|
Qərbin Avropada partlayan “demokratiya bombaları”...

Avropa sarsıntı içərisindədir. “Qoca qitə”nin siyasi liderləri Avropanı üzləşdiyi son problemdən necə xilas edəcəklərini hələ də dəqiqləşdirə bilməyiblər. Çünki Avropa bu problemlə gözlənilmədən üzləşib. Yaxın Şərqdən canını götürüb, qacan hər kəs Avropaya üz tutur. 

Dünyanı barmaqlarına dolayan avropalılar isə “odla su arasında” qalıblar. Yaxın Şərqdən qaçanları “qoca qitə”yə buraxmaq istəmirlər. Qaçqın köçünün qarşısını almaq, heç olmasa, ağzını başqa istiqamətə çevirmək üçün əllərindən kələn hər şeyi edirlər. 
Ancaq mümkün olmur. Çünki qaçqınların üz tutacağı başqa uyğun məkan yoxdur. Bu üzdən də qaçqınlar israrlı davranırlar. Qovulsalar da geri çəkilmirlər. Avropa ölkələrinə girə bilmək üçün bütün variantlardan yararlanırlar.
“Qoca qitə”nin siyasi liderləri isə ifrat zorakılığa, Avropanın qapılarını onların üzünə qətiyyətlə qapatmağa risk etmirlər. Çünki bu halda bütün dünyanın “başına corab hörmək” üçün istifadə etdikləri “demokratiya” adlı silahları əldən çıxar. Yəni “dünyaya demokratiya yayan avropalılar suriyalı qaçqınları döyüb, qovdular” məzmunlu ittihamlardan qorxurlar.
Əslində, indi Avropanın başına gələnlər də elə vaxtilə “demokratiya silahından açılan atəşlər”dən qaynaqlanır. Belə ki, bu gün Avropanın məruz qaldığı qaçqın axını ABŞ və Qərbin Yaxın Şərqə tökdüyü “demokratiya bombaları”nın məntiqi nəticəsidir. 
Məsələ ondadır ki, ABŞ və Qərb demokratiyanı bütün dünyaya yaymaq missiyasını öz üzərinə götürüb. Vaxtilə özlərinin bəslədikləri, indisə işlərinə yaramayan bəzi Yaxın Şərq despotlarını diktatura qurmaqda suçlayırlar. Və həmin despotların ölkələrində diktaturanın çökdürülməsinə, əvəzindəsə, demokratik rejimlərin qurulmasına çalışdıqlarını iddia edirlər.
Əslində, çox yaxşı bir missiyadır. Ancaq “Zahidin zikri ilə fikri üst-üstə düşsün, gərək...” 
 
Zahid (Qərb) hər imkanda demokratiyanı zikr edir. Yaxın Şərq ölkələrinə demokratiya gətirmək istədiyini təkrarlayır. Ancaq fikirləri buna uyğun gəlmir.
 
Belə ki, demokratiya gətirmək istədiyi ölkələrə bomba yağdırır. Guya ki, bunların insanların başına yağdırdıqları bombalar partladıqdan dərhal sonra ətrafa fəlakət deyil, məhz demokratiya yayılacaq. 
 
Halbuki bu “demokratiya bombaları”nın partlaması nəticəsində minlərlə insan ölür, evlər dağılır, xaos yaranır. İnsanların ölməsindən heç narahatlıq keçirən də yoxdur. Bu, qətiyyən təəccüblü deyil. Çünki günahsız insanları “demokratiya bombaları” ilə öldürənlər, axı, onların doğumuna para xərcləməmişdilər ki... 
 
Bəli, “demokratiya bombaları” partlayıb, öldürsə də demokratiyadan əsər-əlamət belə, görünmür. Deməli, yağlı vədlərlə “demokratiya”nı zikr edən Qərbin fikri tamamilə başqadır.
 
Ancaq unutduqları və ya nəzərə almaq istəmədikləri bir önəmli məqam var. O məqam da “çomağın iki başı”nın olmasıdır. Belə ki, Qərbin başqalarının başına vurduğu çomağın ikinci başı artıq Avropanın başına da dəyməyə başlayıb.
 
Yəni Qərbin “demokratiya bombaları”nın dağıtdığı ölkələrdəki səfalətdən xilas olmağa, həyatda qalmağa çalışan günahsız insanlar indi birbaşa üz tutduqları Avropaya sözün əsl mənasında, basqın edirlər. 
Avropanın isə indiki böhran şəraitində bir belə qaçqını yerləşdirib, yedirtməyə imkanı yoxdur. Hətta imkanı olsaydı belə, bu qaçqın köçü Avropanın gələcək taleyi üçün ən real təhlükə mənbəyidir.  
Çünki qaçqınlar Avropaya buraxılsalar, Qərb dövlətləri yaxın gələcəkdə sürətlə müsəlmanlaşa bilər. Və Avropa müsəlmanların idarəçiliyinə keçər.
 
Bunu çox gözəl anlayırlar. Ona görə də, nicat yolu kimi Türkiyəyə üz tutublar. Rəsmi Ankaradan qaçqınların Türkiyə ərazisində yerləşdirilməsini xahiş edirlər. 
 
Bunun əvəzində isə rəsmi Ankaraya Türkiyənin Avropa Birliyinə qəbul edilməsini və maliyyə dəstəyi vəd edirlər. Halbuki buna qədər Türkiyənin Avropa Birliyinə heç vaxt buraxılmayacağını qətiyyən gizlətmirdilər. 
 
Əslində, indi də bu məsələdə fikirlərini dəyişmiş deyillər. Sadəcə, hazırda “quyruqları qapı arasına qaldığından” yalançı vədlərlə rəsmi Ankaranı şirnikləndirməyə çalışırlar. Çünki indi onların əsas hədəfi nəyin bahasına olursa-olsun, müsəlmanların Avropaya kütləvi köçünün istiqamətini dəyişməkdir. Elə rəsmi Ankara da bunu çox gözəl bilir.
Göründüyü kimi, Avropa qorxunc təhlükə qarşısında çabalayır. ABŞ və Qərbin “demokratiya bombaları” indi artıq Avropanı vurmağa başlayıb. Çıxış yolu tapılmazsa, yaxın gələcəkdə Avropa mənəvi-siyasi cəhətdən əldən gedə bilər.
Cia.az