|
Azərbaycanda psixoloqlara “yaşıl işıq” yandırıldı...
Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda göstərilir ki, ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir.
İnsanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcək. 
 
Azərbaycanda ailədaxili problemlərin həlli üçün ailə psixoloqu institutunun yaradılacağı da gözlənilir. Bu, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası” layihəsindəki təkliflərdən biridir.
 
Ailə psixoloqu institutunun yaradılması bu gün üçün çox mühüm məsələdir. Çünki mövcud durumda ailədaxili məsələlərin tənzimlənməsi, ailədə normal mühitin yaranması çox vacibdir.
Hesab edilir ki, kənar müdaxilə olduqda, qadın və kişinin psixoloji, fizioloji uyuşması düzgün olmadıqda ailədəki münasibətlərdə gərginlik yaranır. Bu da sonra münaqişələrə və cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır. Ailə psixoloqu institutlarının yaradılması yolu ilə bu kimi problemlərin həll edilməsi nəzərdə tutulur.
 
Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.
Psixoloji xidmət xalis praktik təşkilatdır. Psixoloji xidmətin əsas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll etməkdən ibarətdir. İnkişaf etmiş ölkələrdə həmin məsələyə xüsusi diqqət yetirilir. Hətta keçmiş Sovet Ittifaqında ictimai həyatın müxtəlif sahələrində psixoloji xidmət 80-ci illərin sonu - 70-ci illərin əvvəllərindən etibarən təşkil olunmağa başlamışdır.

Psixoloji xidmətin yeni və perspektivli bir sahəsi - ailə xidməti formalaşmışdır, lakin qeyd etmək lazımdır ki, hələ bizdə psixoloji xidmətin vahid sistemi yoxdur. Hələ də bir çox zavod və fabriklərdə, psixoloji xidmət məsələlərinə əslində əhəmiyyət verilmir. 
 
Psixoloji xidmət prosesində bir tərəfdən rəhbər işçilərə, mühəndislərə və s., digər tərəfdən, vətəndaşlara müxtəlif formalarda əməli məsləhətlər və tövsiyələr verilir. Ailədə və kollektivdə mənəvi psixoloji iqlimin yaradılması, konfliktlərin aradan qaldırılması kimi məsələlərin həllində psixoloji yardım göstərilir. Bu zaman qeyri-adekvat reaksiyaları və davranış formalarını aradan qaldırmaq məqsədilə psixoloji korreksiya üsullarından da istifadə olunur. Hazırda sənaye, kütləvi komunikasiya və təbliğat, hüquqa zidd davranışla mübarizə, ticarət, məişət xidməti avtomobil nəqliyyatı və başqa sahələrdə psixoloji xidmətin müxtəlif formalarından istifadə zəruridir.
 
Amma bu məqamda insanlarımızı daha çox psixoloqla psixiatr arasındakı fərq məsələsi düşündürür. Maraqlıdır ki, fərqi dərk edənlər sayca çox deyillər. 
 
Tibbi ədəbiyyatlarda isə qeyd olunub ki, psixologiya və psixiatriya ruhi sağlamlıqla bağlı sahələrdir. Hər ikisi eyni sahəylə bağlı olsa da, aradakı yeganə fərq psixiatrların tibb təhsili almasıdır. Buna görə fiziki səbəblərdən doğan psixoloji problemlərin həlli üçün psixiatra müraciət edilir. Bu cür problemlərlə bağlı dərman müalicəsi müəyyən etmək psixiatrların işidir. Psixoloji problemlə bağlı psixoloq yanına gedənlər dərman müalicəsi üçün psixiatra yönləndirilir.

Psixoloqlar davranışdakı problemləri araşdırır və psixiatrların dərman müalicəsiylə iş tamamlanır.

 
Psixi problemlər beyinlə bağlı fizioloji bir səbəblə əlaqəli ola bilər. Bu halda həmin insana bu düşüncəsinin doğru olmadığını başa salmaq, onun davranışında dəyişikliklər etməyə cəsarətləndirmək psixoterapiyaya aiddir.
 
Bəzən bu işlər psixoloq və psixiatr tərəfindən birgə aparılır. Psixiatr müayinəsindən keçənlər müalicəyə əməl etməklə həm də psixoloq yanına getməyə davam edə bilərlər.  Bəzən isə hər iki müalicə psixiatr tərəfindən aparıla bilər.
 
Psixiatr Orxan  Fərəcli hesab edir ki, bütün dünyada depressiyanın üç səbəbi var: bioloji, sosioloji və psixoloji. Bioloji səbəb həmişə olur. Beyində xoşbəxtlik hormonu deyilən maddənin miqdarı aşağı düşən kimi depressiya başlanır. Psixoloji səbəb isə cəmiyyətdə onu qane etməyən şeylərin çoxluğu və sairlə bağıdır. Sosial səbəb isə özünə qarşı haqqını tələb edə bilməməsidir. Son dövrlər kredit borclarına görə insanların gərginlik yaşaması da səbəblərdən biridir. Amma bu, hər adamda olmur. Kim ki, bu cür situasiyaya meyllidir, depressiya da onda baş verir. Son nəticədə isə insanların yolu psixoloq, psixiatr qapısına düşür. 
Cia.az