Azərbaycanlıların Borçalıya kütləvi qayıdışı Tiflisdə narahatlıq doğurub; Qazax-Borçalı bölgəsinin xalçaları və Qafqazın atlasına görə Tiflis Bakıya nota vermək istəyir; gürcü tarixçi təzyiqlər qarşısında niyə geri çəkildi?
Azərbaycan və Gürcüstan arasında nifaq toxumunun səpilməsi istiqamətində destruktiv qüvvələr yenidən ciddi şəkildə hərəkətə keçib. Bunu ötən həftə Tiflisə səfərimiz zamanı ünsiyyətdə olduğumuz ayrı-ayrı azərbaycanlılar da açıq şəkildə söylədilər
Azərbaycanda tarixi həqiqətlərdən bəhs edilən hansısa materialın dərci belə, qonşu ölkədə ciddi şəkildə sərf-nəzər edilir və ölkəmizə qarşı meyllərin baş qaldırması üçün çabalar göstərilir.
Hətta Azərbaycan Gürcüstanı mavi yanacaqla təmin etməsinə baxmayaraq, ölkənin qaz idxalının Rusiyanın hesabına təmin olunması istiqamətində prosesə start verilib. Adının çəkilməsini istəməyən məlumatlı mənbələrin dediyinə görə, burada əsas funksiyanı gürcüləşmiş ermənilər öz üzərinə götürüb və onlar həm hökumətdə, həm də parlamentdə söz sahibi olduqları üçün Azərbaycan-Gürcüstan əlaqələrini zəiflətmək, Rusiyanın rəsmi Tiflisə təsirini maksimuma qaldırmaq üçün hər şey edirlər. Rusiyanın “Qazprom” şirkətinin Gürcüstana girişinə etiraz əlaməti olaraq müxalifət aksiyalar keçirməyi planlaşdırır.
Lakin hələlik hakimiyyətin mövqeləri güclü olduğundan Rusiya projelərinin gerçəkləşməsi ehtimalı böyükdür. Hətta SOCAR-ın yanacaqdoldurma məntəqələrindən yanacaq dolduranlar arasında guya burada satılan yanacağın keyfiyyətsiz olması barədə antitəbliğat aparılır ki, “LUKoil” məntəqələrinə axın artsın. Təxribatlar isə bununla bitmir.
Bir müddət öncə Gürcüstanın Təhsil Nazirliyi Gavaxeşvili Universitetinin rektorunun adına məktub göndərib. Məktubda qeyd olunub ki, Azərbaycanda çap olunan Cənubi Qafqazın xəritəsi və “Qazax-Borçalı bölgəsinin xalçaları” kitabı “Azərbaycanın bəzi qüvvələrinin qeyri-konstruktivliyi və siyasi ambisiyalarının təzahürüdür”. Hətta məlumata görə, gürcü tərəfi bu materiallara görə rəsmi Bakıya nota göndərməyi müzakirə edir. Ancaq hələlik rəsmilər hesab edir ki, Bakıya rəsmi cavab vermək lazımdır.
Üstəlik, Azərbaycan həqiqətlərini yayan, Qarabağın erməni işğalında olduğunu hər zaman bəyan edən gürcü tarixçisi Quram Marxulia “Qazax-Borçalı bölgəsini xalçaları” kitabının redaktoru olsa da, onu bu kitabdan imtina etməyə məcbur ediblər. Tarixçi alim hədə-qorxular qarşısında geri çəkilməyə vadar olub. Həmin kitabda Azərbaycan xalçaları ilə bağlı yalnız tarixi həqiqətlər əksini tapsa da, gürcü hakimiyyəti Azərbaycan türklərinin fəallığının artmasından, tarixi ərazilərə qayıdışın intensivliyindən ehtiyatlandığı üçün bu kimi addımlara qərar verir.
Soydaşlarımız deyir ki, xüsusilə də Elat bayramının keçirilməsi və Azərbaycan türklərinin birliyi istiqamətində addımların artması bəzi anti-Azərbaycan qüvvələrinə bəhanə verib. Tiflisdə olarkən öyrəndik ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə bağlı böyük antitəbliğat işləri aparılır. Gürcü şovinistlər onu “pantürkist” adlandırırlar.
Paralel olaraq gürcü hakimiyyəti erkən evlilik layihəsinə start verib. Keçənilki siyahıyaalınma nəticəsində Gürcüstan əhalisinin sayının 700 min nəfər azalması məlum olub. Gürcü hakimiyyəti də azərbaycanlıların sayının çoxluğundan daha çox ehtiyat etməyə başlayıb. Gürcü demoqrafları azərbaycanlıların sayının ölkə əhalisinin sayının 15 faizini təşkil edəcəyindən ehtiyatlanır.
Keçmiş ombudsman, hazırda QHT rəhbəri və alim Nana Devdaryani hökumətə 30 səhifəlik hesabat göndərib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanda demoqrafik təhlükə mənbəyidir. Bunun üçün də azərbaycanlıların yaşadığı bölgələrdə “erkən nikahların qarşısının alınması” adı altında proses başladılıb. Bu işlər də faktiki olaraq Azərbaycan fəallarının və bəzi QHT-lərin əli ilə həyata keçirilir. Hansı ki erkən evlilik bütün ölkə əhalisində var. Ermənilərdə isə daha çoxdur. Ombudsman qanun layihəsi irəli sürüb ki, erkən nikah halında məhkəmə evliliyə icazə versin. Hazırda erkən nikahlara görə qeyri-rəsmi halda sərt qaydalar tətbiq edilir, cərimələr alırlar. Lakin məsələnin obyektiv tərəfinin olduğunu deyənlər də tapıldı.
Marneuli orta məktəbinin ingilis dili və informatika müəlliməsi Xalidə Kərimova deyir ki, gürcülər azərbaycanlıların artmından çox narahatdır: “Yuxari Orzman və Qızılhacılı kəndlərində insident baş verib. Azyaşlı qızlar ərə verilib, rəsmi qurumlara da məlumat çatdırılıb və toy sahibləri hər biri 10 min lari - 5 min manat - cərimələnib. Polis toya müdaxilə edib və xəbərdarlıq edib, toy başa çatandan sonra isə bəylə gəlin polis idarəsinə aparılıb və cərimələr kəsilib. Qanunla 18 yaşda nikaha icazə verilir. Ancaq bəzən 16 yaşında qızlar ərə verilir, bu da problemlər yaradır. Azyaşlıların ailə qurmasına qarşı mübarizə aparılması əslində yaxşı haldır ki, qızlar daha çox təhsilə fikir versinlər. Amma çox sərt üsullar da insanları narazı salır”.
X.Kərimova deyir ki, artıq azərbaycanlılarda qızların ali təhsil almasına maraq artıb: “Tiflisdə universitetlərin hazırlıq kurslarına qəbul olanların əksəriyyəti qızlardır. Azərbaycan da bu məsələdə bizə yardımçı olur. SOCAR-ın köməkliyi ilə gənclərimiz ali təhsil almaq imkanı qazanır. Bir-iki erkən nikah faktı olanda isə rəsmi qurumlar bu faktları daha çox tirajlayırlar. Gürcü tərəf 4+1 proqramı ilə Azərbaycan uşaqlarının daha çox maariflənməsinə çalışır”.
Gürcüstanın “Meydan bazar” adlı tarixi ünvanında adətən azərbaycanlılar toplaşıb mərasimlər keçirirdi. İndi isə ermənilər əlamətdar günlərdə bu yeri ələ keçirirlər. Həmin ünvanda Sayat Novanın abidəsinin qoyulması artıq ermənilərin əlinə əlavə arqument verib. Tiflisin hamamlar məhəlləsi kimi tanınan “Şeytanbazar”ında vaxtilə minlərlə azərbaycanlı ailə yaşayıb. Ancaq hazırda orada soydaşlarımızın sayı ermənilərlə müqayisədə azlıq təşkil edir.
Ermənilər azərbaycanlıların mülklərini zor-xoş ələ keçirib, ya da aşağı qiymətə satın alıblar.
Nəriman Nərimanovun adını daşıyan muzeyin dağıdılması, Heydər Əliyevin adına teatrın təmirsiz vəziyyətdə olması, digər bu kimi faktlar da soydaşlarımızı üzür.
Rəsmi Bakının məsələyə müdaxiləsini xahiş edirlər. Ancaq ürəkaçan nümunələr də var. Gürcü dilinin öyrənilməsi prosesi isə sürətlənib. Marneulidə gürcü evləri açılıb, hətta təhsilsiz yaşlı insanların da gürcü dilini öyrənməsi imkanı yaradılıb. Aşıq Nargilə Mehdiyeva deyir ki, Londondan yenicə qayıdıb, ardınca Fransa və Hollandiyaya dəvət alıb. Eyni zamanda M.F.Axundov adına muzeydə də dərs keçir. Deyir ki, tələbələri arasında iki ingilis, bir gürcü də var.
Gürcüstan hakimiyyəti isə vəziyyətin getdikcə ağırlaşmasını yaxşı dərk edir. Belə bir ərəfədə azərbaycanlıların qayğısına qalmaq üçün xüsusi proqramın həyata keçirilməsi o qədər də real görünmür. Torpaqları əllərindən alınan, toponimləri dəyişdirilən, zaman-zaman paytaxtdan sıxışdırılıb çıxarılan insanlara illərdir sadəcə vəd verilir. Gürcü və ermənilərdən fərqli olaraq azərbaycanlılar daha səbirli və siyasi proseslərdən uzaqda durmağı üstün sayan toplumdur, bunu Tiflisdə də yaxşı bilirlər. Ancaq ölkədə vəziyyət ağırlaşdıqca, lari ucuzlaşdıqca əhalinin etirazları da artır.
Artıq elektrik enerjisi bizim pulla 5 qəpik, benzin 15 qəpik bahalaşıb. Hökumət ucuzlaşma vədi versə də, təqribən 6 ay ərzində qiymətləri endirsə də, daha sonra bahalaşmaya qərar verib. Bu da ictimai etirazı artırır. Tiflisdə dedilər ki, gürcü hökumət qarşıdakı qışdan necə çıxacağını düşünür, azərbaycanlıları yox. Üstəlik, 300-500 min nəfər arasında olduğu deyilən azərbaycanlı toplumun parçalanmış durumda olması da gürcü hökumətin işinə yarayır. Hətta bəzən parçalanmaların stimullaşdırılması işində soydaşlarımız da iştirak edir...
Cia.az
