Əli İnsanov və Fərhal Əliyev ona görə siyasi məhbus adını aldılar ki, onları dövlət çevrilişi etməkdə suçlayırdılar. Amma orada mənimsəmə var idi. ”MTN işi" üzrə həbs edilən şəxslərin heç biri siyasi məhbus kateqoriyasına cavab vermirlər. Onu da qeyd edim ki, əgər onların hüquqları pozularsa, qorumağa hazırıq. Bizim vəzifə borcumuzdur". 
İşçi Qrupunun digər üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, həbs edilən şəxslərin həbsində siyasi motiv olub-olmadığı məlum deyil: “Hazırda Azərbaycanda qəribə olaylar yaşanır. Əgər doğru məlumat verilsə, hər şey ortaya çıxacaq. Amma o ittihamlarla bu şəxslər həbs olunubsa, iqtisadi cinayət hesab olunur. Buna görə də siyasi məhbus olmalarına zəmin yoxdur. Biz hüquq müdafiəçiləri olaraq and içmişik ki, öz münasibətlərimizə uyğun yox, qərəzsiz hüquqları pozulan hər bir şəxsin yanında olacağıq. Qanun pozuntusu varsa, müdafiə etməliyik. Baxmayaraq ki, buna mənfi münasibət var”.
 
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı həbs edilən MTN-çiləri müdafiə etməyəcəyini bəyan etdi: “Hüquq müdafiəçisi olaraq, onların hüquqlarını müdafiə etmək fikrində deyiləm. Təşkilatımız sosial-iqtisadi, əmək-mülkiyyət hüquqlarının müdafiəsi ilə məşğuldur. İşdən azad olunanlar dövlətin təhlükəsizliyini qoruyan bir qurumun işçiləridir. 
Mülki şəxslər deyillər. Bu şəxslərin siyasi məhbus elan olunması üçün etdikləri cinayətlərin siyasi, yaxud ictimai fəaliyyətlə bağlı olduğu sübut olunmalıdır”.
Cia.az