|
Yük maşını 15 metrdən dərəyə yuvarlandı

Bu gün Ələt-Astara avtomobil yolunun 52-ci km-də, Kür çayının Salyan şəhərindən keçən hissəsindəki körpünün üstündə yol qəzası baş verib.

Çuxanlı kəndinə sərnişin daşıyan və Salyan rayon sakini Həmid Həmidovun idarə etdiyi marşrut mikroavtobusu ilə “EVRASCON” şirkətinə məxsus “Mercedes” markalı yük maşını toqquşub.

Çəkilməkdə olan Ələt-Astara avtomobil yoluna torpaq daşıyan yük maşınının sürücüsü, Mingəçevir sakini Şahin Nağıyev yağışlı havada qəzadan yayınmaq üçün maşını yolun kənarına çəkmək istəsə də avtomobil idarəetməni itirərək 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Əslində qəzanın qurbansız ötüşməsinə də elə bu kömək olub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, onlara tibbi yardım göstəriləndən sonra evlərinə qayıdıblar. Faktla bağlı araşdırma aparılır.