ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvandan sonra Bakıya səfər edəcək; prezidentləri görüşdürmək üçün növbəti cəhdlər başlayıb; ekspertlər nə düşünür?
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Diplomatlar ilk olaraq işğalçı Ermənistanın paytaxtına gedib və bir sıra görüşlər keçiriblər.
Ermənistan prezidenti Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiki qəbul edib. Ermənistan prezidentinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə idarəsinin məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və gələcək addımlarla bağlı məsələləri müzakirə ediblər.
Erməni tərəfin sülhə nə dərəcədə “sadiq” olduğunu isə elə cəbhə xəttində son sutka ərzində atəşkəsin 99 dəfə pozulması da sübut edir. Odur ki, diplomatların bu səfərinin də ciddi əhəmiyyət daşımadığını indidən söyləyənlərin arqumentləri ilə razılaşmamaq mümkün deyil. Ancaq bu da var ki, bölgədə kifayət qədər ciddi və gərgin proseslərin cərəyan etməsi şəraitində Qarabağda müharibənin alovlanmasının böyük fəlakətlərə gətirib çıxaracağını hər kəs yaxşı bilir. Ona görə də yay aylarından davam edən gərginliyin minimuma endirilməsi istiqamətində növbəti təmasların ən yüksək səviyyədə təşkili zəruri hesab edilir, həmsədrlər də bu məqsədlə hərəkətə keçib. Diplomatların səfərində əldə oluna biləcək ən böyük uğur prezidentlərin 1 ildir baş tutmayan görüşünü, nəhayət, gerçəkləşdirməkdir. Xatırladaq ki, prezident İlham Əliyev erməni həmkarı ilə 2014-cü ilin 27 oktyabrında Parisdə görüşüb.
ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədir Ceyms Uorlik də bildirib ki, həmsədrlər ilin sonunadək Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşünü təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, İrəvan və Bakı səfərlərində müzakirə edəcəkləri əsas məsələlərdən biri bu görüşü təşkil etməkdir. “Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək. Ona görə də prezidentlərin görüşü referendumdan sonra ilin sonunda təşkil edilə bilər” deyə, Uorlik vurğulayıb. Amerikalı həmsədr deyib ki, danışıqlar prosesi prezidentlər səviyyəsindən aşağı məqamlarda intensivləşdirilməlidir: “Bu, komissiya, yaxud işçi qrup şəklində ola bilər”.
Ancaq bu ərəfədə amerikalı diplomatın qaçqınların taleyini önə çıxarması, işğal altındakı əraziləri isə “unutması” qəribə vəziyyət yaradır. “Qaçqınların problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Bölgədə yüz minlərlə qaçqın var. Onları mütləq dinləmək lazımdır. Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir” deyə, C.Uorlik vurğulayıb. Həmsədr qeyd edib ki, Azərbaycana səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ icmasının təmsilçiləri ilə də görüşəcəklər. Ancaq gerçəklik budur ki, Ermənistan ordusu işğal altındakı ərazilərdən çəkilməyincə, ərazilər minalardan təmizlənməyincə, infrastruktur bərpa olunmayınca yüz minlərlə azərbaycanlının dədə-baba yurduna qayıtması da mümkün deyil. Lakin diplomat nədənsə, işğal faktını arxa plana keçirir.
Amerikalı həmsədrin ziddiyyətli açıqlaması bununla bitmir. “Ermənistan və Azərbaycan silah tətbiqindən imtina etməlidir”. Uorlik twitter-dəki səhifəsində belə yazıb. O bildirib ki, Ermənistan və Azərbaycan təcavüz və ya qisas aktı olmasından asılı olmayaraq, silah tətbiq etməkdən imtina etməlidir. Ancaq yenə də gerçəklik arxaya keçirilir. Azərbaycan əraziləri işğaldan azad olunsa, o halda bu qədər silah-sursat, orduya ayrılan vəsaitə də ehtiyac qalmaz, xalqımız dinc həyatını yaşayar. Yəni işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin qoyulması heç də normal qarşılana bilməz. Həmsədrlərin belə bir mövqe sərgilməsi isə ədalətin bərpasına imkan verməyən amillərdəndir. Hər halda, 28 oktyabrda Bakıda keçirəcəkləri görüşlərdə diplomatların konkret nə istədiyi bəlli olacaq və Azərbaycanın iradları da onların nəzərinə çatdırılacaq.
Politoloq Arzu Nağıyev hesab edir ki, bu səfər də əvvəlkilərin təkrarına çevrilsə, müsbət istiqamətdə hər hansı bir irəliləyiş gözləmək düzgün olmazdı: “Hazirda İrəvanda olan ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik indi də qaçqınların qayıtması məsələsini ortaya atıb. Məlumdur ki, məhz ATƏT tərəfindən razılaşdırılan Madrid prinsipində bu öz əksini tapıb və ərazi bütövlüyü məsələsindən sonra ikinci müddəadır. Bunun üçün ilk öncə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra işlər görülməlidir, bundan sonra qaçqınların hər iki tərəfdən qayıtmaq məsələsinə baxıla bilər və indiki şəraitdə çox çətin olsa da öz həllini tapa bilər. Bu gün isə bu problemi ortaya atmaq məsələnin həllinin uzanması deməkdir. Bundan başqa, Azərbaycan və erməni rəhbərlərinin görüşü məsələsinin vacibliyini qeyd edən həmsədr eyni zamanda bildirir ki, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (konstitusiya islahatı ilə bağlı referendum ) və prezidentlərin görüşü ilin sonunda təşkil edilə bilər. Referendumun əsas məqsədi prezidentin səlahiyyətlərinin azaldılıb parlamentə verilməsidir və yəqin ki, səlahiyyətlər parlamentə verildikdən sonra Serj Sərkisyan cavabdehliyi öz üzərindən atmaq üçün növbəti addım kimi parlamentdən icazə istəyəcək və bu görüşün baş tutmamasına çalışacaqdır. Bir sözlə, müsbət istiqamətdə hər hansı bir yenilik gözləmək düzgün olmazdı. Sürpriz ondan ibarət ola bilər ki, Sərkisyan görüşdən imtina etsin və belə bir şəraitdə görüş heç Azərbaycan tərəfini də qane etmir”.
Prezidentlərin BMT Baş Assambleyası çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşündə Rusiya maraqlı olmadı. Eyni zamanda Qazaxıstandakı MDB toplantısında da Putin tərəfləri bir araya gətirmədi. Bu mənada növbəti görüş razılaşmasına Moskvanın hansısa sürprizlərinin olması da istisna edilmir. Çünki Rusiya postsovet məkanında proseslərin öz nəzarətindən çıxmasını istəmir. Ancaq politoloq Qabil Hüseynli hesab edir ki, prezidentlər elə Moskvada görüşə bilərlər: “Çünki İlham Əliyev və Serj Sərkisyan Moskvanı daha münasib hesab edirlər. Bunun səbəbi odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı Rusiya status-kvonun dəyişdirilməsində maraqlı kimi görünür. Moskva Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun mərhələ-mərhələ Azərbaycana qaytarılması məsələsində konstruktiv mövqedə dayandığını göstərmək istəyir. Düşünürəm ki, görüşün gündəliyini və yerini müəyyənləşdirmək çətin olmayacaq” (modern.az). Politoloq qeyd edib ki, prezidentlər görüşsə, Ermənistan tərəfi yenə də Dağlıq Qarabağın statusu məsələsini ortaya atacaq: “Ermənistan tərəfi həmişə Dağlıq Qarabağın statusunu önə çəkərək danışıqlar prosesinə əngəl törədib”.
A.Nağıyev isə “Yeni Müsavat”a dedi ki, Rusiya həmişə öz maraqlarından çıxış edir və lazım bilsəydi, bu görüşü təşkil edərdi: “Qorxulusu odur ki, belə görüşlər haqqında hər dəfə anons veriləndə Dağlıq Qarabağın təmas xəttində və sərhəd rayonlarda atəşkəs intensiv surətdə pozulur. Təbii ki, ABŞ-ın təşəbbüsü ələ alması Rusiyanı razı sala bilməz və buna mane olmağa çalışacaqdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında həmsədrlərin bölgəyə növbəti səfərindən real heç nə gözləmədiyini vurğuladı: “Bu səfərin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Birincisi, belə bir görüşün baş tutacağı ehtimalı azdır. Çünki danışıqlarda irəliləyiş yoxdursa, bu görüşün əhəmiyyəti yoxdur. Bu görüşdə daha çox Ermənistan prezidenti maraqlıdır. Rəsmi İrəvan status-kvonun davamına çalışır ki, bu nəticəsiz görüşlər Ermənistanın işinə yarayır. Qarşı tərəf danışıqların davam etməsi görüntüsü yaradır. Həmsədrlər bir də onu istəyirlər ki, prezidentlərin görüşü vasitəsilə cəbhə bölgəsindəki sakitlik bərpa olunsun. Bu amil də rəsmi Bakının maraqlarına cavab vermir. Çünki Azərbaycan hakimiyyətinin yeni hərbi strategiyasına görə işğalçını daima təzyiq altında saxlamaq lazımdır. İkincisi, prezidentlərin görüşünün baş tutacağını ehtimal etsək belə, bu, növbəti nəticəsiz görüşlərdən biri olacaq. Belə bir görüş isə cəbhə bölgəsindəki vəziyyəti daha da gərginləşdirəcək”.
E.Şahinoğlu da bu arada, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin qaçqınların geri qayıtmasının vacibliyi barədə dediklərini diqqətçəkən məqam kimi dəyərləndirdi: “Bu açıqlama Azərbaycanın çoxdan tələb etdiyi şərtlərdən biridir. Ancaq Uorlik bu açıqlamasının reallığa çevrilməsi üçün Ermənistan hakimiyyətinə nəsə təklif edirmi? Vaxtilə Uorlik Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini də dilə gətirmişdi. Müsbət açıqlama idi, ancaq bunun da davamı gəlmədi. Bir sözlə, həmsədrlərin fəaliyyəti yalnız söz yığnağından ibarətdir. Əvvəl yenə Madrid planından danışılırdı, indi bu da yaddan çıxıb”.
Uorlikin tərəfləri silahlardan imtinaya çağırmasına gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, bu da bizim xeyrimizə deyil: “Düşmən daima təzyiq altında olmalıdır. Təzyiq olmasa, Ermənistanın geri çəkilməyə nə marağı olacaq?” Ekspert deyir ki, Moskva istənilən zaman təşəbbüsü ələ bilər: “Sadəcə, hələ ki buna ehtiyac yoxdur. Moskva həm Ermənistana, həm də Azərbaycana təsir etdiyini düşünür”. Deməli, prezidentlər görüşəcəksə, Moskvanın da razılığı olacaq? E.Şahinoğlu: “Əlbəttə. Çünki rusiyalı həmsədr məsələnin mahiyyətindən xəbərdardır. Yoxsa Uolik istəyir deyə prezidentlərin görüşü mümkün olmaz. Uorlik Moskvanın da istəkləri ilə hesablaşmaq məcburiyyətindədir”.
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə gözlənilən görüşdən danışan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov modern.az-a açıqlamasında görüşün vaxtının məlum olmadığını bildirib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı azərbaycanlı icmasının mövqeyi müzakirə olunacaq: “Bizim əsas istəyimiz işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır və bu istiqamətdə danışıqlar gedir. Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindən çıxarılmalı və torpaqlarda tezliklə legitim hökumət bərpa olunmalıdır. Bu baxımdan da Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərin keçirilməsində maraqlıdır, amma görüşün nə zaman baş tutacağı məlum deyil”.
Gözləyək, görək sayı-hesabı bilinməyən həmsədrlərin səfərlərinin növbəti seriyası nə ilə bitəcək..? Ən azı davranışlarda Uorlikin yazdığı kimi, qaçqınların Qarabağa qaytarılması məsələsində diplomatların nə dərəcədə ciddi olub-olmadığı aydınlaşacaq...
Cia.az
